Elə proqramlar hazırlanmalıdır ki, insanlar onları izləyərkən özlərindən iyrənməsinlər
Son zamanlar Azərbaycan teleməkanını küçədən fərqləndirmək çətinləşmişdi. Cəmiyyətin əsəbləri dırnaqarası aparıcıların qeyri-etik davranışları və nalayiq ifadələrinə görə sözün əsl mənasında tarıma çəkilib. Əsl jurnalist xalqın səsi, vicdanı və güzgüsü olmalıdır. Lakin bu prinsiplər bir qrup “aparıcı” tərəfindən kobud şəkildə tapdalanır.
Reytinq xatirinə şəxsi həyatları ifşa edən, insan ləyaqətini alçaldan və bayağı müzakirələri normallaşdıran aparıcılar Azərbaycanın yalnız üz qarasına çevrilə bilərlər. Tarix Əliyev kimi fiqurların “şou” adı altında əxlaqsızlığı legitimləşdirməsi, milli dəyərləri ucuz sensasiyaya qurban verməsi, ölkəmizin nüfuzuna xələl gətirir. Uzun müddətdir gözlənilən dönüş nöqtəsi nəhayət yetişdi. Artıq televiziya məkanında zərərli tendensiyaların aradan qaldırılması istiqamətində konkret addımlar atılmaqdadır. Elgiz Əkbər və Tarix Əliyevin verilişlərinin bağlanması ilə başlanan proses, bu gün Xoşqədəm Hidayətqızı və Zaur Kamalın proqramlarının da dayandırılması ilə davam edir.
Mövzu ilə bağlı tanınmış jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Sherg.az-a bildirib ki, aparıcılar hoqqabazlıq etmək əvəzinə peşəkar jurnalist kimi cəmiyyətə xidmət etməlidir:
“Adını jurnalist qoyan şəxslər jurnalistikanın peşə etik kodeksinə və prinsiplərinə zidd davranışlardan çəkinməlidir. Aparcılar savadlı olsa, televiziyada dırnaqarası verlişlərlə yox, maarifləndirici proqramlarla qarşılaşarıq. Süni şou verilişləri ilə xalqımızın başını qatıb, onların mədəni səviyyəsini zədələmək olmaz. Efirdə sərgilənən qeyri-etik davranışlar və nalayiq ifadələr Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərinə zərbə vurur. Biz əyləncəli şou proqramlarına yer verdiyimiz qədər maarifləndirici verilişlərə də vaxt ayırmalıyıq”.
E.Şıxlının sözlərinə görə televiziya məkanında problemlərin kökü dərindir:
“Birbaşa telekanal rəhbərləri, aparıcların fəaliyyətinə düzgün istiqamət verməlidir. Elə proqramlar hazırlanmalıdır ki, insanlar onları izləyərkən özlərindən iyrənməsinlər. Yoxsa efirdə elə davranışlar nümayiş etdirilir ki, onların azərbaycanlı, yoxsa erməni olduqları barədə şübhələr yaranır. Ölkədə saysız-hesabsız problemlər var. Onları işıqlandırmaq lazımdır. Bununla yanaşı, Azərbaycanın zəngin mədəniyyəti və köklü tarixi də efir məkanında layiqincə təbliğ olunmalıdır. Bunlara aid informasiya xarakterli layihə və proqramlar təşkil edilməlidir”.