“Dövlət ölkə mediasını güclü görmək istəyir” - Vergidən azad edilirlər


Media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir.
Bu, ötənlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.
Xatırladaq ki, vergidən azadolmalar audiovizual media subyektlərinə şamil olunmur.

Dövlətin sahibkarlıq və media fəaliyyəti göstərən şirkətlərə daim güzəştlər etdiyini deyən “Pravda.az”ın baş redaktoru İlkin Pirəli “Sherg.az”a bildirib ki, media sahəsində islahatlar davam edir, prosesin davamı olaraq digər müsbət addımların atılacağı istisna deyil:

“Bu məsələlərlə bağlı əvvəllər müxtəlif  təkliflər səsləndirilirdi. Onlardan biri elə bu idi ki, media fəaliyyəti göstərən şirkət ödəmələrə bağlı digər MMC-lərdən fərqləndirilsin. Medianın İnkişafı Agentliyinin fəaliyyəti nəticəsində isə bu məsələ həllini tapdı. 
Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinə əsasən, media subyektlərinin onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edildi. Bu, media subyektinin fəaliyyətinə stimul verir və dayanıqlığını təmin edir. 

Azərbaycan dövləti ölkə mediasını güclü görmək istəyir. Medianın yaradılan şərait nəticəsində iqtisadi müstəqilliyi artdıqca asılılığı da olmur. Belə olan halda, ölkə mediası beynəlxalq müstəvidə də sözünü deyə biləcək və informasiya savaşında ön sırada gedəcək. Dövlət bunun üçün nə lazımdırsa, həyata keçirir. 
Biz də bu addımları yüksək qiymətləndiririk”.

Bununla yanaşı, baş yazar qeyd edib ki, ölkədə reklam bazarı o qədər ürəkaçan səviyyədə deyil:

“Bu istiqamətdə müzakirələr aparılmalı, çıxış yolları axtarılmalıdır. Medianın daha da güclü olması üçün reklam bazarının formalaşması zəruridir. Ümumiyyətlə isə dövlət mərhələ-mərhələ güzəştlər edir, müəyyən media subyektlərinə maliyyə dəstəyi göstərir, nə lazımdırsa, edilir”.