“TikTok” rəsmilərinin Azərbaycana maraq göstərməsi bizim üçün çox önəmlidir - Aqil Ələsgər


““TikTok” son illər sosial şəbəkə platformaları və mobil tətbiqlər arasında geniş populyarlıq qazanan vizual platformadır. Bu sosial platforma son zamanlar Azərbaycanın rəqəmsal bazarına ciddi maraq  göstərir”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib. 

“TikTok”un məsul nümayəndələri ilə görüşün Azərbaycan mətbuatı üçün vacib məsələlərdən olduğunu vurğulayan A. Ələsgər deyib ki, “TikTok”  son illər ən çox müraciət olunan sosail platformalardan birinə çevrilib:

 ““TikTok” rəsmiləri də Azərbaycan jurnalistlərinin bu şəbəkədə daha aktiv fəaliyyət  göstərməsi ilə bağlı fikir mübadiləsi apardılar. “Tiktok”dan daha səmərəli necə istifadə edilməlidir, keyfiyyətli kontentlərin hazırlanması üçün nə edilməlidir, canlı yayımlarla bağlı hansı addımlar atılmalıdırsa, bununla bağlı öz təcrübələrini tiktokerlə bölüşməyə hazır olduqlarını dedilər. Onlar bu platformanın ayrı-ayrı cəmiyyətlərə faydalı nəticələr verməsi istiqamətində təkmilləşdirmə işlərinin davamlı xarakter daşıdığını vurğuladılar. Azərbaycana səfərlərinin də bu baxımdan zəruri əməkdaşlıq təkliflərini dəyərləndirmək məqsədi daşıdığını önə çəkdilər.
Bütün dünyanın maraq dairəsində olan “TikTok” rəsmilərinin Azərbaycana maraq göstərməsi bizim üçün çox önəmlidir. “Tvitter”, “ Facebook”in müxtəlif ölkələrlə problemləri olur. Amma “TikTok”un Azərbaycana dost əlini  uzatması və qarşılıqlı əməkdaşlıq etmək istəməsi sevindirici bir haldır. Bu platformanın Azərbaycan seqmentinin daha da təkmilləşdirilməsi və orada yerləşdirilən yerli məzmunun keyfiyyətinin və faydalılığının artırılması məqsədilə qarşılıqlı sıx əməkdaşlığın həyata keçirilməsi önəmlidir”.

Qeyd edək ki, “TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov, dövlət qurumları ilə iş üzrə meneceri Dmitri Pylev, platforma üzərindəki canlı yayımların Orta Asiya və Şərqi Avropa üzrə direktoru Veqa Sonq, həmçinin, “TikTok”un Azərbaycan üzrə əlaqələndiricisi Emin Axundov Mətbuat Şurasında olub. MŞ İdarə Heyətinin üzvləri Yadigar Məmmədlinin, 
Aqil Ələsgərin və Şuranın Katibliyinin əməkdaşlarının qatıldıqları görüşdə qonaqlar “TikTok”un Azərbaycan seqmentindəki istifadəçilərin sayının artan xətt üzrə getdiyini bildiriblər.

Onlar bu platformanın ayrı-ayrı cəmiyyətlərə faydalı nəticələr verməsi istiqamətində təkmilləşdirmə işlərinin davamlı xarakter daşıdığını vurğulayıblar. Azərbaycana səfərlərinin də bu baxımdan zəruri əməkdaşlıq təkliflərini dəyərləndirmək məqsədi daşıdığını önə çəkiblər.