"Lerikdə işləyirəm, 700 manat maaş alıram"


Görmə əngəlli tarix müəlliminin cəsarəti, bilgisi, həyat fəlsəfəsi insanları heyran etdi

"Təhsil Nazirliyi mənim kimi insanların imtahanda iştirakını bloklayıb. Görmə əngəllilərə paytaxtda işləmək olmaz"

"Görmə əngəlli olmaq mənim biliyimə təsir etmir. Albaniyanın maliyyə naziri görmə əngəllidir. Bizə niyə ayrı-seçkilik edirlər, anlamıram"

   Qeyri-adi müsahibimiz var; Özal Arifoğlu. Tarix müəllimidir. Lerikin Zenoni kənd məktəbində dərs deyir. Görmə əngəllidir. Redaksiya rəhbərliyinin onunla danışmaq, müsahibə almaq təklifini (“Şərq”də tapşırıqlar, adətən tələb yox, təklif şəklində verilir M.R.) çox da ürəklə qarşılamamışdım. Ona görə yox ki, görmə əngəllidir, onunla nə danışacam, necə danışacam, qeyri-müəyyənliyi vardı. Fiziki məhdudiyyətli insanlar adilərdən fərqlənir, bir düşünülməmiş ifadə qəlblərinə toxuna bilər, incidə bilər onları. Buna görə, insan çox da ürək eləmir. Amma Özalın fərasətinə bələd olandan sonra razılaşdım. Özal sosial şəbəkədə çox aktivdir. “Tik-Tok”da videolar paylaşır. 


Şagirdlərlə ünsiyyəti, dərs prosesi, dünya tarixindən səsləndirdiyi faktlar, nümunələrə baxış sayı çoxdur. Feysbuk səhifəsində maraqlı statuslar, fotolar da paylaşır. Əlində “qırmızı diplom” fotosu da diqqətimi çəkdi. “Bu oğlanla danışmaq lazımdır”, qərarını verdimsə də, tərəddüd az-çox yenə qalırdı. Özal, o az-çoxu da aradan qaldırdı. Bildim ki, bu gənc heç nədən çəkinmir. Həyatını, içində olduğu durumu, öz real vəziyyətini  dərindən anlayıb və olduğu kimi – necə varsa, o cür qəbul edib. Bu məni ürəkləndirdi. Ona zəng etdim. 

- Özal, indi dərsdə deyilsiniz? Mane olmuram?

- Yox, “okno”du. Yarım saat vaxtım var. 

- Onda başlayaq. 

- Buyurun...

- Arifoğlu soyadı, atanızın adıyla bağlıdır...

- Bəli. Soyadım Muradovdur. Amma sonra Arifoğlu soyadını seçdim, bu soyadla tanınıram. Bir az “havalı” səslənir, xoşuma gəlir.  

Oxucunu bezdirməyim deyə, Özalın tərcümeyi-halını konkret bildirim: Özal Muradov – Arifoğlu 1994-cü il sentyabrın 23-də Bakıda anadan olub. Atası Qubadlının Dondarlı kəndindən, anası isə Qərbi Azərbaycandandır. Anası tibb kollecini bitirib, uşaq həkimidir. Atası ticarətlə məşğul olmaq üçün gənc yaşlarında Bakıya gəlib, o vaxtdan da paytaxtda yaşayır. Ailə qurub, övladları olub. Özal 4 yaşında olanda su çiçəyi keçirib. Qardaşı da həmçinin. Sağalıblar, amma tam yox. Gözləri tutulub. Valideynləri bunu təsadüfən bilib.

- Bir gün anam məni bağçaya aparanda, yolda ağaca dəydim. Anam ani soruşdu ki, ağacı görmürsən?! Mən dedim ki, yox, görmürəm. Anam təəccübləndi və yəqin, şübhələndi ki, məni həkimə apardı. Məlum oldu ki, gözlərim tutulub... 

- Deməli, su çiçəyi heç də sanılan kimi yüngül uşaq xəstəliyi deyil, kor edə bilir insanı? 

- Bəli. Bu, milyonda bir görülən haldır. Rusiya imperatoru II Pyotr da uşaq vaxtı su çiçəyi keçirib və gözləri tutulub. 

