İntihar xəbərləri çəkindirən formada olmalıdır


Elnur Rüstəmov: "Peşəkar jurnalist xəbəri necə təqdim edəcəyini bilir. Qeyri-peşəkarlara, İP ardınca qaçanlara isə imkan verilməməli, şərait yaradılmamalıdır"

  Azərbaycan  Respublikasının Medianın İnkişafı Agentliyi mühüm bir məsələni gündəmə gətirib: İntihar xəbərləri mediada geniş tirajlanmamalıdır. Son zamanlar mediada yayılan məlumatların təsnifatı aparılsa, həqiqətən də 3-4 informasiya arasında mütləq bir intihar xəbərinin olduğunu görərik. Bu, təhlükəli haldır.  Bu mənada ki, mediada yayılan xəbərlər anında gündəmə çevrilir, həssas qruplar da bundan təsir altına düşür. Məhz bu təhlükəni nəzərə alan “MEDİA” intihar xəbərləri ilə bağlı KİV-ə müraciət etdi. 

Müraciətdə bildirilir ki, son zamanlar bir sıra media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş tirajlanması, xüsusən də yetkinlik yaşına çatmayan şəxslərin özünə qəsd etməsi ilə əlaqədar mövzuları işləyərkən jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla, haqlı olaraq ictimai narazılığa səbəb olur.

 Agentlik xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Audiovizual Şurası və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən bu ilin aprel ayında ölkənin bütün media subyektlərinə tövsiyə olunmuş “Redaksiya siyasəti və peşə etikası qaydaları”nda qeyd olunduğu kimi intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalıdır:  "İntiharın üsulunu və hadisənin detallarını açıqlamaq, başlığa çıxarmaq, mübaliğəyə yol vermək arzuolunan deyil, eyni zamanda jurnalist peşəkarlığının göstəricisi hesab edilə bilməz. Zorakılıq, intihar və s. bu kimi insanların sağlamlığına və təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə və təsir gücünün artırılmasına yol verilməməlidir. Eyni zamanda əhalinin həssas qruplarına, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran məlumat, o cümlədən təsvirlərdən istifadə olunmamalıdır. Xatırlatmağı zəruri hesab edirik ki, uşaqlara münasibətdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə birmənalı şəkildə əməl edilməlidir. Unutmaq olmaz ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir. İntihar halları və bu qəbildən olan digər təzahürlərlə bağlı materialları işıqlandırarkən medianı ictimaiyyət qarşısındakı məsuliyyətinə diqqətlə yanaşmağa və peşəkar həssaslıq nümayiş etdirməyə çağırırıq".

  MEDİA-nın çağırışını şərh edən psixoloq Elnur Rüstəmov “Şərq”ə açıqlamasında qeyd etdi ki, narahatlıq başadüşələndir: 

- Media böyük qüvvədir və bu platformada yayılan məlumatlar, təqdimatdan asılı olaraq cəmiyyətdə ya müsbət, ya da mənfi təsir formalaşdıra bilir. Ona görə də tövsiyə edilir ki, intihar xəbərləri çəkici başlıqlarla, faciəvi şəkildə, başqalarını təsir altına alacaq formada təqdim edilməsin. Bu da jurnalistlərin, media subyektlərinin peşəkarlığından asılıdır. Peşəkar jurnalist xəbəri necə təqdim edəcəyini bilir. Qeyri-peşəkarlara, İP ardınca qaçanlara isə imkan verilməməli, şərait yaradılmamalıdır. Hər bir xəbər cəmiyyətə hesablanmalıdır. 

Bilməliyik və bu gerçəyi unutmamalıyıq ki, yayılan hər b ir xəbər cəmiyyətdə əks-səda verməyə qadirdir. Cəmiyyətdə, ətrafımızda, psixi durumunda problem olan, həssas, psixikası zəif, hətta müəyyən xəstəliyi olan, problemləri ilə baş-başa qalmış insanlar var. İntihar xəbərlərinin çılpaq formada təqdimatı bu insanlara mənfi təsir edə və onları faciəvi addımlara istiqamətləndirə bilər. Kimsə iddia etmir ki, intihar xəbərləri ümumiyyətlə verilməsin, informasiyasız cəmiyyət olsun. Xeyr. Sadəcə cəmiyyətin rifahını, cəmiyyətin sağlamlığını nəzərə alaraq bu tip xəbərlər yumşaq formada, geri qayıdılması, mümkünsüz, əvəzi olmayacaq, doğmalarını, əzizlərini bədbəxt edəcək bir hadisə kimi təqdim edilsin. Xəbər çəkindirən formada olmalıdır, irəli istiqamətləndirən deyil. 

Media da intiharın detallarını işıqlandırmamalıdır. Sosial şəbəkələrdə, xəbər saytlarında çılpaqlığı ilə tirajlanan intihar xəbərləri, əksinə intihara təşviq edir. Xəbərlərin belə çılpaq şəkildə yayılması ölümü adiləşdirir. Bu, böyük təhlükədir və böyük problemdir.