Zahir Əzəmət: "İnanıram ki, Rəşad bəy jurnalistlər üçün tikilmiş üçüncü bina ilə bağlı məsələnin həllinə çalışacaq"
Hacıbəy Heydərli: "Bu açıqlama həm də Mətbuat Şurasından gözləntiləri artırdı"
Mətbuat Şurasının İdarə Heyətinin sədri, “525-ci qəzet”in rəhbəri Rəşad Məcidin "İndex.az"a müsahibəsi bir xeyli səs-küy yaradıb. Yeni MŞ sədrinin toxunduğu mövzular, açıqladığı məqamlar jurnalistlər tərəfindən rəğbətlə qarşılanıb. Xüsusən də medianın iqtisadi problemləri və jurnalistlərin üçüncü binası haqqında səmimi fikirləri MŞ sədri olaraq mətbuat naminə müsbət işlər görəcəyinə ümid yaradıb.
"Qaynarinfo.az" saytının baş redaktoru Zahir Əzəmət “Şərq”ə açıqlamasında son qurultayda rəhbəri olduğu media qurumunun da Rəşad bəyin namizədliyini dəstəklədiyini deyib:
“Hesab edirəm ki, mövcud şərtləri nəzərə alsaq, Rəşad Məcid ən uğurlu namizəd idi. Onun son müsahibəsi də, orda səslənən fikirləri və aldığı müsbət reaksiyalar da fikrimizi təsdiqləyir. Bununla belə Mətbuat Şurasından romantik gözləntilərimiz də olmamalıdır. Həm gözləntilərimizdə, həm təkliflərimizdə realist olmalıyıq. Açığı, Mətbuat Şurası son illər nüfuzunu xeyli itirmişdi, amma Rəşad Məcid qurumu hörmətə mindirə bilər. İnanıram ki, Rəşad bəy jurnalistlər üçün tikilmiş üçüncü bina ilə bağlı məsələnin həllinə çalışacaq. İnanıram ki, son vaxtlar jurnalistlərin hüquq-mühafizə qurumlarına çağrılıb xəbərdarlıq almasının sayını azalda bilər. Axı Mətbuat Şurası media tərəfindən özünü tənzimləmə mexanizmi kimi təsis edilmişdi, dövlət qurumları da bu məqama hörmətlə yanaşmalıdır. Hansı məmurun və ya rəsmi qurumun bir şikayəti varsa, öncə Mətbuat Şurasına müraciət etməlidir. Bir sözlə, Mətbuat Şurası bu kimi praktik mövzuların həllində effektiv ola bilər. Reklam bazarının yaranması, qəzetlərin yayım şəbəkəsinin yenidən yaradılması, maddi-texniki bazanın dünya standartlarına uyğunlaşması kimi məsələlərdə xəyalpərəst deyiləm. Bunların həlli nə Mətbuat Şurasının gücü daxilindədir, nə də yaxın gələcəkdə mümkün olacaq”.
“Azxeber.com” informasiya portalının redaktoru Hacıbəy Heydərli isə qeyd edib ki, Rəşad müəllim Mətbuat Şurasına sədr seçiləndən sonra ilk açıqlamasında mətbuatın saflaşmasına çalışacağını demişdi. Bu həm də Azərbaycanda həyata keçirilən media islahatlarının davamı kimi səciyyələndirilə bilər:
“Bilirsiniz ki, son illər bütün sahələrdə olduğu kimi mediada da islahatlar aparılır və bu səbəbdən cəmiyyətimizin mətbuatdan, Mətbuat Şurasından, Medianın İnkişafı Agentliyindən çox böyük gözləntiləri var. Rəşad müəlllim "İndex.az" saytına müsahibəsində də jurnalistlərin problemlərini açıq şəkildə dilə gətirdi.
Bunlar arasında jurnalistlərin maaşlarının azlığı, reklam bazarının kifayət qədər olmaması, qəzetlərin durumu, saytların peşəkarlıq problemi, sosial şəbəkələrdə yayılan dezinformasiyalar, jurnalistlər üçün tikilən 3-cü binanın aqibəti, media reyestri diqqət çəkən məqamlardan idi. Bu açıqlama həm də Mətbuat Şurasından gözləntiləri artırdı. Cəmiyyətimiz saf, obyektiv, peşəkar media görmək istəyir, bunun üçün də siyasi iradə var. Cənab Prezident İlham Əliyev dəfələrlə mediamız haqda xoş sözlər işlədib, jurnalistləri özünə dost adlandırıb.
Düşünürəm ki, mediamız da öz üzərinə düşən məsuliyyəti anlamalı və daha peşəkar səviyyədə fəaliyyət göstərməlidir. Cəmiyyətin də mətbuatdan gözləntisi budur”.