“Qarabağ məsələsində əlimizi-qolumuzu bağlamağa çalışırlar” - Sabir Rüstəmxanlı 


“1 milyondan çox qaçqını olan  ölkədə bu qədər partiyanın olmasını doğru hesab etmirəm” 



Xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı “Şərq”in suallarını cavablandırıb . Onunla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qurucusu və ilk sədri Vurğun Əyyubun vəfatının ölkə ictimaiyyətində yaratdığı rezonans, ədəbi cameənin durumu, sosial mediada söyüş kampaniyası, iqtidar-müxalifət dialoqu, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, dil, mədəniyyət və digər milli sərvətlərimizə olan biganəlik və s. məsələlər ətrafında maraqlı söhbət apardıq.

Söhbəti təqdim edirik:

-Sabir bəy, sabiq TQDK sədri Vurğun Əyyubu itirdik... 

-Son günlər bütün sosial media və eləcə də ölkə ictimaiyyəti, siyasi partiyaların üzvləri, hər kəs onun yaşaması üçün dualar edir; şəfa taparaq ayağa qalmasını arzulayırdı. Bu onu götərir ki, dünyada halal və düzgün yaşayan insanların yeri bilinir, görünür. Xalq belə insanları digərlərindən seçib, fərqləndirir. Bu mənada Vurğunun itkisi ölkənin mədəni, mənəvi, təhsil və siyasi həyatı üçün böyük itki idi. Onun yeri çox görünəcək. Onunla vidalaşmağa  müxalifət düşərgəsinin bütün fəalları gəlmişdi. Vurğunun  keçdiyi yollar və gördüyü işlər barədə  dəyərli fikirlər səsləndirildi. Ən çox da onun təhsilimizə bəxş etdiyi və ondan yadigar qalan test sistemi barədə danışıldı. Test sistemindən əvvəlki dövrü yaxşı xatırlayıram. Yay aylarında paytaxt rayonlardan gələn insanlarla dolurdu. Onlar  övladlarını ali məktəbə qəbul etdirmək üçün yollar axtarırdılar. Xalqın canını bu bəladan test sistemi qurtardı. Vurğun bəy neçə nəsil üçün yaşıl işıq yandırdı. Düzdü, test üsuluna qarşı çıxanlar da oldu, amma həyat, zaman  onu sübut etdi ki, bu olduqca gərəkli addım imiş.  

-Müxalif düşərgənin adını çəkdiniz. Yeri gəlmişkən soruşum. Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də bu yaxınlarda baş tutan iqtidar-müxalifət dialoqudur. Doğrudur, bunun imitasiya xarakterli olduğunu söyləyənlər də tapıldı. İki düşərgə arasındakı bu dialoqu necə qiymətləndirirsiniz?

-Bu görüşün təşkilatçısı, millət vəkili Fəzail Ağamalı məni də dəvət etmişdi. Xaricdə idim. Azərbaycanda siyasi həyata atılandan bəri, ömrüm boyu vətəndaş həmrəyliyinin, ümumilli birliyin tərəfdarı və təbliğçisi olmuşam. Qarşılıqlı anlaşma qaçılmazdır. Zamanında bu yöndə  müəyyən addımlar atılmışdı. İqtidarla  müxalifət partiyaları arasında görüşlər keçirilirdi. Seçkilərlə və digər problemlərlə bağlı müzakiərlər aparılırdı. Amma sonra nədənsə bu ənənə qırıldı. Məncə, bu dialoqun təşəbbüskarı iqtidar olmalıdır. “Azərbaycanda müxalifət yoxdur, müxalifət parçalandı, müxalifət sıradan çıxdı” deməkdə nəyəsə nail olmaq mümkün deyil. Hakim partiyanın sıralarından olan bəzi kəslər bu sözləri tez –tez işlədirlər. Buna sevinmək deyil, kədərlənmək lazımdır. Çünki ölkədə nə qədər güclü müxalifət olsa, iqtidar da bir o qədər çox çalışacaq və güclü olacaq. Yəni, müxalifətin iqtidara təsir gücü artacaq və iqtidar da yanlışlarını aradan qaldırmağa çalışacaq. Bu, bir yarışdı, marafondu. Hər kəs finala birinci çatmaq istəyir. Ona görə də, bu daloq  daha geniş miqyasda təşkil olunmalıdır. Çalışmaq lazımdır ki, bütün siyasi partiyalar ora qatılsın. Doğrudur, adı olub, fəaliyyəti gözə dəyməyən siyasi təşkilatlar da mövcuddur.  Azərbaycan müstəqillik qazandıqdan sonra 50 yaxın partiya qeydiyyatdan keçib. Qarabağ boyda problemi olan, torpağının 20 faizi düşmən tapdağında qalan, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan  ölkədə bu qədər partiyanın olmasını doğru hesab etmirəm. Ola bilər ki, bu, bir layihədir  və bununla bizi paramparça edib, Qarabağ məsələsində əlimizi-qolumuzu bağlamağa çalışırlar. Həmişə demişəm ki, torpaqlarımızı işğaldan azad edənə qədər  “demokratiya” oyunlarını kənara qoyub, bir yerdə çalışmalı idik. Ərazi bütövlüyümüzü təmin etdikdən sonra dünyanın qəbul etdiyi qanunlarla siyasi proseslərə başlaya bilərdik. Bu işlərdə tələskənlik oldu. Hərə özünə bir siyasi təşkilat və QHT yaratdı. Nəticədə yağışdan sonra çıxan göbələklər kimi  onları sayı artdı və  didişmələr başlandı. Bu, düzgün yol deyildi. Ona görə də, bu gün insanlar bir-birini söyməklə məşğuldur, az qala Qarabağ savaşı da yaddan çıxıb.

