AzTV-nin 68 yaşı tamam oldu

 Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;


Dövlətimizin keçdiyi yolda bu televiziya həmişə digərləri üçün bir məktəb rolunda çıxış edib


  Ötən əsrin ortalarından başlayaraq dünyada geniş və sürətlə yayılan televiziya kanalları tamaşaçıları öz cazibəsində saxlamaqdadır. Milyonlarla insan hər gün radio və televiziyanın köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən, yeniliklərdən xəbər tutur. İstər radionun, istərsə də televiziyanın ixtirasından uzun illər keçsə, internet şəbəkəsi dünyanı ağuşuna alsa da, "sehrli qutu" öz sirrini hələ də saxlayır, mavi ekranın cazibəsi davam edir. Fevralın 14-də “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) yaranma günüdür. 1956-cı il fevralın 14-də “Diqqət-diqqət, göstərir Bakı” sözləri ilə yayıma başlayan AzTV-nin 68 yaşı tamam oldu. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib. İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. Çıxışına “Göstərir Bakı!” kəlməsi ilə başlayan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə ikisaatlıq proqramla efirə çıxıb. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət ediliblər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış olmayıb. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alıblar. Seçim isə zəngin olmayıb: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilib, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyub. 1957-ci ildən Azərbaycan Televiziyası efirə həftədə beş dəfə çıxmağa başlayıb və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırılıb. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi yeddi saatadək artıb. 1970-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırılıb. 2005-cı ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçib. 1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. Bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır. Azərbaycanda teleradionun uğurlu fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Televiziyasını xalqın milli sərvəti adlandıran Ulu Öndər onun cəmiyyət həyatında, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirir, siyasətin bu tribunadan xalqa çatdırılmasına böyük əhəmiyyət verirdi. Azərbaycan Teleradiosu bu gün də xalqın əsl tribunasıdır. O, ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu prosesi, davamlı və ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar, ölkənin dinamik inkişafı, qazanılan nailiyyətlər bu kanalın gündəlik fəaliyyətində öz əksini tapır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin operativ işıqlandırılması, dövlətimizin rəsmi mövqeyinin həm ölkə daxilində, həm dünyada tam dəqiqliklə yayımlanması Azərbaycan Teleradiosunun müstəsna xidmətidir. Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir. 2009-cu il fevralın 1-dən efirə çıxan “İdman Azərbaycan” kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin təsdiqinə çevrilib. 2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi bu kanal Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır. Bu gün Azərbaycan Teleradiosunun nəzdində, həmçinin ölkənin ən nüfuzlu musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycan Radiosunun da maddi-texniki bazası modernləşdirilib, radio verilişlərinin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib. Son illər Teleradionun həyatında baş verənlər də dövlətin bu sahəyə qayğısının nəticəsidir. 
  Son illər AzTV-də aparılan ciddi islahatlar nəticəsində yeni proqramlar, verilişlər, tamaşalar hazırlanıb, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb ediliblər, efirə və kanalın infrastrukturuna planlı şəkildə kapital qoyuluşu həyata keçirilib, bir sıra yeni studiyalar yaradılıb. Hazırda Azərbaycan Televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, maraqlı sənədli və bədii filmlər nümayiş etdirilir. "Mədəniyyət" telekanalının da əsas məqsədlərindən biri zəngin Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövgünü formalaşdırmaqdır. AzTV və “Mədəniyyət” telekanalları rəqəmsal platformada fəaliyyətini genişləndirib. Telekanalların yutub, feysbuk və instaqramda rəsmi səhifələri aktiv fəaliyyətdədir. 
  
Telekanalın 68 yaşı ilə bağlı danışan Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı deyib ki, televiziya çox çətin və mürəkkəb bir peşəyə sahib olan insanların çalışdığı məkandır: 
"Bura sevgi ilə gəlmək lazımdır. İlk növbədə televiziya tamaşaçılarını, bütün həmkarlarımı təbrik edirəm. Biz evlərin çağırılmamış qonaqlarıyıq. Qonaq özünü o qədər iradəli və tərbiyəli aparmalıdır ki, hər kəs desin ki, bu, bizim aparıcımızdır".

