Dövlətimiz mediaya ciddi dəstək nümayiş etdirir - RƏYLƏR

Prezidentin Sərəncamını Azərbaycan mətbuatının gələcək fəaliyyət istiqamətləri ilə bağlı bitkin və hərtərəfli yol xəritəsi də adlandırmaq olar

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcək. Nazirlər Kabineti isə yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll edəcək. 

Vurğulanıb ki,  Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib. Qeyd olunub ki, dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir: "Media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır". 

Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam milli mətbuatın ölkənin ictimai fikir və dövlətçilik tarixində oynadığı rola verilən dəyərin təzahürüdür. MŞ rəhbərinin sözlərinə görə, bununla bərabər, eyni zamanda dövlətimizin və onun rəhbərinin ümumilikdə Azərbaycan mediasına neçə illərdən bəri göstərdiyi qayğının növbəti nümunəsidir:

"Bu Sərəncam həm də Ulu Öndər Heydər Əliyevin milli mətbuatımızın yubileylərinin qeyd olunması ilə bağlı müstəqillik illərində qoyduğu ənənənin davam etdirilməsinin göstəricisidir. Azərbaycanın da bir parçası olduğu dünya nizamının saysız təbəddülatla üzləşdiyi indiki gərgin dövrdə milli mətbuatımıza göstərdiyi belə nəcib və kübar münasibətə görə dövlətimizin başçısına həm öz adımdan, həm də Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti adından dərin təşəkkürümü bildirirəm. Sərəncamda cənab Prezidentin Vətən müharibəsi dövründə mediamızın əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya qoyduğunu, düşmən qüvvələrin yaydığı saxta məlumatların ifşası istiqamətində xüsusi səy göstərdiyini, silahlı qüvvələrimizin rəşadəti ilə bağlı zəngin salnamə yaratdığını xüsusi vurğulaması onun müasir jurnalistikamıza nə qədər böyük önəm verdiyini göstərən yaddaqalan nüans kimi gələcək fəaliyyətlərində ölkə jurnalistlərinə stimul verəcək əhəmiyyətli məqamdır. Sərəncamda bu gün mediamızın ölkəmizin tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olduğu vurğulanmaqla bərabər, yeni fəaliyyət prinsiplərinin hökm sürdüyü müasir dövrün Azərbaycan mediası qarşısında yeni vəzifələr müəyyənləşdirdiyi, mediamızın müasir tendensiyaları nəzərə almaqla dövlətimizin maraqlarını həmişə uca tutmalı olduğu qeyd edilir. Əslində, Azərbaycanın söz sahibi dövlət kimi dünya düzənində həmişə güclü mövqedə dayanması üçün çağdaş jurnalistikamızın və biz jurnalistlərin də üzərinə böyük məsuliyyət düşdüyü xatırladılır". 

R.Məcid vurğulayıb ki, Prezidentin bu Sərəncamını ümumən Azərbaycan mətbuatının gələcək fəaliyyət istiqamətləri ilə bağlı bitkin və hərtərəfli yol xəritəsi də adlandırmaq olar: 

"Sənəddə jurnalistikamızın keçmişi ilə bu gününü əlaqələndirməyə, gələcəyə baxış bucağını optimallaşdırmağa imkan verən bir çox müddəalar səsləndirilir, tutarlı arqumentlər sadalanır. Əminəm ki, Azərbaycan mediası və jurnalistikası üçün bu Sərəncam böyük tarixə yüksək dəyərin ifadəsi olmaqla bərabər, həm də mediamızın sabahı və inkişafı baxımından yaddaqalan mühüm bir dövlət sənədi kimi uzun illər xatırlanacaq. Zaman, müasir dünya bütün fəaliyyət sahələrində olduğu kimi, jurnalistika sahəsində də baş verən yeniliklərlə, sürətlə inkişaf edən informasiya texnologiyaları ilə ayaqlaşmağı, baş verən ardıcıl proseslərdən geri qalmamağı diktə edir. Bu prosesdə, şübhəsiz, biz jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Belə məsuliyyətli dövrdə Azərbaycan dövlətinin mediamıza ardıcıl olaraq dəstək verməsi biz jurnalistlər üçün bir üstünlük, bir şansdır. Cənab Prezidentin milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı son Sərəncamı da dövlətimizin Azərbaycan mediasına ciddi dəstəyini nümayiş etdirən növbəti mühüm sənəddir. İnanıram ki, hər birimiz bu məsuliyyətin ciddiliyini nəzərə alıb üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni edəcəyik. Buna müasir peşəkar jurnalistikamızın gücü də yetər, potensialı da".

