Azər Həsrət: "Azərbaycan hazırda bu savaşın hədəfində olan əsas ölkələrdəndir"
"Hər kəs, xüsusilə xarici dilləri bilənlər informasiya müharibəsinin əsgəri olmağı bacarmalıdır. Unutmayaq ki, bütün dünyada bu informasiya müharibəsini media və vətəndaş cəmiyyətləri aparırlar"
“İnformasiya təhlükəsizliyi sahəsində təkcə media nümayəndələri ilə deyil, ölkə vətəndaşları ilə də hüquqi maarifləndirmə işlərinin aparılması vacibdir”. Bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, düşmənin informasiya hücumlarının qarşısının alınması üçün sistemli iş aparılmalı, İT mütəxəssisləri ilə müdafiə gücləndirməli, təhlükəsizlik tədbirləri davamlı olmalıdır: “Vikipediya", "Google maps", "Youtube", "Facebook" kimi beynəlxalq resurslarda ermənilərin yalan məlumatlarına adekvat olaraq müxtəlif dillərdə Azərbaycan həqiqətlərini əks etdirən informasiyalar yerləşdirilməlidir.
Təcrübəli alimlərimiz, tədqiqatçılarımız, ümumilikdə bütün ziyalılarımız yalan məlumatların, dezinformasiyanın qarşısının alınmasında fəal iştirak etməlidirlər”.
Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət "Şərq"ə açıqlamasında Azərbaycanın bu gün informasiya müharibəsinin hədəfində olan əsas ölkələrdən biri olduğunu deyib. Onun sözlərinə görə, vətən müharibəsinin başa çatmasından iki il ötməsinə baxmayaraq, Ermənistanla ölkəmiz arasında informasiya müharibəsi ən gərgin müstəvidə hələ də davam etməkdədir. Ermənilər dünya ölkələrini informasiya əsiri etməyi böyük ustalıqla bacarırlar. Öz törətdiyi pis əməlləri başqasının adına yazmaq bir millət olaraq ermənilərin xislətindədir:
“Əslində informasiya müharibəsi heç vaxt səngimir. Xüsusən də antiazərbaycan dairələr həmişə bizim üçün önəmli olan günlərdə, vacib tədbirlər ərəfəsində həddindən artıq fəallaşırlar.
Ona görə də biz həmişə informasiya müharibəsinə hazır olmalıyıq. Yəni “hücumu” gözləyib, sonra “əks hücuma” keçməli deyilik. Necə deyərlər, “şəraiti nəzarət altında saxlamağı” bacarmalıyıq. Özü də bu prosesdə yalnız dövlət qurumlarından nəsə ummaq, yaxud da hər hansı tapşırıq gözləmək lazım deyil.
Qeyri-hökumət təşkilatları, diasporumuz, həmçinin hər bir vətəndaşımız bu işdə fəal olmalıdır. Yəni hər kəs, xüsusilə xarici dilləri bilənlər informasiya müharibəsinin əsgəri olmağı bacarmalıdır. Unutmayaq ki, bütün dünyada bu informasiya müharibəsini media və vətəndaş cəmiyyətləri aparırlar. Xaricdə yaşayan, eləcə də müxtəlif ölkələrə səfər edən soydaşlarımız da buna cəhd etməlidirlər. Məsələn, şəxsən mən bu və ya digər ölkədə səfərdə olarkən Azərbaycanın bütün məsuliyyətini üzərimdə hiss edirəm. Odur ki, bizə qarşı səslənən fikirlərə də cavab verirəm, üstəlik, ölkəmizlə bağlı ətraflı məlumatlar da təqdim edirəm. Bu, hər kəsin vətəndaşlıq borcu olmalıdır”.
A.Həsrətin sözlərinə görə, yalan, yaxud da ki, uydurma materiallarla informasiya ilə müharibədə qalib gəlmək mümkün deyil. Döyüşləri udmaq olar, müvəqqəti. Amma ümumi nəticədə qalib gəlmək mümkün deyil. Çünki o yalanların farş olması o qədər də uzaqda olan məsələ deyil. Ermənilər informasiya müharibəsində həddindən artıq aqressivdilər. Azərbaycanlılar isə daha təmkinli addım atırlar.
Bu təmkinliliyi mütləq qorumaq lazımdır: “Diplomatik müharibə müəyyən qanunlara, qanunauyğunluqlara, idarəçiliyə söykənir. Ona görə də informasiya müharibəsində hansısa vahid idarəçilik sistemi və fəaliyyət proqramı olmalıdır. Bütün informasiya müharibəsi ilə məşğul olan adamlara hər zaman çağırış etmişəm ki, birincisi, obyektiv və doğru informasiyaya söykənin. İkincisi, çalışın ki, təmkininizi pozmayasınız. Belə olan halda mütləq qalib gələcəksiniz. Ola bilər bir az gec, amma qalib gələcəksiniz".