- Sizin tarix bilgilərinizin əhatəli olduğunu bilirəm. Paylaşdığınız videolara baxmışam... Youtub-da paylaşırsınız...
(Səhvimi düzəltdi)

- Əsasən “Tik-Tok”da... 


- Tarix sevginizə qayıdacam. Mən... soruşmaq istəyirəm... (doğrusu, fikrimi ifadə etməkdə çətinlik çəkdim. Bilmədim, nə deyim, “qəribəsiniz”, “qeyri-adisiniz”, “necə ürəkli danışırsınız”... çaşıb-qaldım) 

Özal özü davam etdi:

- Həyat insana bir dəfə verilir. İnsan həyata məğlub olmamalıdır. Nə olursa-olsun, nə baş verirsə-versin. Hətta uduzmusansa hesab 1:0-dırsa, hesabı 1:2 xeyrinə dəyişməyi bacarmalısan.

- Mən əvəzdən da danışdınız, vallah!.. Siz hesabda irəlidəsiniz, artıq. Görmə əngəlli ola-ola müəllimlik edirsiniz, dərs deyirsiniz. Virtual dərslər keçirsiniz. Vallah, halal olsun, sizə... Ürəkləndim. Gözləriniz heç görmür? Yəni müəyyən faiz də?
- Yox.  

- Müalicəsi yoxdur?

- Var, müalicəsi (tez də əlavə etdi). Mən telekanallara çıxıb kömək istəməyi qəbul etmirəm. Bunu heç vaxt qəbul etməmişəm, efirə çıx, orda danış, kimlərsə sənin üçün pul toplasın... Heç vaxt bununla razılaşmamışam, razılaşmayacam da!.. 

- Özal, bizim elə bir məqsədimiz yoxdu. Birdən elə düşünərsən, mediadı, nəsə məqsədimiz var, zəng etməkdə, sorğu-sualda...

- Yox, sizi nəzərdə tutmuram. Bilirəm, ona görə zəng etməmisiniz. Mən Akif müəllimi tanıyıram (baş redaktorumuz Akif Aşırlını nəzərdə tutur), feysbukda dostluğumda var.

- Lap yaxşı. Akif müəllim də tarixçidir. Cümhuriyyət dövrünü araşdırıb...

- Bilirəm, tanışam. 

(İndi lap ürəkləndim və Özalı redaksiyaya dəvət etdim)

- "Şərq”ə gəlin. Bizim redaksiyamız muzeydi. Akif müəllim çox zəngin eksponatlar toplayıb. Xoşunuza gələcək. 
- Gələrəm bir gün. Maraqlı olar...

- Ümumiyyətlə, gözlərinizin müalicəsi mümkündü? 

- Müalicəsi var, bəli. Xarici ölkəyə getmək lazımdı. Bunun üçün də vəsait gərəkdi... Mən heç kimdən kömək istəmərəm. Həm də özümü artıq bu cür qəbul etmişəm. Nəyə nail olmuşamsa, dişimlə, dırnağımla qazanmışam. Həyatımdan razıyam.     

- Özal, təhsil almağınızla bağlı danışın.

- Mən Bakıda 5 saylı xüsusi məktəbdə təhsil almışam. Bu məktəb sırf gözdən əlillər üçündür. Yatılı məktəb idi. Amma mən yaxınlıqda yaşadığım üçün orada qalmırdım. Biz Brayl əlifbası ilə oxuyurduq. 

- Yaxşı oxuyurdunuz?

- Demək olar. Bir “4”üm olub, kimyadan. Tərifnamə ilə bitirmişəm orta məktəbi.

- Tarixə məktəb vaxtında marağınız vardı? 

- Əslində, yox. Məktəbdə ən çox sevdiyim fənn fizika idi. 9-cu sinfə qədər fizika aşiqi idim. Bakının rayonları arasında keçirilən Olimpiadada Nərimanov rayonu üzrə 3-cü yeri tutmuşdum. Sonra müəllimimiz dəyişdi, yeni gələn müəllim əvvəlki müəllimimiz kimi olmadı, dərs keçmirdi. Get-gedə mən də zəiflədim. 

