Məktəblərdə "Media savadlılığı" fənni tədris edilməlidir

Müşfiq Ələsgərli: "Fərqli addımların atılmasına ehtiyac var"

  Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masada çıxışı zamanı təklif səsləndirib. Aparat rəhbəri bildirib ki, təhsil müəssisələrində media savadlılığı üzrə fənn tədris olunmalıdır. O, bunun müxtəlif formatlarda reallaşa biləcəyini söyləyib. F.Novruzov vurğulayıb ki, sözügedən tədris ali və ümumtəhsil müəssisələrində fərqli formatda olmalıdır: 

"Bu, çox böyük əhəmiyyətli bir məsələdir. Bu, gələcəkdə problemlərlə daha az qarşılaşmağımıza gətirib çıxaracaq". Həmçinin vurğulanıb ki, mediada uşaqların hüquqlarının qorunması çox zəruri məsələdir. 

 
 Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli də "Sherg.az"a açıqlamasında uşaqlar mövzusunun mediada işıqlandırılmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu, çox həssas məsələdir: "O qədər həssas məsələdir ki, uzun illərdir həm jurnalistlərin etik kodeksində öz əksini tapır, eyni zamanda media qanunvericiliyində və əlavə aktlarda yer alır. Bu mövzu hazırda kifayət qədər aktuallıq qazanıb. Səbəb odur ki, informasiya yayan mənbələr təkcə ənənəvi KİV qurumları deyil, həmçinin sosial mediadır. Sosial media kifayət qədər inkişaf yolu keçib. Əfsuslar ki, sosial mediada yayılan xəbərlərdə informasiya standartları gözlənilmir, çox ciddi şəkildə pozuntular qeydə alınır. Onlardan biri də uşaqlarla bağlı yayılan xəbərlərə aiddir. Problemin qarşısını almaq üçün təcili addımlar atılmalıdır. Düzdür, müəyyən tədbirlər görülür, amma problem ondadır ki, məsələ təkcə mətbuat müstəvisində yox, həm də sosial media sahəsində öz əksini tapır. O baxımdan fərqli addımların atılmasına ehtiyac var. Fariz Novruzovun verdiyi təklif normaldır, aktualdır. Bu həm də qanunvericiliyin tələbidir ki, ölkədə media savadlılığının artırılması üçün addımlar atılmalıdır. Media savadlılığının artırılmasının özü bir prosesdir. Prosesə indi başlasaq, müəyyən müddət sonra effektiv nəticə ortaya çıxacaq. Düşünürəm ki, bu istiqamətdə fərqli addımların atılması olduqca zəruridir".