Deputat: Qarabağda böyük inkişaf gözlənilir

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Dövlət siyasətinin ana xətti məşğulluğun genişləndirilməsidir

Ekspertlər hesab edir ki, Qarabağda aparılan bərpa işləri ölkədə məşğulluq səviyyəsinə də  müsbət təsir göstərir


  İşğaldan azad olunmuş ərazilərimizə əhalinin qayıdışını təmin etmək və bunu stimullaşdırmaq məqsədilə diqqət mərkəzində saxlanılan məsələlərdən biri də əhalinin məşğulluğunun təmin olunmasıdır. Belə ki, sakinlərin işlə təmin olunması məqsədilə işğaldan azad olunmuş ərazilərimizdə yeni layihələrin icrası üçün həm əlverişli coğrafi mühit, həm də sürətli yenidənqurma bərpa işləri nəticəsində yaradılan infrastruktur hesabına çox böyük imkanlar mövcuddur. "Böyük Qayıdış"dan sonra orada yaşayacaq yerli vətəndaşlar üçün məşğulluğun təmin olunması dövlətin də diqqət mərkəzində olan mühüm məsələdir. 
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qeyd edildiyi kimi
Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası əhalinin öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaradıb. İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.
  Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı bu mövzuya toxunub. 
Nazir müavini  deyib ki, azad edilən ərazilərdə yüzminlərlə iş yerinin yaradılacağı gözlənilir: “Həmin ərazilərdə sosial infrastrukturun qurulması və oraya qayıdan şəxslərin dayanıqlı məşğulluğu önəmlidir. Çünki orada bütün infrastruktur tamamilə məhv edilib. Bütün bunlar ölkə qarşısında əhalinin məşğulluqla təmin edilməsi baxımından ciddi çağırışlar qoyur. Hesab edirəm ki, Azərbaycan bütün çağırışların öhdəsindən uğurla gəlir, görülən işlər də buna bariz nümunədir".
Nazirliyin prosesdə yaxından iştirak etdiyinə diqqət çəkən A.Əliyev vurğulayıb ki, azad olunan ərazilərə qayıdan şəxslərlə işin aparılması, məşğulluq imkanlarının qiymətləndirilməsi təşkil olunur: "Prioritet ixtisası və peşəsi olanlara, eləcə də məşğulluq tarixçəsi olan şəxslərə üstünlük verilir. Peşə hazırlığı alətinə də önəm verilir. Əmək bazarının öyrənilməsi ilə bağlı mütəmadi fəaliyyət göstəririk. Bu gün cəmiyyətdə peşə təhsilinin nüfuzunun artırılmasına ehtiyac var. Gənclərin bu sahəyə marağı güclənməlidir".
  Ekspertlər də hesab edir ki, Qarabağda aparılan bərpa işləri ölkədə məşğulluq səviyyəsinə  də  müsbət təsir göstərir. Məşğulluğun təmin edilməsinin əsas şərtlərindən biri tələb olunan müvafiq infrastrukturun yaradılmasıdır. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilməsinə başlanan təmir-bərpa prosesinin həm Qarabağ, həm də ona bitişik ərazilərdə sosial-iqtisadi inkişafa təkan verəcəyi gözlənilir.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qayıdan əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi  isə öz növbəsində qayıdış prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artıracaq. 

 Millət vəkili Mahir Abbaszadə də isə “Sherg.az"a açıqlamasında deyib ki, torpaqlarımızı azad etdikdən sonra bu ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması dövlət siyasətimizin prioritetlərindəndir. Onun sözlərinə görə, hazırda dövlət başçımızın göstərişinə uyğun olaraq bu sahədə geniş bərpa-quruculuq işləri aparılır və müasir, modern standartlara uyğun infrastruktur layihələri həyata keçirilir: 

“Ərazilərimizdə bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi burada vətəndaşlarımızın məskunlaşmasına və eyni zamanda kəndlərimizdə məşğulluğun artımına öz müsbət təsirini göstərəcəkdir. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülən işlər içərisində əhalinin işğaldan azad olunmuş ərazilərə köçürülmə prosesinə uyğun olaraq onların məşğulluğu maksimum formada təmin edilir.  “Böyük Qayıdış" prosesi mərhələli şəkildə həyata keçirildikcə, məşğulluq sahəsində də ardıcıl tədbirlər təşkil ediləcək. Azərbaycanda məşğulluğun genişləndirilməsi hökumət siyasətinin ana xətlərindən birini təşkil edir. Əgər biz insanların dayanıqlı qayıdışını sosial ədalət prinsipləri əsasında həyat təminatına çalışırıqsa, burada əsas məsələlərdən biri evlərin təmiri ilə bağlıdırsa, digər məsələ də köçürülən əhalinin məşğulluq probleminin həlli və iqtisadi təminatı ilə bağlıdır. Bu məqsədlə İqtisadiyat Nazirliyi tərəfindən Qarabağ iqtisadi rayonunda və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye məhəllələrinin salınmasına başlanılıb, orada fəaliyyət göstərəcək rezidentlərə lisenziyalar verilib. Laçın rayonunda şəhər mərkəzinə yaxın bir ərazidə də sənaye parkının salınması nəzərdə tutulub. Təxminən 46 müəssisə yaradılacaq ki, bu da 2000-dən artıq vətəndaşın daimi işlə təmin olunması deməkdir. İşğaldan azad olunmuş ərazilərdə həm kənd təsərrüfatının, həm sənayenin, həm də turizmin inkişafı üçün böyük potensialı yüksək qiymətləndirilir. Orada sağlamlıq, eyni zamanda qış və yaz turizminin inkişafı ilə bağlı da müvafiq nazirliklər öz işlərini görür”.
  
Deputat qeyd edib ki, işğaldan azad olunmuş rayonlarda dayanıqlı məskunlaşmanın təmin olunması  qarşıda duran əsas vəzifələrdəndir: 
"Kənd təsərrüfatı baxımından mühüm potensiala malik ərazilərin inkişafı Azərbaycanın regionda iqtisadi baxımdan daha da güclənməsində və iqtisadi təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayacaq. İşğaldan azad olunmuş ərazilərin heyvandarlıq potensialı çox yüksəkdir. Dövlətin dəstəyi ilə damazlıq heyvan cinslərinin artırılması üçün təsərrüfatların yaradılması, ailə başçısını itirmiş qadınlar üçün heyvandarlıq layihələrinin hazırlanması, qoyunçuluğun inkişafı üçün cins heyvanların ayrılması, arıçılığın inkişafı, otlaq sahələrinə uyğun xırdabuynuzlu kooperativ və təsərrüfatların yaradılması kimi tədbirlər reallaşdırıla bilər. Həmin ərazilərdə kənd təsərrüfatının inkişafı, ilk növbədə, ölkənin ərzaq təhlükəsizliyinin, məşğulluğun təminatına töhfə verəcək, yeni investisiyaların cəlb edilməsinə və su ehtiyatlarının istifadəsinə imkan yaradacaq. Bu proses qeyri-neft məhsullarının ixracının artmasına səbəb olacaq, əkin dövriyyəsi artacaq, əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunmasını yaxşılaşdıracaq".