Sosial şəbəkə, yoxsa mənəvi terror “yuvası”?
 

Hacıbəy Heydərli: “Bu platformada dezinformasiyalar paylaşaraq sevmədikləri şəxsləri linç edib "öldürürlər" 

“Mətbuatımız çalışmalıdır ki, cəmiyyətimiz saxta xəbər istehsal edən insanların təsirinə düşməsin”

  Sosial şəbəkələrin ən təhlükəli tərəflərindən biri də burada insanların mənəvi terrora məruz qalmasıdır, demədiyi sözlərin adlarından paylaşılmasıdır.
  Xüsusən, "facebook"da ortaya saxta bir xəbər buraxılır və insanlar bu məlumatın doğru olub-olmadığını bilmədən şərhlərdə təhqirlərə, söyüşlərə başlayır.
  Bu həm də dünyada informasiya müharibəsinin ən qəddar üsullarından biri kimi səciyyələndirilir. Bu üsulla cəmiyyətin dəyərləri, dili, dini, görkəmli şəxsiyyətləri gözdən salınır, insanların beyninə şüuraltı şəkildə "hər kəs saxtakardır, hər şey yalandır, heç bir dəyər yoxdur" fikirləri təlqin edilir. 
  Və bu informasiya terrorun ən pis tərəfi odur ki, insan özünü müdafiə etməyə çalışanda da heç kim ona inanmır, "fake nevs"un "feyk" olduğunu heç kimə sübut edə bilmirsən. Dünyada aparılan araşdırmalar onu göstərir ki, ilk yayılan saxta xəbərə inananların sayı 80 faizdir, cəmi 20 faiz insan sonradan nəyisə araşdırır və ya həqiqəti axtarır. 
Bu barədə “Şərq”ə danışan Azxeber.com informasiya portalının baş redaktoru, Mətbuat Şurası idarə heyətinin üzvü Hacıbəy Heydərli hesab edir ki, bu tipli məlumatları hazırlayan və yayan insanlar özləri üçün cəzasızlıq mühitinin olmasından əmindirlər. Yəni həmin saxta məlumata görə cəzasız qalacaqlarını bilirlər. Buna görə də həmin şəxslərə jurnalistikanın etik davranışlarından və hüquqdan danışmaq yersizdir. Çünki onlar bunu şüurlu şəkildə edirlər və insanların zəif nöqtəsini bildikləri üçün belə dezinformasiyalar paylaşaraq sevmədikləri şəxsləri terrora məruz qoyub, "öldürürlər". 
  Çıxış yoluna gəldikdə isə H.Heydərli bildirib ki, "Fake nevs" və dezinformasiyalar qlobal dünyanın da problemi olduğu üçün çıxış yolu kimi bir çox ölkədə "xəbər doğrulama" sistemləri yaradılıb. Türkiyədə "teyit.org" saytı, ABŞ-da isə "snopes.com" bu işlərlə məşğuldur: "İstənilən istifadəçi sosial şəbəkədə görüb, şübhələndiyi məlumatı o saytlara göndərir və saxta olub-olmamağının araşdırılmasını istəyir. Həmin saytlarda çalışan peşəkarlar isə məlumatı araşdırır, əgər xəbər saxtadırsa, bunu birbaşa "facebook" administrasiyasına bildirir və həmin səhifələrə xəbərdarlıq gəlir, yanlışlıq aradan qalxana qədər də həmin xəbərdarlıq səhifənin admin panelində qalır. Əgər "fake nevs" silinmirsə, səhifə daha az insana göstərilir, növbəti dəfələrdə isə tamamilə silinir. 
  Səhifənin silinmə təhlükəsini görən admin də növbəti dəfə "fake news"dən qaçır və özünü yığışdırmağa başlayır. Çoxlarımızın məlumatı yoxdur ki, hazırda ölkəmizdə az.teyit.org saytı da bu işlərlə məşğuldur.  Ancaq müşahidələrim onu göstərir ki, hazırda orada daha çox beynəlxalq xəbərlərin doğruluğu müzakirələrə çıxarılır və saxta olanda səhifələrə bildiriş gəlir. Bəlkə də çoxumuz bu saytlardan məlumatsızıq deyə sosial şəbəkələrdə bu qədər söyüşcül adamlar "at oynadır". 
Mənə görə daha bir çıxış yolu isə cəmiyyəti maarifləndirmədən və ictimai qınaqdan keçir.  Mətbuatımız çalışmalıdır ki, cəmiyyətimiz saxta xəbər istehsal edən insanların təsirinə düşməsin, həmin səhifə və kanalları açıq şəkildə ifşa etsin, ictimai qınağa məruz qoysun, yalnız bu halda sosial mediada dezinformasiyaların qarşısını ala bilərik. Əminliklə deyə bilərəm ki, əl-ələ verib çalışsaq, bir-birimizə dəstək versək, sosial şəbəkələrdəki belə neqativ halların qarşısını rahatlıqla ala bilərik. Bundan isə qazanan cəmiyyətimiz və mediamız olacaq. Cəmiyyət saxta xəbərlərdən, yalan başlıqlardan, dezinformasiyadan, mətbuatımız isə qeyri-peşəkarlardan təmizlənəcək”.