- Söyüş demişkən, doğrudan da bu hal son vaxtlar çox acınacaqlı bir müstəviyə  çıxıb. Kimin kimdən xoşu gəlmirsə, sosial mediada söyməyə başlayır. Bu söyüş kampaniyasının nəticəsi necə ola bilər ?

-Cəmiyyətdə sevgi azalıb.  Qarşılıqlı etimadsızlıq insanları üz-üzə qoyur. Bunun sonu yaxşı olmayacaq. Bu, düşmənə meydan açmaqdır. Hesab edirəm ki, Azərbaycanda siyasi mühit dəyişməli, qarşılıqlı inam yaradılmalıdır. Bir-birimizə sayğı ilə yanaşmalı və  ölkənin bütün problemlərini bir yerdə müzakirə etməliyik. Hakimiyyət bu işə maraqlı olmalıdır. Hakimiyyətin görmədiyi və ya görmək istəmədiyi məqamların, iqtisadi, sosial, mədəni və hərbi sahədəki  problemlərin həlli üçün ölkənin bütün potensialı səfərbər olmalıdır.. Bu problemlərin həlli yollarını cəmiyyətlə birgə müzakirə edib aydınlaşdırmaq lazımdır. Hər halda iqtidarla müxalifət arasında fərqli baxışlar var. Ölkənin gələcəyi üçün ortaq bir nəticəyə gəlinə bilər. 

-Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət çəkdiniz. Münaqişənin tənzimlənməsi hansı yolla mümkündür ? 

-  Qarabağ elə bir məsələdir ki, burada iqtidar da, müxalifət də bir mövqedən çıxış etməlidir. Hesab edirəm ki, Mink qrupuna verilən vaxt başa çatıb. Minsk qrupu öhdəliyini yerinə yetirə bilməyib.  Prosesi sıfır nöqtəsinə geri qaytarıblar.   Həmsədrlər səfərlər edirlər, görüş təşkil edirlər, əylənirlər, istirahət edirlər. Çalışırlar ki, vaxt uzansın və Azərbaycan cəmiyyəti 20 faiz torpağı və 1 milyon qaçqını yaddan çıxarsın.  Sanki, bundan sonra Azərbaycan İrəvanı, Zəngəzuru, Göyçəni unutduğu  kimi Qarabağı da unudacaq. Əslində bu, sadəlövh bir düşüncədir. Çünki indi SSRİ-nin tərkibində  deyilik və hər şey Moskvanın iradəsinə bağlı deyil. İndi biz müstəqil dövlətik və bu dövlətin torpağı işğal olunub.  İşğal davam edir. Biz hüquqlarımızı tələb edirik.  Azərbaycan BMT qətnamələrinin yerinə yetirilməsini tələb etməlidir. Bildirməlidir ki, torpaqlar qaytarımalıdır, işğalçı ərazilərimizdən çıxmalıdır.   Beynəlxalq təşkilatlara vaxt verilməlidir ki, bu danışıqlar nə qədər sürəcək və nəticəsi nə olacaq ? Onlar təsir mexanizmlərinin olmadığını söyləyirlər. Təsir mexanizmi yoxdursa, bunu hansısa bir yolla yaratmaq lazımdır. Elə bir şərait yaradılmalıdır ki, Azərbaycanın müharibədən başqa bir yolunun qalmadığı qəbul və etiraf edilsin. Əlbəttə, ən ideal yol  bu işğala danışıqlarla son qoyulması olardı.   

