İlk növbədə məhz bu sahədə islahatlar aparılmalıdır
"Konkret olaraq bütün mətbuat orqanları “qara fəaliyyət”dən şəffaf fəaliyyətə keçməyə üstünlük verəcəklər. Bu da sağlam rəqabətin başlıca şərtidir"
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Söz və mətbuat azadlığının təmin edilməsi kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması demokratik inkişafın əsas meyarlarından biridir. Azərbaycanın artan iqtisadi imkanları isə ölkədə fəaliyyət göstərən media subyektlərinin inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır.
Ölkə mediasındakı köklü problemlərin həlli ilə bağlı dövlət tərəfindən bir sıra real addımlar atılıb. İki il əvvəl Medianın İnkişafı Agentliyi yaradılıb, media haqqında qanun qəbul edilib.
Xüsusilə də Media Agentliyi yarandığı vaxtdan medianın inkişafı, onlara maliyyə dəstəyi göstərilməsi, eyni zamanda jurnalistlərin bilik və bacarıqlarının, təcrübələrinin artırılması istiqamətində bir sıra əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələr, eyni zamanda mediaya maliyyə dəstəyinin göstərilməsi, qəbul edilmiş yeni qanun və orada əksini tapan müddəların həyata keçirilməsi, heç şübhəsiz ki, ümumilikdə Azərbaycan mediasının inkişafı, yeni və müasir çağırışlara cavab verməsi baxımından əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər medianın iqtisadi dayaqlarının yaranmasında, reklam bazarının formalaşmasında da bir növ təkan rolu oynayır.
2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ötən il ərzində media sahəsində mühüm işlərin görüldüyünü vurğulayıb. İcraçı direktor gələcək hədəflərlə bağlı da məlumat verib:
"Gələcək hədəflərimiz sırasına bu 5 məsələ daxildir. Birincisi, ənənəvi rəqəmsal mediaya uğurlu keçidin təmin edilməsi, media subyektlərinin kadr, infrastruktur və texniki potensialının gücləndirilməsi, cəmiyyətin mediaya etimadının artırılması, media subyektlərinin müasir dünya trendlərinə uyğunlaşması, media subyektlərinin uğurlu biznes hədəflərinə uyğunlaşmasıdır".
Ə.İsmayılovun sözlərinə görə, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edən qanun layihəsi hazırlanıb.
Qanun layihəsinə əsasən, media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, istehsal etdikləri media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən azad edilməsini ehtiva edir.
Ə.İsmayılov bildirib ki, qanun layihəsi maraqlı orqanlarla tam razılaşdırılıb və hökumətdə baxılmaqdadır.
Ə.İsmayılov həmçinin bildirib ki, çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Onun sözlərinə görə, region mediasının inkişafı ilə bağlı da diaqnostik icmal hazırlanmaqdadır: “Onu da bildirim ki, milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.
Ekspertlərin fikrincə, istənilən halda vergi güzəştlərinin olması, media qurumlarına vergilərdən azad olunması onların fəaliyyətinə müsbət təsir göstərəcək. Vergilərin ödənməməsi onların əlavə vəsait imkanlarını artıracaq. Həmçinin media mümayəndələrinə və subyektlərinə vergi güzəştlərinin tətbiq edilməsi nəticəsində ictimaiyyətin keyfiyyətli məlumatlarla təmin olunması prosesi sürətlənəcək, şaxələnəcək, dövlətin informasiya siyasətinin effektivliyinə təkan olacaq. Atılan addımlar jurnalistlərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək.
Media subyektlərini üç il müddətinə vergilərdən azad edən qanun layihəsinin hazırlanmasını “Şərq”ə şərh edən tanınmış jurnalist Azər Niftiyev bildirib ki, belə bir qanun layihəsinin hazırlanması labüddür:
“Məlumdur ki, Azərbaycan mətbuatı uzun illər ərzində məmur oliqarxiyasının maraqlarının əsirinə çevrilib. Bu sahəyə nəzarəti həyata keçirən şəxslər, məmur oliqarxiyası media subyektlərindən öz maraqlarını həyata keçirmək üçün vasitə kimi istifadə ediblər. Prezident İlham Əliyev səviyyəsində bu məsələ gündəmə gətirilib və mətbuatdan şəxsi maraqlar naminə istifadə edildiyi vurğulanıb. Heç şübhəsiz, bu, uzun müddət davam edə bilməzdi. 2018-ci ilin prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı dövlət başçısı bəyan etdi ki, ölkəboyu kompleks islahatlar aparılacaq. Hakimiyyətin bütün qollarını – qanunverici, icraedici və ümumilikdə bütün sahələri əhatə edən bu islahatlar mətbuatdan da yan keçə bilməzdi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə bağlı başlanan cinayət istintaqı zamanı məlum oldu ki, bu sahədə çox ciddi yeyintilərə də yol verilib. Bundan sonra mediada da islahatlara start verildi və Medianın İnkişafı Agentliyi təsis olundu”.
A.Niftiyevin sözlərinə görə, agentliyin həyata keçirdiyi islahatlar medianın inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir:
“Düzdür, hələ də həllini gözləyən problemlər mövcuddur. Lakin bir məqam da var ki, bu problemlərin aradan qaldırılması üçün ortada ciddi siyasi iradə var. Media Agentliyi tərəfindən medianın qarşılaşdığı problemlərin həlli istiqamətində mühüm addımlar atılır. Bu xüsusda media subyektlərini üç il müddətinə vergilərdən azad edən qanun layihəsinin hazırlanması təqdir olunmalıdır. Açıq şəkildə etiraf etmək lazımdır ki, audiovizual media subyektləri gəlir gətirən müəssisələrdir. Bu mənada onların istisna olunması anlaşılandır. Yazılı və elektron media subyektlərinin müəyyən bir müddət ərzində vergidən azad olunması bu sahədə sağlam rəqabətin formalaşmasına, təsadüfi mətbu orqanların sıradan çıxmasına, nəticə etibarilə peşəkarlığın artmasına səbəb olacaq.
Peşəkarlıq olmadan medianın gələcəyindən danışmaq olmaz və ilk növbədə məhz bu sahədə islahatlar aparılmalıdır” . Müsahibimiz həmçinin bu qanun layihəsindən ciddi gözləntilərinin də olduğunu qeyd edib: “Hesab edirəm ki, media subyektləri ilə bazar subyektləri arasında əməkdaşlıq dərinləşməlidir. Spesifik media resurslarının sayı artmalı, müxtəlif sahələrdə oxucuların maariflənməsi və informasiya təminatı həyata keçirilməlidir. Bu qanun layihəsi sosial medianın dominantlıq etdiyi mövcud şəraitdə media subyektlərini vahid konsept əsasında birləşdirəcək.
Konkret olaraq bütün mətbuat orqanları “qara fəaliyyət”dən şəffaf fəaliyyətə keçməyə üstünlük verəcəklər. Bu da sağlam rəqabətin başlıca şərtidir” .