Akif Aşırlı Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapıb: "Qəbir çökür..." - FOTOLAR

"Bir neçə ildir, axtarışında olduğum milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapdım".
Bu barədə "Sherg.az" "Şərq" qəzetinin baş redaktoru, araşdırmaçı jurnalist, tarix  üzrə fəslsəfə doktoru Akif Aşırlı bildirib. Baş yazar qeyd edib ki, Səfvət bəy Məlik Zərdabi Həsən bəyin 3 - cü övladıdır, Qəribsoltan xanımdan öncə doğulub:


"1917 - ci ilə qədər Riqa Politexnik universitetində oxuyub, sonra təhsilini Almaniyada alıb, yüksək ixtisaslı mühəndis olub. Mühədis olmasına baxmayaraq, atasının yaradıcılığını davam etdirib. Səfvət Zərdabi 1952 - ci ildə Ankarada Azərbaycan Milliyyətçilər dərnəyinin qurucularından olub, Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mücahiddir.

 Azərbaycan mühacirət mətbuatının ən yaxşı nümunələrindən olan  "Mücahid " dərgisinin naşiri, baş yazarı, "Türk izi" dərgisinin əsas yazarlarından olub, qələmi yerə qoymayıb. Azərbaycan həsrətilə yaşayıb. Məzarı bilinmirdi. 

Bir neçə il öncə Səfvət bəylə bağlı geniş araşdırmamı " Həsən bəy Zərdabinin varisi " kitabımda umumiləşdirə bildim. Ölüm tarixini dəqiqləşdirə  bilsəm də, harda dəfn olunduğu  bilinmirdi. Bəzi mülahizələrə görə , Səfvət bəyin ömrünün sonlarına yaxın Almaniyaya köçdüyü ehtimal olunurdu.Məzar yerini İndi tapdım.Qəbri  Ankaranın Karşıyaka məzarlığındadır. Həyat yoldaşı Nəzihə xanımın məzarı ilə qoşadır. Təəssüf ki, Səfvət bəyin baş daşı qırılmış, sinə daşını  əvəzləyən daşlar parçalammış vəziyyətdədir. Qəbir çökür. Üzərində "Azərbaycan əşrəflərindən olan Həsən bəy və Hənifə xanımın oğlu Səfvət Məlik Zərdabi Ruhuna fatihə, 1898 - 1976 " yazılıb. Məzarın illərlə baxımsız qaldığı aydın görünür. Nə yaxşı ki , məzarlıq məmurları, ətrafda çalışan ustalar köməyimə çatdı. 

Rasim Yardımsevər adlı qardaşımızla birgə baş daşını bərpa edə bildik , kiçik bir təmir işi apardıq. Səfvət bəyin adını qara boya ilə yenidən bərpa etdik. 


Amma bununla yekunlaşdırmaq olmaz. Unutmağa mənəvi haqqımız şatmır. Həsən bəyin mətbu yolunu davam etdirən, ömrünü Azərbaycanın İstiqlalının bərpasına həsr edən Səfvət bəyin adı layiq olduğu qədər qiymətləndirilməlidir. Bizim mənəvi atamız Həsən bəy Zərdabinin də ruhu şad olar".