  Əməkdar mədəniyyət işçisi Ramiz İsmayılov da bildirib ki, 51 ildir bu televiziyada işləyir və məhz bura gəldiyi üçün çox şaddır: 
"Mən gələndə 17 yaşı var idi, indi isə televiziyanın 68 yaşı tamam olur. Bu ocağa öz istəyimlə, sevərək gəlmişəm, təsadüfən yox. Çünki bura doğmadır. Bu gün də qürurla deyirəm ki, mən AzTV-də çalışıram. Arzu edirəm ki, bura gələn gənclər də bizim kimi televiziyanı sevsinlər, televiziyanın sakinləri olsunlar və hörmət qazansınlar". 

  Millət vəkili Zahid Oruc da vurğulayıb ki, Azərbaycan Televiziyasının yaradılması xalqımızın həyatında misilsiz bir hadisədir. Deputatın sözlərinə görə, informasiya məkanında milli televiziyanın meydana gəlməsi öz-özlüyündə xalqın ədəbi, mədəni, mənəvi intibahı üçün bir platforma olmaqla yanaşı, həm də dünyaya çıxışının ən mühüm bir tribunasına çevrilir: 
"Televiziya özü ilə bərabər yalnız jurnalistika heyətini, bir-birindən fərqli qələm adamlarını, onun böyük nəsillərini meydana gətirməyib. Həm də bütövlükdə xalqımızın keçdiyi yolun tarixi, onun hər bir anı orada lentləşib, sistemləşib, kataloqlaşıb. Bu, özlüyündə bir televiziya hadisəsi deyil, millət, dövlət quruculuğunun ayrılmaz tərkib hissəsidir. Televiziya və radio efirlərində hesab edirəm ki, radionu da qətiyyən ayırmaq olmaz, millətimizin səsini, mövqeyini, fikrini yaradıcı insanların, böyük nəsillərin, qurucu babalarımızın hər birinin keçdiyi yolu təcəssüm etdirən səhifələr, kitablar, arxivlər var. Azərbaycan Televiziyasının bəlkə də sadəcə adında görünən dövlət televiziyası ifadəsi sanki onun bir hüquqi kimliyini ifadə etmək üçün göstərilir. Mənsə deyərdim ki, bu həm də siyasi, mənəvi kimlik mənasındadır. Çünki dövlətimizin keçdiyi yolda bu televiziya həmişə digərləri üçün bir məktəb rolunda çıxış edib və orada bizim jurnalistikanın parlaq simaları dayanır. Azərbaycan insanı, xüsusilə təhsil məkanında olanlar bunu öyrənirlər. Bununla bərabər deyə bilərəm ki, Azərbaycan Televiziyası hər zaman elə meyarlarla, keyfiyyət göstəriciləri ilə fəaliyyət aparıb ki, bu, millətin düşüncə sistemini, təfəkkürünü, ideallarını formalaşdırmağa böyük dərəcədə imkan verib". 

Parlament üzvü qeyd edib ki, bu televiziya 1990-cı illərdən keçən dövrün hamısını, hətta onun enerji blokunun partladılmasını, hansı savaşlardan, qovğalardan keçdiyimizi göstərir:
 "Bizim qələbimizdə televiziyaların, xüsusi olaraq da Azərbaycan Televiziyasının mühüm yeri və payı var. Çox yaxşı bilirik ki, təkcə informasiya səngərində deyil, millətimizin həyatının bütün sferalarında yaddaşın formalaşması, səfərbərlik, vətənpərvərlik ruhu,  daim strateji hədəflərə getmək, Prezident İlham Əliyevin 2003-cü ildən başlayan liderliyindən 2020-ci ilə, 44 günlük Müqəddəs Savaşa qədər hər birində bu kameralar öz-özlüyündə həm də bayraqdara çevriliblər. Kameraların bayraqdar olduğu fenomenini biz çox rahatlıqla söyləyə bilərik. Həqiqətən də, 27 sentyabrda, savaş başlayanda onun hər bir anını, hər bir epizodunu yenə bütün televiziyalarımız, o cümlədən, Azərbaycan Televiziyası həyata keçirməyə başlayıb. Onu əbədiləşdirib, millətin qan yaddaşının, hərbi salnaməsinin ayrılmaz tərkib hissəsinə çevirib. Son dörd ildə də bu yolda ardıcıl, sistemli, yorulmaz, cəfakeş bir mübarizənin içərisindədirlər. Televiziyanın kollektivini təbrik edərkən, həm də dövlətimizin, millətimizin keçdiyi yolu təbrik edirik".