- Üzr istəyirəm, fizikanı necə öyrənirdiniz? O fənnin də xüsusi dərs vəsaiti vardı?  

- Yox. Mən internet klubda “Fizika” kitabının səhifələrini kserokopiya elətdirirdim, əlavə materialların da üzünü çıxartdırırdım, evdə mənə  oxuyurdular, yadda saxlayırdım, elə öyrənirdim. Eynşteyni, Nyuton fizikasını belə öyrənmişəm. Məktəbdə bunları bizə keçmirdilər. Qısaca deyirdilər ki, Eynşteyn var, Nyuton var... Özüm materiallar əldə edirdim, araşdırırdım. 

- Bəs tarixə meyl necə yarandı?

- Açığını deyim? Verəcəksiniz qəzetinizdə?

(Təəccüb etdim. Niyə verməməliyik ki?) 

- Mən tarix fənnini Müsavat Partiyasının başqanı İsa Qəmbərə görə sevmişəm. Fikirləşdim, bəlkə onun adını yazmazsınız...

- Niyə yazmayaq ki, Özal?! Burda təhlükəli, qorxulu bir şey yoxdu. Mən də düşünürəm, hansısa qədim dövrlərin tarixi şəxsiyyətlərinin adını çəkəcəksən.

- Mən İsa Qəmbəri özümə kumir seçmişdim. Sonralar Əhməd bəy Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” əsərini oxudum. Əhməd bəy Ağaoğlu da kumirim oldu.

- Və ali məktəbə daxil oldunuz.

- Bəli. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil oldum. 2013-cü ildə. 

- Dərslərinizi orda necə oxuyurdunuz, çətin olurdu? 

- Yox, telefonlar vardı artıq, dərsləri yükləyirdim telefonun yaddaşına, dərsliklərin PDF variantını da yükləyirdim, səsli proqramların köməyi ilə öyrənirdim. Bakalavr pilləsini “qırmızı diplomla” bitirdim. Magistraturaya daxil oldum. Sumqayıt Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və ən yeni dövr tarixi üzrə. Müəllimlərin işə qəbulu üzrə imtahan verdim. 60 sualdan 51-nə cavab vermişdim. Bir az tələsik oldu, yaxşı hazırlaşa bilməmişdim. Əvvəldən hazırlaşsaydım, bütün suallara cavab verərdim. 

- İmtahanda necə iştirak etdiniz?

- Çox sadə. İmtahan nəzarətçisi sualları oxuyurdu, mənim cavablarımı kompüterə daxil edirdi. 

- Lerikə necə gedib çıxmısınız bəs?

- İmtahan nəticələrinə uyğun vakansiyalar təklif edilir. Lerikdə vakansiya vardı. Yaxın qonşumuz var, o da məsləhət gördü ki, Lerikə gedim. 3 ildir artıq burda çalışıram. 

- Şagirdlər yəqin sizi çox istəyir?

- Nə bilim... Yəqin...

- Fotolardan, videolardan görünür. 

- Mən də onları çox istəyirəm. Dərsdən əlavə repetitorluqla da məşğulam.  

- Halal olsun sizə. Siz ki, bu qədər mübariz, qətiyyətlisiniz, şagirdlərə ən gözəl örnəksiniz. Şagirdlərə dərsi necə keçirsiniz?

- Yenə də PDF variantı ilə. Mən şagirdlərə motivasiya verirəm. Onlara tariximizi, dilimizi sevdirməyə çalışıram. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda Səməd bəy Mehmandarov parlamentə dəvət edilib, ordudakı vəziyyətlə bağlı məruzə üçün. Səməd bəy, Azərbaycan dilində danışa bilməyib, gözləri dolub, kürsüdən enərək, salonu tərk edib. Bunun özü bir nümunədir ki, böyük şəxsiyyət necə utanc hissi keçirib. 

- Cümhuriyyət dövrünə xüsusi rəğbətiniz var...

- Elədir. İlber Ortaylının, Nəsiman Yaqublunun kitablarını oxuyuram. İlber Ortaylı Bakıya gələndə onunla görüşmüşəm. 

- Lerikdə harda qalırsınız?

