“Qızıl Qələm” mükafatının ləğv olunmasını hamı alqışladı

Neçə il dələduzların əlində qazanc oldu


  “Qızıl Qələm” mükafatı ləğv edildi. Bu, gözlənilən olduğu qədər də gözlənilməzdir. Belə qətiyyət heç də hər zaman, hər yerdə görünmür. Ölkədə “Qızıl Qələm” mükafatını almış şəxslərin siyahısı tutulsa, adlar saya-hesaba gəlməz. Həmçinin bu mükafata həqiqətən layiq olub onu almayanları sayıb bitirmək də olmaz. Bu mükafatla bağlı  media cameəsində bəlli bir rəy  fomalaşmışdı; pulunu ver, mükafatı al. Pulla mükafata sahiblənənlərin bununla öyünməsi, nəşr etdirdikləri kitablara, tərcümeyi-hallarına “Qızıl Qələm” mükafatçısı” yazdırmaqları da bir ayrı aləm idi. Dünya fanidir, deyirlər, yəni hər işin bir sonu çatır tez və ya gec, “Qızıl Qələm” də uzun yol gəldi, amma nəhayət  yol bitdi. Qələmi nüfuzdan salan mükafata son qoyanlara böyük təşəkkür və minnətdarlıq düşür bu mənada.          
 “Qızıl Qələm” mükafatının ləğv edilməsi haqqında Mətbuat Şurasının məlumatı isə belədir: “Vaxtilə cəmiyyətdə müəyyən nüfuz qazanmış, dəyərli qələm adamlarına verilmiş, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlanan qurumun təsis etdiyi “Qızıl Qələm” mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunmaqla öz etibarını itirmiş, cəmiyyətdə haqlı narazılığa səbəb olmuşdu. Mətbuat Şurası jurnalistikamızın və peşəkar media işçilərinin nüfuzuna xələl gətirən bu məsələyə biğanə qala bilməzdi. Buna görə də MŞ-nin tapşırığıyla quruma faktiki rəhbərlik edən Ç.Qurbanoğlu Şuraya dəvət olunub, icraçı katibin müavini İlqar Tağıyev Mətbuat Şurasının mövqeyini, irad və tövsiyələrini onun diqqətinə çatdırıb. Nəticədə, Ç.Qurbanoğlu Azərbaycan Mətbuat Şurasına müraciət ünvanlayıb: “Son zamanlar mətbuatda və sosial şəbəkələrdə sədri olduğum Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının müxtəlif insanlara təqdim etdiyi “Qızıl Qələm” və digər media mükafatları ilə bağlı narazılıqları, həmçinin MŞ-nin tövsiyələrini nəzərə alaraq, KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatını dayandırdığımızı bildirirəm”. Mətbuat Şurası müraciəti anlayışla qarşılayaraq problemin həllini tapdığını bildirir, yeri gəlmişkən, digər ictimai qurumlara da müraciət edərək media adıyla mükafatlar verilməsində ehtiyatlı davranmağa, jurnalistikamızın nüfuzuna xələl gətirən addımlardan çəkinməyə çağırır.
  "Sherg.az" xəbər verir ki,“Qızıl Qələm”in ləğvi mediamızda müsbət əks-səda doğurub.

 Azərbaycan Jurnalistlər Birliyinin üzvü, fəlsəfə doktoru Elxan Yurdoglunun bu barədə fikirləri maraqlıdır: 
"İllərdir cəmiyyətdə birmənalı qarşılanmayan "Qızıl Qələm"in bəzi qələmi "taxtadan" olanlara verilməsiylə bağlı narazılıq, şükür ki, öz həllini tapmış oldu. Onsuz da ciddi dairələr, ciddi qələm adamları üçün bu mükafatın son illərdəki aqibəti bəlli idi. Sadəcə, yaxın qohum və mətbuatdan, yazı-pozudan uzaq olan çevrələr üçün "nüfuz" göstərişi olan belə bir mükafatın verilməsinin dayandırılması qərarı çox doğru addımdır". 

Akademik Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova da fikirlərini bildirib: 
"Hamı bilir kim kimdir. Bir də ki mükafat üçün çalışanları anlamıram. Hər kəs öz sahəsində uğurla çalışsa, əla olar. Qarşılıq umdunsa, uduzdun! Qızıl qələmi olanları onsuz da oxuyuram, onlara qiyməti qızıl ürəklər verir". 
  
Həmkarımız Xaqani Səfəroğlu da bu mükafatın ləğvini alqışlayıb: 
“Bu adda olan mükafatı, əslində, Mətbuat Şurası verməli idi. Neçə il dələduzların əlində qazanc oldu”. Həmkarımız eyni zamanda mətbuatla bağlı başqa bir mükafatın təsis edilməsi təklifini irəli sürüb: "Qızıl Qələm" mükafatı yenidən təsis edilsin. Mətbuatla bağlı yaradıcılıq üzrə bir mükafat olmalıdır”.