“Konvergensiya prosesi və hipermətn” mövzusunda vebinar keçirilib


Sentyabrın 28-də Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının birgə təşkilatçılığı ilə “Konvergensiya prosesi və hipermətn” mövzusunda vebinar keçirilib.
Vebinarda müxtəlif media subyektlərinin nümayəndələri, jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan tələbələr, həmçinin Media könüllüləri iştirak edib.

"Sgerg.az"ın məlumatına görə, Vebinarın moderatoru, Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva bildirib ki, vebinarın məqsədi media nümayəndələrinin, xüsusilə gənclərin konvergensiyanın strukturu və xüsusiyyətləri, müxtəlif materialların rəqəmsal şəkildə hazırlanması, fərqli alətlər vasitəsilə yeni məzmun formalarının yaradılması, eləcə də konvergensiyanın əsas məhsullarından olan hipermətnlər və onun əsasını təşkil edən hiperlinklər barədə məlumatlandırılmasıdır.

Sonra “Konvergensiya prosesi və hipermətn” mövzusunda təqdimatla çıxış edən Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərova ənənəvi media ilə yeni media kommunikasiyası arasındakı ümumi konvergensiya sahələrindən və konvergensiyanın strukturundan bəhs edib. Bildirib ki, konvergensiyanın cəmiyyətin bütün seqmentlərinə təsiri olduğundan o, hədəf auditoriyasına asanlıqla yönələ bilir, beləliklə də rəqəmsal marketinq dəyərinin artırılmasına təkan verir. Vəfa İsgəndərova vebinarda dünya praktikasından olan ən uğurlu nümunələr və yerli mediada dərc edilən bu növ məhsullar arasında müqayisələr aparıb, ətraflı izahlar verib.
Vəfa İsgəndərova  sual-cavab sessiyasında vebinar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.