-Bir az da ədəbiyyat sahəsinə və ya ölkəmizin ədəbi mühitinə ekskurs edək. Bilirik ki, Azərbaycanın ən çətin, dar günündə xalq yazıçıları və xalq şairləri xalqın önünə çıxıb, onlara səslənirdilər, xalq da onların arxasınca gedirdi. Lakin indiki yazıçılar bildirirlər ki, onlar xalq və cəmiyyət üçün yox, ayrı-ayrı fərdlər üçün yazıçılar. Belə çıxır ki, ədəbiyyatın maarifçilik missiyası başa çatıb ?

-  Vaxt tapanda gənc yazıçı və şairlərin yazıları ilə tanış oluram, bəziləri haqqında yazılar yazmışam. Cavan yazıçı və şairlərlə bağlı elə də bədbin deyiləm.  Doğrudan da, Azərbaycan ədəbiyyatına istedadlı nəsillər gəlir. Hər 20 yaş bir nəsildi. Bizdən sonra ədəbiyyata  bir neçə nəsil gəlib. Biz özümüzü 70-cilər sayırıq.  İstedalı gənclərimiz var. Düşüncələri fərqlidir. Bəzən “sənət sənət üçündür”, “mən özüm və ya bir qrup adam üçün yazıram” deyənlərə də rast gəlirik. Amma əslində, Azərbaycanda ədəbiyyatın maarifləndirmə missiyası başa çatmayıb. Azərbaycanda bir çox dəyərimizin ümumxalq təfəkküründə möhkəm yer qazanması üçün ədəbiyyatın missiyası davam edir. Cavanlar ədəbiyyata fərqli münasibət göstərə bilərlər. Amma onların böyük hissəsi milli maraqlarımızdan çıxış edirlər. Azərbaycanın əsas problemi olan müharibədən, qaçqınların taleyindən, ölkədəki ictimai-siyasi proseslərdən, xalqın mənəvi-psixoloji durumundan  yazırlar.  Yalnız quyunun dibində yaşayan adam özü və ya 5-6 nəfər üçün yaza bilər. İstedadlı cavanları tanıyıram. Çox rəngarəng mövzulara müraciət edirlər. Əsl bədii söz, gərəkli mövzu və mükəmməl ifadə tərzinin axtarışındadırlar. Onların gələciyinə böyük ümid və sayqı ilə yanaşıram. Ədəbiyyatın işini cəmiyyətin ümumi dərdlərindən ayırmaq olmaz. O vaxt mən də meydanda xalqa müraciət edirdim, hamı tanıyırdı, qəbul edirdi. Yeni nəslin içərisindən də bu cür ədəbiyyat adamları çıxacaq. Bundan narahat olmayın.

-Özümüzü və eyni zamanda öz olanı bəyənməmək kimi yanaşmalar da var. Dilimizi, tar, kaman, muğam və sazımızı bəyənmirik. Sazımızı lağ obyektinə çeviririk. Amma ölkəmizə gələn əcnəbilər bizdən özümüzün  olanı istəyir. Nədir bu özününkünü iqnor etmə; bu hal nədən qaynaqlanır? 

-  Bu meyli mən də hiss edirəm; başqa sahələrdə və  ədəbiyyatda... Cavanlar  dünya ədəbiyyatını yaxşı bildiklərini gözə soxmağa çalışırlar.   Sanki öz ədəbiyyatımız  onların deyil. Halbuki, biz ədəbiyyatımızla fəxr eləməliyik.  Bu il Nəsimi ilidir. Nəsimini oxuyanda  heyrətlənirsən. Görürsən ki, dünyada bənzəri olmayan şairdir. Füzuli də onun kimi. Nizami, şübhəsiz, dünya poeziyasının yüksək zirvələrindən biridir. Adamları heyrətə gətirən şairlərdir. Bunları oxumamaq olmaz. XIX-XX əsr ədəbiyyatımızda da  möhtəşəm ədəbi nümunələr Mirzə Cəlilin, Sabirin adını çəkmək yetərlidir. Biz daha çox Hüseyn Cavidin drammaturgiyasını oxumuşuq. Bu günlərdə onun şeirlərini bir daha gözdən keçirdim; nə boyda böyük ruhla yazıldığına heyrətləndim. Cəfər Cabbarlının ədəbiyyat və mədəniyyətimiz haqqında məqalələrini oxuyur  və etiraf edirəm ki, bu gün düşündüklərimizin eynisini  yazıb. Uzeyir Hacibəylini bəstəkar kimi tanıyırıq, amma onun misilsiz publisistikası da var. Baxıram və heyrətə gəlirəm. Özümüzü tanımadan, bilmədən başqalarına aludəlik savadsızlığın əlamətidir. Dünyanı da oxu, amma öncə özünü dərk et! Özündən də xəbərin olsun. Tariximizə biganəlik, özümüzü saymamaq   keçmişimizə yuxarıdan aşağı baxmaq, cəhalətdir. Bunun başqa adı yoxdur. Bu, nankorluqdur. 

