Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Ekspertlər KİV-i seçkilərin mühüm bir iştirakçısı kimi dəyərləndirirlər
Bu həftədən etibarən növbədənkənar parlament seçkisi ilə bağlı seçkiqabağı təşviqat kampaniyasına start veriləcək.
Bu məlumat Mərkəzi Seçki Komissiyasının (MSK) "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb. Seçkiqabağı təşviqatın aparılması qeydə alınan namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilən şəxslər, habelə namizədi qeydə alınan siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilən şəxslər tərəfindən həyata keçirilə bilər.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Növbədənkənar parlament seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq və proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.
Seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun aparılır. Konstitusiyanın 47-ci maddəsində göstərilir ki, hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Seçki Məcəlləsinin 74.2-ci maddəsi seçkiqabağı təşviqatın hansı üsullarla aparıla biləcəyini müəyyənləşdirir. Seçkiöncəsi təşviqat kütləvi informasiya vasitələri ilə aparıla bilər. Bundan başqa kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi yolu ilə də təşviqatın aparılmasına qanunla icazə verilir. Seçkiqabağı təşviqat, həmçinin aşağıdakı formalarda da aparıla bilər. Çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu və qanunla qadağan edilməyən digər üsullarla. Kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqat açıq müzakirələr, dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, tele və radio verilişlər, videofilmlər formasında və qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirir. Seçki Məcəlləsinin 74.4-cü maddəsi seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağan edilən şəxslərin siyahısı ilə bağlıdır.
Öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara, seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağan edilir.
Şübhəsiz ki, seçkilərin azad, demokratik və şəffaf keçirilməsində KİV-lərin rolu mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən də ekspertlər medianı seçkilərin mühüm bir iştirakçısı kimi dəyərləndirirlər. Hesab edirlər ki, KİV-lər yalnız seçki təbliğatını həyata keçirən orqan deyil, eyni zamanda seçki mühitinin aşkarlığını təmin edən qurumlardır. KİV-lər sərbəst şəkildə seçkinin aşkarlığını təmin edə, müşahidə missiyasını həyata keçirə, namizədlərarası yarışı təşkil edə və keçirilən seçkilərin imicini formalaşdıra bilər. Elə buna görə də Azərbaycan hökuməti, eləcə də MSK-nın həyata keçirdiyi bütün tədbirlərdə seçkilər zamanı mətbuatın iştirakı təmin edilir, seçkilərin əsas subyektləri olan namizədlərin seçki kampaniyalarında onların mətbuatdan istifadə imkanlarına geniş şərait yaradılır. KİV-lərin vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının vəziyyətini öyrənsin. Bütün bu prosesləri cəmiyyətə çatdırmaqda yeganə institut mediadır. Bəzən MSK-nın verdiyi rəyi bəzi dairələr obyektiv dəyərləndirməyə bilir, amma KİV-lər bunu obyektiv dəyərləndirir. KİV-lər seçkilərdə iştirak edən bütün tərəflərə, o cümlədən siyasi partiyalara, siyasi partiya bloklarına, ayrı-ayrı namizədlərə bərabər şərait yaratmalıdır.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Sherg.az”a açıqlamasında seçki prosesində medianın rolunun kifayət qədər əhəmiyyətli olduğunu deyib. JuHİ sədrinin sözlərinə görə, medianın seçki prosesini işıqlandırmaqla yanaşı, həm də ayrı-ayrı namizədlərin reklamlarının dərc olunması, təbliğat-təşviqat kampaniyalarının təşkili baxımından müstəsna rolu var:
“Azərbaycan cəmiyyəti bu il sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə böyük maraq göstərməkdədir. Hər gün ölkənin aparıcı KİV-lərində seçkilərə hazırlıqla bağlı müxtəlif məzmunlu materialların dərci bu marağın ödənilməsinə dəstək baxımından mühüm əhəmiyyət daşımaqdadır. Əvvəllər olduğu kimi, media orqanlarının bu dəfə də seçki kampaniyasının ayrı-ayrı namizədlərinin platformalarının işıqlandırılmasına geniş yer ayıracağı şübhəsizdir. Medianın seçki dövründəki hüquq və öhdəlikləri İnsan Hüquqları Bəyannaməsinin 19-cu və 21-ci maddələrindən törəyir. Bu maddələr hər bir insanın ifadə və məlumat azadlığının, həmçinin öz ölkəsinin idarə edilməsində bilavasitə və yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək hüququnu təmin edir. Azərbaycanın Seçki Məcəlləsində KİV təmsilçilərinin fəaliyyəti geniş surətdə öz əksini tapıb. Seçki Məcəlləsi mətbuat azadlığına hörmət bəsləmək, təşviqat aparılması üçün KİV nümayəndələrinə bərabər imkanların yaradılması, namizədlərə və MSK-ya KİV-lərdə müvafiq nəşrlərin dərc edilməsi baxımından geniş hüquqi imkanlar yaradır”.
Ölkəmizdə ictimai-siyasi sabitliyin hökm sürdüyünü vurğulayan M.Ələsgərlinin sözlərinə görə, bu, seçki prosesinin demokratik dəyərlərə əsasən aparılmasında mühüm rola malikdir:
“Ölkəmizdə Seçki Məcəlləsinin tələblərinə uyğun azad və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Hesab edirəm ki, seçki prosesinin önəmli mərhələlərindən olan təşviqat kampaniyası da qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçiriləcək. Cəmiyyətdə baş verən hadisələr, o cümlədən seçki prosesi ilə bağlı həm seçicilərə, həm namizədlərə, eləcə də seçki prosesini izləyən digər insanlara həqiqətlərin çatdırılması sahəsində medianın rolu böyükdür. Əsas şərt ondan ibarətdir ki, media seçki prosesini tam obyektiv işıqlandırsın, məlumatlandırma funksiyasını qərəzsiz həyata keçirsin.
Seçki prosesində həm müşahidəçi rolunu oynayacaq, həm də seçkinin gedişatını işıqlandıracaq media orqanları Seçki Məcəlləsini və MSK-nın təlimatlarını öyrənməli və yerinə yetirməlidir. Seçki günündə KİV-in yalnız müşahidə aparmaq hüququna malik olduğunu xatırladan M.Ələsgərli deyib ki, onların hansısa prosesə müdaxiləsi yolverilməzdir. KİV bu barədə məlumatlı olmalıdır”.