“Ötən ilin statistik nəticələrinə görə, məktəbyaşlı uşaqların təxminən 64 faizi sosial mediadan aktiv istifadə edir. Bu, gün ərzində 5 saatdan çox vaxtın rəqəmsal platformalarda keçirilməsi deməkdir. Bu göstərici olduqca narahatedicidir. İstifadə əsasən TikTok və WhatsApp platformalarının payına düşür”.
Teleqraf xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsinin ictimai müzakirəsi zamanı deyib.
O vurğulayıb ki, Azərbaycanda valideynlərin 43 faizi övladlarının sosial media istifadəsinə nəzarət edə bilmədiyini etiraf edir:
“Bu layihənin məqsədi uşaqlar üçün sosial medianı tamamilə bağlamaq deyil. Təşəbbüsün əsasını iki prinsip təşkil edir.
Birincisi, 16 yaşına qədər uşaqların sosial media platformalarından istifadəsinə məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur. İkincisi, 16–18 yaş aralığında olan yeniyetmələrin sosial mediadan istifadəsi valideyn və ya qanuni nümayəndənin razılığı ilə mümkün olacaq.
Bundan əlavə, sosial şəbəkələrdə istifadəçinin fasiləsiz şəkildə məzmuna baxmasını təşviq edən “sonsuz sürüşdürmə” funksiyasına da müəyyən məhdudiyyətlərin tətbiqi planlaşdırılır”.