Mətbuat Şurası fəaliyyətini müasir tələblərə və çağırışlara uyğunlaşdıracaq
Qurultaydan təkcə jurnalistlərin deyil, ümumilikdə cəmiyyətin böyük gözləntiləri var
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Mətbuat cəmiyyətin aynasıdır. Əgər mətbuat cəmiyyətin aynasıdırsa, cəmiyyətdə baş verən dəyişikliklər mətbuatın, o cümlədən Mətbuat Şurasının da fəaliyyətində öz əksini tapmalıdır.
Mətbuat Şurasının 24 sentyabr tarixində keçiriləcək VIII qurultayından da gözləntilər əsasən bu istiqamətdədir.
Cəmiyyətin Mətbuat Şurasının yeni seçiləcək sədr və idarə heyətindən ümidləri böyükdür. Hesab edirlər ki, Mətbuat Şurasının bütün media ictimaiyyətinin fikirlərini ifadə edən İdarə Heyəti formalaşmalıdır.
Bəs hansı dəyişikliklər və yeniliklərə yer veriləcək? 8-ci qurultayda kimlərin seçilməsi daha məqsədəuyğundur?
Qeyd edək ki, MŞ İdarə Heyətinə namizədlərin siyahısı olub. Təşkilat Komitəsi yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Qeyd edək ki, qurultayda MŞ İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcəkdir.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az xəbər portalının baş redaktoru Fərid Şahbazlının sözlərinə görə, Azərbaycan jurnalistlərini bir araya gətirən, onların fəaliyyətini koordinasiya etmək funksiyası daşıyan, peşə etik kodeksi qaydalarını hazırlayan jurnalistlərin özünütənzimləmə qurumu olan Mətbuat Şurasının qurultayı media camiyəsində ciddi maraq oyadır. Şuranın idarəetməsində bir neçə dəyərli ziyalılarımız istisna olmaqla digər ənənəvi şəxsləri mütəmadi olaraq görürük. Bu baxımdan da Azərbaycan Mətbuat Şurasının idarəetməsində gənc media mütəxəssisləri, media kapitanları, gənc jurnalistlər də təmsil olunmalıdır: “Hesab edirəm ki, gənc jurnalistlərin Şuraya seçimi Mətbuat Şurasının inkişafı üçün zəruridir, vacibdir. Mətbuat Şurası qloballaşan dünyada, sürətlə inkişaf edən media camiyəsində özünə bir mövqe qazanmaq, Azərbaycan jurnalistlərinin birləşdiyi bir qurum olmaq, Azərbaycan jurnalistlərinin tribunası olmaq istəyirsə, ondan maksimum çeviklik, operativlik və innovativlik tələb olunur.
Bunlara da gənclər olmadan nail olmaq, hesab edirəm ki, mümkün deyil. Biz Mətbuat Şurasında orta yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisini birləşdirməliyik. Mən hesab edirəm ki, buna nail olsaq, yaxşı nəticələr əldə edə bilərik. Eyni zamanda, Azərbaycanda gənc olmasına baxmayaraq kifayət qədər təcrübəli, yalnız ölkə daxilində hansısa bir media strukturuna rəhbərlik etməklə kifayətlənməyib, beynəlxalq əlaqələr qura bilən, xarici kütləvi informasiya vasitələrində yazıları, məqalələri dərc olunan, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq imkanları olan gənclər var. Məncə, Mətbuat Şurası bu imkanlardan istifadə etməlidir. Biz gənc dedikdə heç də adı gənc olub, yanaşması əsrlər öncəyə aid olan istedadsız, bacarıqsız insanları nəzərdə tutmuruq. Gənc olmaq burada kriteriyalardan biridir, amma həlledici kriteriya deyil. Biz Şurada gənc və istedadlı insanları görmək istəyirik. Ümid edirik ki, onlar Azərbaycan media camiyəsinin gənc istedadlı siması olmağı bacaracaqlar. Mətbuat Şurası jurnalistlərin yanında olmağı bacarmaqla bərabər, beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirməlidir. Əgər MŞ dövlət qurumları arasında nüfuzunun yüksəlməsini, sözünün eşidilməsini istəyirsə, ətrafına məhz bacarıqlı, istedadlı, öz fikri, yanaşması olan insanları toplamalıdır”.
