İndiki halda, əlbəttə, bir çox televiziyalar sıradan çıxa bilər - Qulu Məhərrəmli

  • Kanallar rəqabət gücünü artırmalıdır. Bunu məlumatları dəqiq və dürüst çatdırmağın hesabına etməlidir

Rəqəmsal texnologiyaların sürətli inkişafı və sosial medianın geniş yayılması ənənəvi media qarşısında ciddi çağırışlar yaradıb. Bu gün tamaşaçıların informasiya istehlakı vərdişləri dəyişib. Televiziya isə yeni rəqabət mühitinə uyğunlaşmaq məcburiyyətində qalıb.

Elə bu səbəbdən televiziya sektorunun gələcəyi, rəqəmsal transformasiya və ənənəvi medianın perspektivləri son dövrlər geniş müzakirə olunur. İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov Real TV-nin Media Masası proqramında seyib ki, televiziya formatı artıq özünün son onilliyini yaşayır. O, ənənəvi televiziya formatının bütün dünyada ciddi sınaq qarşısında olduğunu bildirərək, çıxış yolunu rəqəmsal transformasiyada gördüyünü deyib. 

"Uzun illər televiziya və ənənəvi medianın bir monopoliyası var idi. Bu gün isə artıq o monopoliya yoxdur və televiziyalar yalnız sosial şəbəkələr və ya saytların yaydığı xəbəri təsdiqləyir, çünki ənənəvi olaraq tamaşaçı televiziyalara etibar edir", - deyə B. Qasımov bildirib.

İTV rəhbəri özünün də televiziya verilişlərini sosial media üzərindən izlədiyini bildirib.

Onun fikrincə, ənənəvi televiziya formatı artıq özünün son onilliyini yaşayır:

"Bu, tək Azərbaycan televiziyasının problemi deyil. Bütün dünyada ənənəvi televiziya "Titanik" gəmisi kimi batır. İndi iki yol var, ya "Titanik"dəki orkestr kimi gəminin batdığını bilə-bilə musiqini davam etdirmək, ya da çıxış yolu axtarmaq".

İTV rəhbəri çıxış yolunu televiziyaların rəqəmsal transformasiyasında görür.

"Bizim növbəti bir neçə illik planımız ondan ibarətdir ki, biz öz platformamız üzərində işləyirik. O platformanın biri xəbər yönümlü, digəri əyləncəli olacaq", - B.Qasımov bildirib.

Əməkdar jurnalist, televiziya tənqidçisi, BDU-nun professoru Qulu Məhərrəmli isə mövcud vəziyyəti dəyərləndirərək televiziyanın gələcəyi ilə bağlı fikirlərini Sherg.az-la bölüşüb:

"Televiziya hazırda özünün çox mürəkkəb və çətin dövrünü yaşayır. Çünki indiyədək kinoya, radioya, qəzetə rəqib olan televiziya indi daha böyük rəqiblə- yeni media, internet və onun yaratdığı müxtəlif media platformaları ilə üz-üzədir. Bunların hamısı informasiya almaq, məlumatlandırma baxımından tamamilə yeni və fərqli mənzərə formalaşdırıb. Birinci növbədə, televiziyanın auditoriyası parçalanıb. İkincisi, televiziyanın öz təbiəti ilə bağlı, xüsusilə məlumatın çatdırılması sahəsində ciddi geriləmələr var. Üçüncüsü isə, yeni dövrə uyğunlaşmağın çətinlikləri televiziyanı xeyli dərəcədə geri salır. Amma bunlarla yanaşı, demək olmaz ki, televiziya tamam batır, sıradan çıxır və tarix səhnəsini tərk edəcək. Mən bu cür düşünmürəm. Dünyanın qabaqcıl təcrübəsi də bunu göstərir.

Televiziya rəqabət gücünü artırmalıdır. Bunu məlumatları dəqiq və dürüst çatdırmağın hesabına etməlidir". 

Professor vurğulayıb ki, televiziyalar auditoriyanın içinə girməklə, onun tələbatını daha yaxşı anlamaqla tamaşaçıları cəlb etməlidir:

"Digər tərəfdən, tamaşaçının niyə televiziyadan üz döndərdiyini araşdırmaq lazımdır. İndiki halda, əlbəttə, bir çox televiziyalar sıradan çıxa bilər. Amma universal televiziyalar, xəbər kanalları yaşayacaq. O cümlədən ictimai televiziya tipli kanallar tamaşaçı üçün müxtəlif mənbələrdən xəbərləri birləşdirib çatdıra bildiyi üçün yaşaya bilir. Bunun üçün televiziyanın sərbəst seçim imkanları, operativliyi və mötəbərliyi, peşəkarlığı qorunmalıdır. Bunlar qaldıqca televiziya da qalacaq. Bunlar müasir televiziya üçün çox önəmlidir.

Məsələn, Avropada kim deyə bilər ki, BBC sıradan çıxa bilər, yaxud Frans 1 və ya ZDF kimi kanallar bağlanır? Skandinaviya ölkələrində də televiziya normal şəkildə fəaliyyət göstərir və insanlar baş verən hadisələri televiziyadan izləyirlər. Cəmiyyətin strukturu, informasiyaya olan tələbatı və media savadlılığı kimi obyektiv amillər televiziyanın yaşamasına kömək edir".

Əməkdar jurnalist televizyaların gələcəyi ilə bağlı bədbin olmadığını bildirib:

"Bu məsələlərdə mən o qədər də bədbin deyiləm. Amma başqa məsələ odur ki, televiziyalar yenidən transformasiya olunmalı, yenidən qurulmalı, öz strukturuna və proqram siyasətinə yenidən baxmalıdır. Bunu bacaran televiziyalar yaşayacaq, bacarmayanlar isə zamanla əriyib gedəcək".