İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramından gözləntilərimiz yüksəkdir
"Yeni təhsil proqramının məzunları gələcəkdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində çalışa biləcəklər"
Cəmiyyətin inkişafının müasir mərhələsi informasiya mühitinin artan rolu ilə xarakterizə olunur. İnformasiya mühiti dövlətin siyasi, iqtisadi, müdafiə və digər sistemlərinə aktiv təsir edən cəmiyyətin həyatının ən vacib faktorlarından biridir. Dövlətin milli təhlükəsizliyi informasiya təhlükəsizliyinin təmin edilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Hazırda informasiya milli strateji resurs olub, dövlətin ən əsas sərvətlərindən biri sayılır. İnformasiyalaşdırmanın təsiri altında cəmiyyətin bütün sahələri çeviklik və dinamiklik kimi yeni keyfiyyətlər almaqdadır. Lakin eyni zamanda informasiya təsirindən ictimai proseslərin potensial zəifliyi artır. İnformasiya təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Respublikasının ən prioritet vəzifələrindən biridir. Dövlət hakimiyyət orqanları və təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutaraq informasiya resurslarının təşkil olunması və istifadə edilməsinə görə öz fəaliyyətlərində məsuliyyət daşıyırlar.
Elmi=texniki tərəqqinin inkişafı artdıqca şəxsiyyətin, cəmiyyətin, dövlətin informasiya təhlükəsizliyi artmaqdadır və onun təhlükəsizliyi dövlət siyasətində müvafiq yeri tutmalıdır. Cəmiyyətin informasiyalaşdırılması səviyyəsinin artması onun informasiya təhlükəsizliyini daha etibarlı edir. Elmi-texniki inqilab nəticəsində yaranan informasiya cəmiyyəti onun əsasını təşkil edən informasiyanı ən mühüm resursa və başlıca amilə çevirib. Cəmiyyət tədricən öz informasiya infrastrukturunun vəziyyətindən müəyyən asılılıq vəziyyətinə düşür. Müasir dövrdə vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiya texnologiyalarının rolunun artması milli təhlükəsizliyin təmin olunması sistemində informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır.
Qeyd edək ki, hər bir cəmiyyətin tərəqqisi elmi-texniki və intellektual potensialın inkişaf vəziyyətindən, ölkənin təhsil sistemindən çox asılıdır. Son zamanlar qlobal texnoloji kontekstdə baş verən sürətli inkişaf yeni peşə kompetensiyalarına, bilik sahələrinə və təcrübələrə olan tələbatın kəskin artmasına səbəb olub.
Bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə müasir tələblərə uyğun yeni təhsil proqramı hazırlanıb. Yeni proqram Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanıb.
Proqram Türkiyə, Almaniya, İsveçrə, Amerika kimi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən hazırlanıb. Proqramın hazırlanması zamanı həm dövlət və həm də özəl sektorda əmək bazarının cari tələbləri, o cümlədən ABŞ-ın Milli Standartlar və Texnologiyalar İnstitutunun (NIST) hazırladığı “NICE Framework”, Beynəlxalq Hesablama Maşınları Assosiasiyası (ACM) və IEEE Kompüter Cəmiyyətinin birgə hazırladığı “Kibertəhlükəsizlik üzrə kurikulum tövsiyələri” kimi beynəlxalq mənbələr araşdırılıb və nəzərə alınıb.
Yeni təhsil proqramı dörd modul – informasiya sistemlərinin preventiv mühafizəsi, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi, informasiya təhlükəsizliyi həllərinin planlaşdırılması və tətbiqi modulları üzrə peşə kompetensiyalarını əhatə edir.
Yeni təhsil proqramının məzunları gələcəkdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə əmək bazarının ən son tələbatına uyğun peşələr üzrə çalışa biləcəklər. Proqram informasiya təhlükəsizliyi ilə yanaşı kibertəhlükəsizlik sahəsində də kadr hazırlığı üçün müvafiq fənlərin tədrisini nəzərdə tutur.
