Ordu ilə bağlı düşünülmüş informasiya yaymaq təkcə peşə kodeksinin tələbi deyil, həm də bir vicdan məsələsidir
Azərbaycan Silahlı Qüvvələri tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı törədilən erməni təxribatlarının qarşısının qətiyyətlə alındığı həssas bir dönəmdə müxtəlif sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçilərinin nüfuzdan salınması istiqamətində təxribat xarakterli müxtəlif məlumatların paylaşılması müşahidə edilməkdədir. Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, bu qəbildən olan informasiyaların təhlili zamanı Azərbaycan Ordusu ilə bağlı dəqiqləşdirilməmiş informasiyaların yayılmasının qanunsuz xarakteri diqqətə çatdırılaraq, əsassız informasiya yayan şəxslər barəsində qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq elan edilib.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan 30 il müddətində Ermənistanla münaqişə vəziyyətində olub, haqsız müharibəyə, torpaq və insan itkilərinə məruz qalıb:
“Bu müddət ərzində KİV işçiləri münaqişə bölgəsi, cəbhə xətti, ordu bölmələri, hərbi əməliyyatlar və sair mövzularda necə yazmaq lazım olduğu barədə yetərincə bilgi alıblar. Bu mövzuda qanunlar, sərəncamlar, təlimatlar var, çoxsaylı təlimlər, kurslar keçirilib, müzakirələr aparlıb. “Dövlət sirri haqqında” qanun, “Media haqqında” qanun, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları və digər mənbələr həssaslıq tələb edən mövzularda xəbərlərin hansı standartlar üzrə hazırlanmalı olduğu barədə lazımi istiqamət verir.
Bütün bunlardan sonra hansısa KİV işçisi, sosial şəbəkə istifadəçisi, xəbər istehsalçısı mövzu üzrə material hazırlayarkən yanlışa yol verirsə, mövzuya aid materialları xəbər standartları, qanunlar çərçivəsində deyil, öz düşüncəsinə, dünyagörüşünə uyğun hazırlayıb yayırsa, deməli, burada sadə xətadan söhbət getmir.
Ortada konkret maraqlar və onlara xidmət edən qüvvələr var. Bu baxımdan ordumuzla bağlı dəqiqləşdirilməmiş informasiya yayan şəxslərlə bağlı Baş Prokurorluğun xəbərdarlığı yerində bir addımdır. Əgər hansısa sosial şəbəkə istifadəçisi mövzu üzrə axtarış aparırsa, müəyyən baryerləri keçirsə, məhdudiyyət qoyulan informasiyanı əldə edə bilirsə, deməli, onun xəbər standartları barədə bilgisi, vərdişləri var”.
M.Ələsgərlinin fikrincə, belələrinin yol verdiyi xəta da təsadüfi xarakter daşımır: “Bu baxımdan hüquq-mühafizə orqanlarının bu yöndə diqqətli davranmasının əsası var. Azərbaycan dövləti humanist dövlətdir. Adətən sərt tədbirlər görülməzdən öncə məlumatlandırma, maarifləndirmə işləri aparılır, xəbərdarlıqlar edilir.
Hiss olunur ki, yanlış xəbərin istehsalçısı olan şəxslərə də bu kontekstdən yanaşılır. Dəfələrlə xəbərdarlıq edilir ki, yanlışa yol verməsinlər. Amma zərurət anında hüquqi ölçü də götürülür.
Hər bir azərbaycanlı başa düşməlidir ki, ordu ilə bağlı yaydığı cüzi bir xəbər hansısa bir şəxsin, ailəsinin faciəsi ilə nəticələnə bilər. Yəni bu gün yazılan xəbər düşmənin əlinə keçir və düşmən həmin informasiyadan istifadə edib ordumuza qarşı təxribat törədir.
Nəticədə isə ordumuz itki verir. Deməli, ordu ilə bağlı əsassız xəbər yazmaq təkcə qanunvericiliyin və ya peşə kodeksinin tələbi deyil. Həm də bir vicdan məsələsidir”.