Media Reyestrinə düşən jurnalistlərin fəaliyyətinə hər hansı maneə olmayacaq
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Azərbaycanda jurnalist vəsiqəsinin forması, vəsiqənin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiq edilib.
Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi veriləcək.
Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədi daşıyır.
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edir. Bildirilib ki, vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılır.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun sözlərinə görə, “Media haqqında” Qanunun müvafiq müddəalarına nəzər salsaq görərik ki, həmin müddəalara əsasən Agentlik tərəfindən veriləcək vəsiqələr, əslində, jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiqləyən sənəd deyil:
“Bu, sadəcə olaraq, jurnalistlərin Media Reyestrində qeydiyyata düşdüklərini təsdiq edən sənəddir. Bu sənəd heç də media subyektlərinin öz əməkdaşlarına verdiyi sənədi əvəzləmir, onlar o sənədləri verməkdə sərbəstdirlər və bizim verdiyimiz vəsiqə ilə yanaşı, həmin redaksiya tərəfindən özlərinin istəklərinə uyğun olaraq verdikləri sənədləri daşımaqda və təqdim etməkdə sərbəst olacaqlar.
İcraçı direktor bildirib ki, jurnalist vəsiqəsinin verilməsinin üstünlüyü həmin sənədi təqdim edən şəxsin artıq Azərbaycanın Media Reyestrində olduğunu təsdiqləməsindən ibarətdir. Jurnalistlər həmin vəsiqələrin üzərində olan xüsusi barkodlardan istifadə edərək agentliyin elektron sistemində yerləşdirilən məlumatları avtomatik təqdim etmiş olacaq. Bununla da jurnalistlər dövlətin həyata keçirdiyi layihələrdən və güzəştlərdən rahat və sərbəst şəkildə istifadə edə biləcəklər: “Jurnalist vəsiqələri üçün ödəniş 20 manat məbləğində təsdiq olunub. Hər dəfə vəsiqə yeniləndiyi zaman ümumi xərclər nəzərə alınaraq ödəniş olunacaq. Ödənişlərin edilməsi tamamilə şəffaf, elektron informasiya sistemi üzərindən olacaq. Şəffaflığın təmin edilməsi Agentlik tərəfindən həyata keçirilib”.
Medianın İnkişafı Agentliyinin (MEDİA) Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli isə deyib ki, Media Reyestri istifadəyə verildikdən sonra həm media subyektləri, həm də jurnalistlər müvafiq qaydalara uyğun olaraq müraciətlərini formalaşdıra biləcəklər. Amma burada diqqət edilməli olan bir önəmli məqam var. Hamınıza məlum olduğu kimi, “Media haqqında” Qanunun və “Media Reyestrinin aparılması Qaydaları”nın tələblərinə əsasən jurnalistin reyestrə daxil edilməsi üçün şərtlərdən biri onun əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi bağladığı media subyektinin Media Reyestrində olmasıdır. Yəni jurnalist reyestrə müraciət edənə qədər artıq onun işlədiyi və ya əməkdaşlıq etdiyi media subyekti Media Reyestri şəhadətnaməsini əldə etməlidir:
“Müraciət zamanı əmək müqaviləsi elektron hökumət portalından sistemə inteqrasiya olunacaq. Yox əgər jurnalist media subyekti ilə mülki hüquq müqaviləsi əsasında əməkdaşlıq edirsə, bu zaman o, sistemə həmin müqavilə haqda məlumatlarla yanaşı, sənədin özünü də yükləməlidir. Beləliklə, onun hansı media subyekti ilə əməkdaşlıq etdiyi və həmin subyektin reyestrə daxil edilib-edilmədiyi aydınlaşdırılacaq, müvafiq qərar qəbul ediləcək.
Media Reyestrinə müraciət tam elektronlaşmış şəkildə həyata keçiriləcək. Buna baxmayaraq, təcrübə göstərir ki, elektron hökumət üzərindən inteqrasiya prosesində bəzi hallarda müəyyən məlumatların mübadiləsində çətinliklər müşahidə oluna bilər. Bu da bir sıra obyektiv səbəblərə əsaslanır.
Belə ki, müvafiq sistemlər özündə bəlli bir tarixdən sonraya aid məlumatları əks etdirir. Bu kimi hallarda müraciətçi qanunvericiliyə uyğun olaraq inteqrasiya olunmayan informasiyalara dair sənədləri Agentliyə kağız daşıyıcıda təqdim edə bilər”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, Media Reyestrinin tətbiq olunması və müavfiq vəsiqələrin verilməsi jurnalist işinin asanlaşdırılması üçün atılmış növbəti addımdır. Jurnalistlər Medianın İnkişafı Agentliyinin müvafiq vəsiqəsini almadan da maneəsiz fəaliyyət göstərə biləcəklər.
Ekspert deyib ki, jurnalist vəsiqələrinin hazırlanma və təqdim edilməsi ölkədə Media Reyestrinin tətbiq edilməsi ilə bağlı prosesin davamı və onun tamamlanmasıdır: "Ölkəmizdə Media Reyestrinin yaradılması barədə həm qanun tələbi, həm də Prezident İlham Əliyevin müvafiq fərmanı var. Bu baxımdan, ölkədə Media Reyestrinə düşən KİV subyektlərinə arayışlar, reyesterdə qeydə alınan jurnalistlərə isə jurnalist vəsiqəsi veriləcək. Bu, tamamilə könüllü xarakter daşıyır. Jurnalistlər öz ərizəsi ilə müraciət edərək reyestrə daxil ola biləcək. Bir şərtlə ki, onlar reyestrə düşmək barədə meyarlara cavab versinlər. Burada tətbiq olunan meyarlar əslində peşəkarlıq meyarlarıdır. Reyestrə düşmək jurnalist işinin asanlaşdırılmasına xidmət edir".
M.Ələsgərlinin sözlərinə görə, sözügedən jurnalist vəsiqəsi jurnalistin həqiqətən jurnalist olduğunu deyil, müraciət etmiş şəxsə dair məlumatların həqiqətən reyestrə daxil edildiyini təsdiq edən müəyyən formalı sənəddir və peşəkarlıq meyarı olaraq çıxış etmir.
"Jurnalist vəsiqəsi beynəlxalq standartlar əsasında hazırlanıb və üzərində QR kodlar mövcuddur. O QR kodu oxutmaqla Media Reyestrinin baza məlumatlarına yönəlmək mümkün olacaq ki, bu da jurnalist haqqında informasiyaların tez bir zamanda görünməsinə şərait yaradacaq. Burada diqqətçəkən əsas məsələ odur ki, ölkədə artıq bununla yalnız redaksiyalarda, ştatda çalışan jurnalistlərin deyil, həm də ölkə tarixində ilk dəfə olaraq sərbəst çalışan jurnalistlərin hüquqları da tanınmış olur. Çünki bu vəsiqələr Media Reyestrinə düşmüş, təkcə əmək müqavilələri ilə deyil, xidmət müqavilələri ilə çalışan jurnalistlərə də şamil olunur. Media Reyestrinə düşməyən jurnalistlərin fəaliyyəti üçün hər hansı bir maneə olmayacaq. Media Reyestrinin tətbiq olunması, vəsiqələrin verilməsi jurnalist işinin asanlaşdırılması üçün atılmış növbəti addımdır".