"Elgizin və Tolikin verilişini bağlayandan sonra bu tipli verilişlərə baxanlar "Müge anlının" proqramını izləməyə başlayacaqlar. Çünki xalq bunlara alışıb"
Son zamanlar dırnaqarası aparıcıların, sayəsində efirdə qeyri-etik davranışlar, nalayiq ifadələr, süni qalmaqallar adi hala çevrilib. Nəhayət ki, problemin aradan qaldırılması üçün bir sıra tədbirlərin görülməsinə başlanılıb. Xəbər portallarında yayılan məlumatlara görə, Tarix Əliyevlə, Elgiz Əkbərin verilişinin yayımı dayandırılıb.
Əslində televiziya aparıcısı həm peşəkar, həm də etik baxımdan cəmiyyət üçün nümunəvi olmalıdır. Lakin mövcud vəziyyət o həddə gəlib çatıb ki, tamaşaçı ekranda gördüyündən zövq almaq əvəzinə xəcalət hissi keçirir. Juralistin peşə etik kodekslərinə əsasən aparıcı efirdə, hörmət prinsipini üstün tutmalı, “Reytinq xatirinə” insan ləyaqətini zədələməməlidir. Xüsusilə də sensasiya üçün efirə gələn qonağın şəxsi həyatını icazəsiz müzakirə etmək yolverilməzdir. Görünür, “Elgizlə izlə” verilişinin aparıcısı Elgiz Əkbərin və “Tarixin bir günü” verlişinin aparıcısı Tarix Əliyevin bunlardan xəbəri yoxdur. Aparıcı efirin sahibi olaraq, sözü, mühiti və həddi müəyyən edən şəxsdir. Əgər o, studiyaya gələn qonaqların davranışına nəzarət edə bilmirsə, bu artıq təkcə qonağın deyil, aparıcının da məsuliyyətidir. T.Əliyevin verilişlərinin birində, müğənninin “baxış çox gəlir deyə belə hərəkətlər edirəm” etirafı problemin mahiyyətini açıq şəkildə ortaya qoyur. Acınacaqlısı da budur ki, insanlar milyon baxışlara, “tək şəxsiyyəti”ni qurban verməyə hazırdır. Halbuki sənətin gücü “reytinq”də deyil, dəyərdədir. Baxış sayı arta bilər, amma itirilən nüfuz və hörmət eyni sürətlə geri qayıtmır.
Mövzu ilə bağlı jurnalist Nəmənd Rüstəmov Sherg.az-a bildirib ki, televiziyanın problemlərini yalnız Səidə Sultan və ya Tarix Əliyev (Tolik) üzərindən həll etmək mümkün deyil:
“Bu gün Azərbaycan televiziyaları arzuladığımız səviyyədə deyil. Televiziyanın müstəqillikdən sonrakı tarixinə nəzər saldıqda görürük ki, yerli jurnalistlərimizin müəllifi olduğu kifayət qədər samballı və peşəkar verilişlər olub. Lakin bu gün, elə bir mərhələyə gəlib çatmışıq ki, televiziya cəmiyyəti maarifləndirən platformadan çox, idarəetmə alətinə çevrilib. Halbuki ABŞ və Avropa ölkələrində televiziya daha çox iqtisadi mexanizm kimi fəaliyyət göstərir. Orada özəl kanalların əsas məqsədi keyfiyyətli kontent istehsal edib, auditoriyanın diqqətini cəlb etmək və bununla gəlir əldə etməkdir. Televiziyanın sağlam şəkildə formalaşması üçün azad iqtisadi münasibətlər, real bazar şəraiti və seçim imkanları olmalıdır. Azərbaycan yeni dövlət olduğuna görə, bu proseslərin zamanla formalaşacağına ümid etmək olar”.
N.Rüstəmov televiziyadakı vəziyyətin səbəbini maliyyə problemləri ilə əlaqələndirib:
“AzTV və İctimai Televiziya dövlət tərəfindən maliyyələşdirildiyi üçün istədikləri kontenti alıb, yayımlamaq imkanına malikdirlər. Özəl kanallarda isə vəziyyət fərqlidir. Onların büdcəsi məhdud olduğuna görə reytinq və reklam gəlirlərindən asılı qalırlar. Bir neçə il əvvəl Audiovizual Şuranın rəhbəri İsmət Səttarov bildirmişdi ki, Azərbaycanın audiovizual məkanında illik reklam bazarı 20 milyon dollardan azdır. Müqayisə üçün qeyd edək ki, “Game of Thrones” kimi nəhəng layihəyə 1 milyard dollara yaxın vəsait xərclənib. Belə fərq şəraitində yerli kanalların keyfiyyətli və bahalı layihələr istehsal etməsi real görünmür. Bir neçə il bundan qabaq, ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlı və sabiq Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən dünya formatlı bir layihə Azərbaycana gətirildi. Nəticədə kanal iqtisadi baxımdan zərərlə üzləşdi. Çünki həmin layihəni qarşılayacaq reklam bazarı formalaşmamışdı”.
Jurnalistin sözlərinə görə, 14 ilə yaxındır ki, qeyri-ciddi verlişlər Azərbaycan teleməkanını zəbt edib:
“Televiziya sahəsində əsas problemlərdən biri aparıcılardan çox, marketinq və menecment sistemindədir. Reallıq budur ki, televiziya cəmiyyətin bütün gerçəklərini əks etdirə bilmədikcə, reytinq uğrunda mübarizəyə məcbur qalır. Televiziya rəhbərləri bir araya gəlib problemləri sistemli şəkildə həll etməlidirlər. Çünki aparıcı maksimum layihə rəhbəri ola bilər, qərarları verən və strategiyanı müəyyənləşdirən isə rəhbərlikdir. Elgizin və Tolikin verilişini bağlayandan sonra bu tipli verilişlərə baxanlar "Müge anlının" proqramını izləməyə başlayacaqlar. Çünki xalq bunlara alışıb. Aparıcıları nə qədər tənqid etsək, verilişlərini dayandırsaq da heç bir xeyri olmayacaq. Bu gün “Tolik” sabah da, ona bənzər başqa bir adam aparıcı kimi fəaliyyətə başlayacaq. Bir sözlə problem, idarəetmə sisteminin təməlindədir”.
Aybəniz Səfərova