“Media azadlığı”nın arxasındakı maraqlar - BBC qalmaqalı Qərbi ifşa etdi

Azər Həsrət: “Qərb mediası böyük biznesin və siyasətin təsiri altındadır”

Qərb mediası bizə dərs keçməyə çalışır, amma özü səhvlərlə doludur

Böyük Britaniyanın BBC tele-radio korporasiyasının baş direktoru Tim Deyvi, ABŞ Prezidenti Donald Trampın çıxışı ilə bağlı yaranan qalmaqaldan sonra istefa verib. Məlumata görə, BBC 2021-ci ildə Trampın çıxışını saxta montaj edərək onun Kapitoli basqınını dəstəklədiyi təəssüratını yaradıb. Eyni zamanda, xəbərlər şöbəsinin rəhbəri Debora Törnes də istefa verib.Bu hadisə əslində Qərb mediasının iddia etdiyi dəyərlərə hər zaman əməl etmədiyini və siyasi maraqlar qarşısında bəzən tərəfsizliyini itirdiyini göstərir.

Media eksperti Azər Həsrət Sherg.az-a açıqlamasında bu media qrumlarının korporativ maraqlara xidmət etdiyini söyləyib:

"İstər BBC olsun, istərsə də ona bənzər digər xarici media qurumları-onlar, bir qayda olaraq, korporativ maraqlara xidmət edirlər. Böyük biznesin və siyasətin təsiri altındadırlar. Düzdür, bəyanatlarında “media azadlığı”, “pluralizm”, “tərəfsizlik” kimi dəyərlərə sadiq olduqlarını bildirirlər, lakin böyük pullar və ya siyasi təzyiqlər qarşısında çox vaxt dayana bilmirlər. Nəticədə korporativ maraqlara boyun əyirlər. Görünür, 2021-ci ildə Donald Trampla bağlı həmin paylaşım və ya yayım da bu səbəbdən baş verib. Ya kimlərsə onlara böyük məbləğdə pul təklif edib, ya da müəyyən siyasi təzyiqlər nəticəsində bu addımı atmağa məcbur olublar. İndi isə etdikləri saxtakarlıq üzə çıxıb və nəticədə istefa vermək məcburiyyətində qalıblar". 

Ekspert bəzən Azərbaycan kimi yeni formalaşan demokratiyalarda Qərb mediasının həddindən artıq ideallaşdırıldığını söyləyib:

"Bizə elə təqdim olunur ki, guya onlar “aydan arı, sudan duru”durlar, heç bir qüsurları yoxdur və media etikasına yüzdə-yüz əməl edirlər. Halbuki bu hadisə bunun tam əksini sübut edir. Ona görə də mən həmişə deyirəm: jurnalistika vətənpərvərlik, milli maraqlar və dövlət maraqları məsələsində bizə “dərs” keçməyə çalışan Qərb mediası, əslində, eyni situasiyada öz dövlətlərinin və korporativ maraqların tərəfində dayanır. Amma biz oxşar mövqe sərgiləyəndə dərhal “mətbuat azadlığının boğulması”ndan danışırlar. Bu hadisə, yəqin ki, Azərbaycanda da bəzi insanların gözünü açar".