Azxəbər.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli isə “Şərq”ə açıqlamasında deyib ki, Mətbuat Şurası fəaliyyət göstərdiyi 19 il ərzində çox böyük işlər görüb, dövlət qurumları ilə jurnalistlər arasında körpü rolunu oynayıb, həssas məqamlarda ortaya konkret mövqe qoyub və jurnalistlərin problemlərinin həllinə çalışıb:
“Amma dəyişiklik çox mühümdür. Mətbuat Şurasının növbəti qurultayından təkcə Azərbaycan jurnalistlərinin deyil, ümumilikdə cəmiyyətin çox böyük gözləntiləri var. Son bir neçə ildi Azərbaycan mətbuatında ciddi islahatlar gedir. Medianın İnkişafı Agentliyinin yaradılması mətbuatımıza yeni nəfəs, yeni yanaşma gətirib. Agentlik tərəfindən həyata keçirilən layihələr, təlimlər, jurnalistlərin işğaldan azad edilmiş bölgələrə səfərlərinin təşkil edilməsi cəmiyyətin mediaya inamını bərpa edib. Belə bir vəziyyətdə Mətbuat Şurasının fəaliyyətsiz bir qurum kimi qalması ürəkaçan deyildi. Ümid edirəm ki, Mətbuat Şurasının yeni sədri və idarə heyəti də bu prosesə dəstək olacaq. Jurnalistlərin sosial problemləri, reklam bazarındakı durğunluq, sosial mediaya inteqrasiya, intensiv təlimlər ön planda olacaq.
Mətbuat Şurası bu qurultaydan sonra öz fəaliyyətini müasir tələblərə və çağırışlara uyğun qurmalıdır. Bu həm qurum üçün, həm də cəmiyyətimiz üçün çox vacibdir: “Düşünürəm ki, qurumun idarə heyətində mütləq gənc jurnalistlər və innovativ insanlar yer almalıdırlar. Biz orta və yaşlı nəslin zəngin təcrübəsi ilə gənc nəslin dinamikasını, çevikliyini bir araya gətirməliyik. Mətbuat Şurası sosial media ilə aktiv iş qurmalıdır, bir növ dışlanmış sosial media subyektləri bu quruma inteqrasiya edilməlidir. Belə olan halda biz sosial mediadakı saxta xəbərlərin, dezinformasiyaların, yalan məlumatların da qarşısını ala bilərik.
Sosial şəbəkələrdə aktiv olan, Azərbaycanın haqq səsini dünyaya çatdıran, beynəlxalq əlaqələri yüksək olan gənc jurnalistlərin qurumda təmsil olunması həm Mətbuat Şurası, həm də Azərbaycan jurnalistikası üçün böyük bir qazanc olacaq.
Ümid edirəm ki, seçkilər demokratik və ədalətli şəkildə keçiriləcək. Cəmiyyətimiz və mətbuatımız artıq eyni simaları görməkdən yorulublar. Biz orada təmsil olunan şəxslərin fəaliyyətinin üstündən xətt çəkmirik. O şəxslərin əksəriyyətinin jurnalistikamızın inkişafında çox böyük xidmətləri olub. Amma dövrün tələblərinə də ayaq uydurmaq lazımdır. Sosial mediada aktiv olan, bu sahə üzrə dünya təcrübəsinə bələd, ölkənin ictimai rəyə təsiri olan şəxslərin qurumda təmsil olunması ən böyük gözləntilərdən biridir.
Bu arada Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin siyahısında öz adımı da görmək çox xoş oldu. Mənə səs verən 63 həmkarımın hər birinə təşəkkür edirəm. Əgər İdarə heyətinə üzv seçilsəm, onların səsi olacam və sosial şəbəkə subyektləri ilə dövlət qurumları arasındakı anlaşılmazlıqların kordinasiyasına çalışacam”.