- Rayonda kirayədə qalıram. Şəkidən gəlmiş coğrafiya müəllimi ilə birlikdə. Burda, Lerikdə tanış olmuşuq, dostlaşmışıq. 

- Əmək haqqınız nə qədərdir, sirr deyilsə?

- 700 manata qədər əmək haqqı alıram. 

- Mən yaşayışınız, sosial durumunuz barədə müəyyən təsəvvür olsun deyə soruşdum. 

- Müəllimə nə qədər əmək haqqı versələr də azdır. Müəllim haqqı ödənməz. Sırf müəllim maaşı ilə dolanmaq, əlbəttə, çətindir. 

- Rayon yerində, paytaxta nisbətən yenə bir az yüngül olar. 

- Orası düzdür. Amma mən 2-3 həftədən bir Bakıya gəlirəm. Çətin olur.

- Niyə Bakıya gəlirsiniz? Valideynlərinizi görmək üçün?

- Həm valideynlərimi görməyə, həm də darıxıram şəhər üçün.

- Dərsiniz başlayar, son sualı verim. Gələcək planlarınız nədir, hansı məqsədləriniz var?

- Mən yenə MİQ imtahanlarında iştirak etmək istəyirəm. Amma qəribədir ki, Təhsil Nazirliyi mənim kimi insanların imtahanda iştirakını bloklayıb. Görmə əngəllilərə paytaxtda işləmək olmaz. Müraciət etmişik, deyirlər, insan resursları şöbəsinə müraciət edin, ordan da cavab verilmir. Bu, bürokratik əngəldi. Hamıya bərabər imkanlar yaradılmalıdır. Görmə əngəlli olmaq mənim biliyimə təsir etmir. Albaniyanın maliyyə naziri görmə əngəllidir. Bizə niyə ayrı-seçkilik edirlər, anlamıram. Doktorantura təhsili almaq fikrindəyəm. Amma ən böyük hədəfim Almaniyada təhsil almaqdır. Almaniya alınmasa, Baltikyanı ölkələr, ən sonda Rusiya variantı üzərində düşünürəm. 

- İnşəllah, hədəflərinizə çatacaqsınız. Vaxtınız varsa, bir məsələni də soruşum. Son zamanlar orta məktəblərdə şagirdlərin nalayiq davranışlarını, müəllim-şagird qarşıdurmalarını əks etdirən videolar yayılır. Sizcə, problem kimdə, nədədir? 

- Burda ən sonuncu günahkar uşaqlardır. Məktəblərdə həmişə belə hadisələr baş verib. Mən təhsil aldığım zamanlarda da belə hadisələr olurdu. Uşaqları yun çubuğu ilə döyən müəllimlər də olub. Əsas problem müəllim-valideyn əlaqəsinin qurulmamasıdır. Uşaq 6 yaşa qədər tərbiyəni evdə valideynlərindən alır. Əgər uşaq evdə valideynlərinin dilindən kobud, ağır ifadələr eşidirsə,  bunu təkrarlayacaq. Valideyn səhv olaraq düşünür ki, vəzifəsi uşağı yedizdirmək, geyindirmək, böyütməkdir. Valideynin birinci vəzifəsi övladına tərbiyə verməkdir. İndi də sosial media əlçatandı, smartfonlar əllərdə. Kim nə istəyir, çəkir, paylaşır. 

- İşğaldan azad olunmuş ərazilərə getməmisiniz?

- Şuşaya getmək istəyirəm. Bəlkə Novruz bayramında getdim.

- Bəs Qubadlıya? Orda dədə-baba yurdunuz salamat qalıb?

- Bəli, ev salamatdı. Qismət olar ora da gedərəm. Amma sizə bir etiraf edim, mən Qubadlıdan daha çox Şuşanın azad olunmasına sevinmişdim. 

(Özalı çağırırdılar. Dərs başlayırdı. 1-2 saniyəsini də “oğurlamağa” çalışdım)

- Özal, evlənmək barədə düşünmürsən? 
(Qısa cavab verdi)
- Həyatımın qayəsi deyil bu. 

Uğurlu dərslər, qeyri-adi, cəsur müəllim! Biz sənin şagirdlərinin də sənin kimi mübariz olacağına əminik! 

Söhbətləşdi: Məlahət Rzayeva