-Dil məsələsi ilə bağlı da xeyli xoşagəlməz hallar var...

-Bunun günahı Azərbaycanda bu qədər rus məktəbi saxlayanlardadır.  7 yaşı olan uşağı öz iradəsindən asılı olmadan, aparıb rus məktəbinə qoyurlar. O da rus dilində oxuyur, öz dili, mədəniyyəti, tarixi və çoğrafiyasından xəbərsiz böyüyür;  içi yarımçıq olur. Böyüyəndə də rus dilində düşünür və o dildə də danışı. Heç bir normal ölkədə qonşu ölkənin dilində olan bu qədər məktəb yoxdur. Qoy, bəlli sayda rus,  fransız,  ingilis təmayüllü məktəb olsun. Amma müstəqil ölkənin təhsil dili ana dili olmalıdır. Xarici dillər vasitəsilə millətin beynini işğal edirlər. Reklam lövhələri, Bakının mərkəzindəki obyektlərə  qoyulan əcnəbi adlar və  bir sıra başqa yollar da sosia-mədəni işğala xidmət edir; xalq öz məhvərindən, kimliyindən uzaqlaşdırılır. Millətin beyninin milli dəylərdən təmizlənməsi prosesi gedir. Bu, Dağlıq Qarabağın işğalından daha qorxuludur. Bu proses dayandırılmalıdır. 

-Ən üzücü məqamlardan bir də odur ki, paytaxtda və eləcə də regionlarda kitabxanalar çayxanalara çevrilir. Sizcə, səbəb nədir ?  

-Kitaba marağın azalması haqqında söhbətlər əsassızdır. Sizə bir  nümunə deyim. Yardımlının Hamarkənd kəndinin orta məktəbində “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu “Xuduoğlu kitabxanası” yaratmışdı. “Qanun” nəşriyyatı ora yeni kitablarını göndərirdi.  Bu kitablar o qədər maraq doğurmuşdu ki,  məktəblə əlaqəsi olmayanlar da gəlib  götürüb oxuyurdular. Bir neçə ayda 650-dən çox müraciət olmuşdu. Halbuki kənd kitabxanalarına il boyu bundan iki-üç dəfə az müraciət edilir.Sonra rayon rəsmilərinin gözü bu ada sataşıb və kitabxana ləğv edilib. “Məktəbə kitab verməkdənsə pul versinlər ki, ətrafda abadlıq işi aparaq!”- deyiblər  Anlaşılmaz bir haldır. Bu,  adamların məhdudluğundan , öz sahələrini və səlahiyətlərini yaxşı bilməməsindən irəli gəlir. Əslində, onlar nəşriyyatlara məktub yazıb, digər məktəblər üçün də belə addımların atılmasını xahiş etməliydilər. Amma onlar bunun əksini edirlər. Vaxtilə Ərzurum univerisitetində mərhum professor Abbas Zamanov kitabxana yaratdı. Mən də xeyli kitab vermişdim ona. Həmin kitabxana bu gün də qorunur. Bu bir xatirədir, yadigardır. Hansısa rayonda kitabxana açıb, artıq kitablarımı ora bağışlaya bilərəm. Lakin buna imkan verərlərmi?  Rayonlarda Kitab evləri bərpa olunsa, ölkədə kitab satışı artar.  Respublika Mədəniyyət nazirliyi, Kitabxana Kollektoru xətti ilə yeni nəşrlər sifarişlə alınıb  bütün əsas kitabxanalara göndərilməlidir.  Kitaba tətbiq edilən əlavə dəyər vergisi ləğv edilməlidir. Kəndlərdə  səyyar kitab satışı həyata keçirilə bilər.  Elə kəndlər var ki,  10-15 min əhalisi var, amma orada heç vaxt kitab mağazası olmayıb. Xalq kitabı sevir, kitaba maraq var, amma kitab gedib ona çatmır.