"Editor.az" saytının baş redaktoru, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı da deyib ki, Sərəncam öz mahiyyətinə görə, təkcə tarixi bir hadisənin qeyd olunması ilə məhdudlaşmır, həm də milli informasiya məkanında strateji-mədəni konturların yenidən müəyyənləşdirilməsinə xidmət edən kompleks sənəd kimi çıxış edir:

 "1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulmuş milli mətbuatın bir yarım əsrlik inkişaf yolu, bu sərəncam vasitəsilə rəsmi olaraq dövlətçilik ideologiyasının mərkəzi komponentlərindən biri kimi qəbul edilir. Sərəncamın mətnindəki vurğular bir daha göstərir ki, dövlət milli mətbuatı sadəcə informasiya ötürücüsü kimi deyil, həm də maarifçilik ideallarının daşıyıcısı, milli şüurun formalaşmasında aparıcı ideoloji institutlardan biri kimi qəbul edir. XIX əsrin sonlarında baş verən ictimai-siyasi transformasiyaların nəticəsi olaraq meydana çıxan milli mətbuat, bu sərəncam kontekstində, modern Azərbaycan dövlətinin tarixi-fəlsəfi köklərinin ayrılmaz tərkib hissəsi kimi təqdim olunur. Bu yanaşma həm tarixi yaddaşın gücləndirilməsinə xidmət edir, həm də media sektorunun gələcək inkişaf trayektoriyasının ideoloji əsaslarını müəyyənləşdirir. Əlavə olaraq “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis olunması, bu sahədə xidmətləri olan şəxslərin fəaliyyətinə verilən yüksək dəyərin təsdiqidir. Bu medal, yalnız fərdi nailiyyətlərin tanınması baxımından deyil, həm də jurnalistikanın cəmiyyətdəki reputasiyasının yüksəldilməsi və peşəkar medianın təşviqi baxımından strateji alət funksiyasını yerinə yetirir. Ötən dövrlərdə keçirilmiş oxşar yubileylərlə müqayisədə, budəfəki tədbirlər kompleks şəkildə hüquqi, mədəni və ideoloji müstəvidə daha geniş formada təşkil ediləcək ki, bu da dövlətin informasiya siyasətinə münasibətdə konseptual dəyişikliklərə işarədir. Nəticə etibarilə, bu sərəncam təkcə yubiley tədbirinin keçirilməsi ilə yekunlaşmır, əksinə, Azərbaycanın milli media strategiyasının həm daxili, həm də xarici ideoloji dayaq nöqtələrini aydın şəkildə formalaşdırır. Beləliklə, Milli Mətbuatın 150 illiyi yalnız bir tarix deyil, həm də dövlətçilik fəlsəfəsinin media prizmasından təcəssümüdür".

"Manşet.az" xəbər portalının direktoru Famil Fərhadoğlu da qeyd edib ki, bu Sərəncam dövlət başçısının milli mətbuatımıza verdiyi böyük önəmin və dəstəyin bariz nümunəsidir: 

"Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. 2021-ci ildə qəbul olunan “Media haqqında” Qanun müasir dövrün tələblərinə cavab verən hüquqi baza formalaşdıraraq medianın inkişafını yeni mərhələyə yüksəltdi. Elə həmin il yaradılan Medianın İnkişafı Agentliyi isə jurnalistlərin peşəkarlığının artırılması, təlim proqramlarının təşkil olunması və media subyektlərinə dəstəyin gücləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir. 44 günlük Vətən müharibəsi dövründə isə Azərbaycan mətbuatı informasiya cəbhəsində böyük qəhrəmanlıq nümayiş etdirdi. Dəqiq, operativ və doğru məlumatların çatdırılması, dezinformasiyalara qarşı qətiyyətli mübarizə aparılması Azərbaycanın informasiya savaşında üstünlük qazanmasına mühüm təsir göstərdi. Jurnalistlər cəbhə bölgələrindən, ön xətdən, azad edilən torpaqlardan peşəkar reportajlar hazırlayaraq xalqımıza ruh verdilər, dünya ictimaiyyətinə isə Azərbaycanın haqq səsini çatdırdılar. Milli mətbuatın 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması həm də keçmişə dərin ehtiramın, milli mətbuat tariximizin layiqli şəkildə qiymətləndirilməsinin təzahürüdür. Qarşıdan gələn yubiley tədbirləri çərçivəsində müxtəlif konfranslar,  mükafatlandırma mərasimləri və digər irimiqyaslı layihələrin keçirilməsi planlaşdırılır. Bu tədbirlər yeni nəsil jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına, milli mətbuat ənənələrinin yaşadılmasına mühüm töhfə verəcək".