Media nümayəndələri Qazaxın Qızılhaclı kəndinə səfər ediblər - YENİLƏNİB

Media nümayəndələri Qazax rayonunu işğaldan azad olan Qızılhaclı kəndində olublar.

APA-nın yerli bürosunun məlumatına görə, media tur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutub.

Səfər çərçivəsində jurnalistlər ərazi ilə tanış olublar.

***
Qazaxın 30 ildən sonra işğaldan azad olun kəndlərinə jurnalistlərin səfəri başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, media tur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutub.

Səfər çərçivəsində jurnalistlər DSX-nin həmin kəndlərin ərazisində təşkil olunan xidməti barədə məlumatlandırılacaq, eləcə də azad olunan kəndlərdəki vəziyyətlə yerində tanış olacaqlar.

Həmçinin sözügedən kəndlərdən reportajların hazırlanması da nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası, həmçinin Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin məlumatına əsasən, qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.

15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib və sözügedən Texniki Protokol razılaşdırılaraq bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv/km) Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.