Texnoloj yeniliklər nəzərə alınmaqla, proqrama “Bulud təhlükəsizliyi”, “Elektronika və IoT cihazların təhlükəsizliyi”, “Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi” və s. bu kimi yeni ixtisas fənləri daxil edilib. Tədris olunan fənlər və peşə kompetensiyaları arasında əlaqələrin göstərilməsi, tələbələrin ixtisasları barədə geniş təsəvvürünün yaradılması üçün ixtisasa giriş məqsədi daşıyan “İnformasiya təhlükəsizliyinin əsasları” fənninin tədrisi birinci kursun ilk semestrində nəzərdə tutulur. “Mühəndis etikası”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri” fənləri də proqramda xüsusi yer alır. Qeyd olunanlarla yanaşı, ölkəmizdə proqram təminatı kodlarının təhlükəsizliyinin təmin edilməsi sahəsində yaranmış kadr ehtiyacının ödənilməsi məqsədilə “Təhlükəsiz proqramlaşdırma”, “Nüfuzetmə sınaqlarının əsasları”, “Verilənlər bazalarının təhlükəsizliyi” və s. bu kimi zəruri ixtisas fənlərinin də proqram çərçivəsində tədrisi nəzərdə tutulub.
Yeni proqramda əmək bazarı subyektləri ilə əlaqələrin yaxşılaşdırılması, proqramın əmək bazarının mövcud tələbləri ilə uzlaşdırılması, tələbələrin müvafiq peşə ixtisasına aid aktual məsələlərə dair məlumatlılığının təcrübə əsasında artırılması məqsədi üçün ustad dərsləri də planlaşdırılır. Ustad dərsləri həm yerli və həm də xarici əmək bazarından yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması vasitəsilə təşkil olunacaq.
Proqramda bir çox yeniliklərin olduğu nəzərə alınaraq, ali təhsil müəssisələri və əmək bazarı subyektləri arasında koordinasiya işinin təşkil edilməsi, həmçinin mütəmadi olaraq beynəlxalq təcrübəyə əsaslanan metodiki dəstəyin verilməsi üçün Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) ilə birgə fəaliyyət perspektivləri nəzərdə tutulub.
Bakalavriat səviyyəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə yeni təsdiq olunmuş təhsil proqramı 2022-2023-cü tədris ilindən etibarən tətbiq ediləcək.
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Tural Məmmədov “Şərq”ə açıqlamasında deyib ki, təşəbbüs Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən olsa da, proqramın hazırlanmasında onlar da iştirak edib: “İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramından gözləntilərimiz yüksəkdir. Təhsil sistemində mütərəqqi təcrübənin əsaslarını qorumaqla informasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı dövlət siyasətinin strateji məqsədlərini həyata keçirməyə qadir olan intellektual potensialın formalaşdırılmasında Türkiyə, Almaniya, İsveçrə, Amerika kimi inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınaraq, bakalavriat səviyyəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb.
Bu proqramın daha keyfiyyətli və müasir tələblərə uyğun keçirilməsinə təkan verəcək. Yeni təhsil proqramının məzunları gələcəkdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində çalışa biləcəklər.
Ölkədə kibertəhlükəsizlik ekosistemin inkişafı və dayanıqlığı ilə bağlı yeni tələblər müəyyən olunub. Düşünmək olar ki, yeni təhsil proqramı bu tələblərə uyğun peşəkar kadrların hazırlanması məqsədilə təsdiq edilib”.
İKT ekspertinin sözlərinə görə, bu ixtisas fənləri üzrə tədrisi universitet müəllimləri edəcək. Orda bəzi istiqamətlər daha müasir yanaşmalar tələb edir deyə müəllimlərin professorların özlərinə də ixtisasartırma kimi əlavə treninqlərin keçirilməsi nəzərdə tutulub.
Bu proses kompleks yanaşma tələb edəcək, yəni biz proqramı müasir tələblərə uyğun yaradıb verdik.
Bunu tədris edəcək müəllim-professor heyətinin tədris metodunu da müasir tələblərə uyğunlaşdırmalıyıq.
Bunun üçün "Trainings for trainrs" təlimləri olacaq. Həmçinin şirkət və bizim kimi dövlət qurumlarından da mütəxəssislər tədris prosesinə dəstək üçün müasir texnologiyalar, yeni kibertəhdid növləri və onlarla mübarizə metodlarından, onları analiz və tədqiq imkanlarından master klaslar formatında qısa müddətlik dərslər demək üçün koməklik göstərəcəyik.
Ümumiyyətlə, bu prosesə hər kəs öz dəstəyini göstərməlidir ki, start nöqtəsini uğurla başladaq.