"Mənə elə gəlir ki, Ağdama getsəm öləcəm" - SÖHBƏT

Qulu Ağsəs: "Nə bilim, məndə belə hiss var"

"Amma yayda xəlvət gedəcəm, yəni komanda şəklində getmək, şəkil çəkdirmək, paylaşmaq mənlik deyil. İstəyirəm, tək olum – torpaq, bir də mən..."

   Redaksiyada iş başlayandan səs düşdü ki, bu gün (20 aprel) Qulu Ağsəsin ad günüdü, amma telefonlarını bağlayıb. Feysbukda da yoxdu. Yetən təbriklərini feysbukda yazır: oxusa, oxuyar, oxumaz da canı sağ olsun. Başqaları ki oxuyacaq! Oxuyanlardan biri də biz olduq. Natiq Məmmədlinin, tərif olmasın, şirin təbriki qarşımıza çıxdı. Belə yazıb: 
“Əzizim Qulu, səhər çağı məndə olan 2-3 nömrənə zəng elədim, zəng çatmadı. Bilirəm feysbukda da yoxsan. Heç neçə yaşın olur, onu da bilmirəm. Amma onu bilirəm ki, bizim sevdada olan adamların hamısı indi yaşyarımlıqdı, ürəyi bizim kimi döyünənlərin hamısının ad günü Şuşanın azad olunduğu gündən başlayır. Bilirsən nə arzu edirəm? Yayın qızmarında gəlim sənin Ağdamına, ordan gedək avtovağzala “ə, bu istidə qırıldıx-batdıx, Qalaya yer qalmadı”-, deyə qışqıran avtobuslara minib qalxaq bizim Qalamıza. Bax, bu şəkildəki kimi Qarabağ otelinin qabağındakı Güllü bağda oturub armudu istəkanda çay içək, “Ulduz”un təzə nömrəsinə baxaq, sən təzə şeirindən, mən təzə hekayəmdən danışım, araya salıb özümüzü tərifləyək, yetənə yetək, yetməyənə də bir daş ataq… Ad günün mübarək, həmişə mübarək dostum!”.

Rəhbərlik tapşırıq verdi ki, sən bir cəhd elə. Bəlkə tapa bildin. Açığı, mobil nömrəsinə çəkinmədən zəng elədim. Bu əminliyi illər formalaşdırıb. Nə vaxt Qulu Ağsəsə zəng etsəm, həmişə telefon xətti üzümə açılıb. “Şərq”də işlədiyim uzun illər ərzində Qulu Ağsəsi itirdiyim, tapa bilmədiyim bir zaman olmayıb. Bu dəfə də zəngimə səs verdi. Çox sevindim, tezcə də “bu gün hamı sizi axtarır, deyirlər, tapılmırsız, telefonlarınız da bağlıdı...” 

Həmişəki sakit, həlim səsiylə (bu sakin, həlim danışığa görə, bəzən nə dediyini doğru-düzgün tuta bilmirəm, təkrar soruşuram. İndi yeridi - üzr istəyirəm buna görə Qulu müəllim - M.R.) “yox, telefonlarım bağlı deyil. Qəsdən də bağlamamışam. Bu saat kompüter arxasında “Ulduz”un aprel sayının son variantına baxıram (“Ulduz jurnalının baş redaktorudur M.R.), ona görə başım qarışıqdı. Telefon da yanımdadı. Bəlkə kimsə zəng edəndə eşitməmişəm, kənarda olmuşam...” 
Arifə bir işarə bəsdi, məntiqindən çıxış edib: 

- Sizi çox yormayacam. Bildim, işiniz çoxdu. Bir-iki kəlməlik danışmaq istədim sizinlə. Bu gün doğum gününüzdü. Sizə xeyli təbriklər yazılıb, feysbukda...

- Feysbukda yoxam. Bilmirəm.

- Niyə çıxmısınız ki, feysbukdan? Çoxdan çıxmısınız? 

-  Hə... 4-5 il olar. Məni yordu. Bəlkə də xam idim, hamını dostluğa qəbul etmişdim. Gördüm, mənlik deyil... 

- Qulu müəllim, doğum gününüzlə bağlı danışmaq istəyirdim... 

(söhbəti başqa məcraya yönəltdi)

- Doğum gününə qayıdarıq. Məni son günlər “qələbə söz-söhbəti” narahat edir. İttiham edirlər niyə Qələbə əsərləri yazılmır və sair... Hər kəsin öz yanaşma tərzi var. Azərbaycan ədəbiyyatını oxuyan, bu ədəbiyyatla az-çox tanış olan bilir ki, 28 illik işğal dövründə də Azərbaycan poeziyası əvvəlki qaydada yazıldı. Azərbaycan poeziyasında işğal motivli əsərlər yazılmadı. O vaxt da qınayırdılar ki, niyə belə yazırsınız, torpaqlar işğal altındadı, siz bunu göstərmirsiniz.  Çünki Qarabağ ədəbiyyatda heç vaxt işğal olunmadı. Biz heç vaxt Qarabağı işğal altında “qoymadıq”. İşğala buraxmadıq Qarabağı. Hətta belə söz də vardı ki, Qarabağın işğalını “görmək” istəyirsinizsə, Qulunun qələmini əlindən alın. Ümumiyyətlə, heç vaxt – nə sovet işğalında, nə Çar Rusiyası dövründə Azərbaycan ədəbiyyatı işğala məruz qalmadı. Azərbaycan ədəbiyyatını işğal etmək ümumiyyətlə, heç kimə nəsib olmayıb. Nə vaxt bu ölkə ayağa qalxıbsa, öz dili, mədəniyyəti, ədəbiyyatı üzərində qalxıb. Bu mənada Azərbaycanın dili həm də Azərbaycan dilinə görə uzundur. Bu dil olmasaydı, gözüqırpıq olardıq. Bu dil qoruyub Azərbaycanı. Ona görə də işğalla heç vaxt barışmamışıq. Bunda da Azərbaycan poeziyasının, publisistikasının, Azərbaycan nəsrinin çox böyük rolu olub. 30 ilə yaxın ermənilər Qarabağda qaldı. Siz hansısa erməninin Qarabağı vəsf edən bir şeirinə, əsərinə rast gəldiniz?.. Yox. İnsan sevdiyini öyər, sevdiyini tərif edər, sevdiyindən küsər, inciyər də. Qarabağ nə vaxtsa onların olmayıb ki, onu ya sevsinlər, ya sevməsinlər.  İşğal etdikləri ərazilərə hansı münasibət bəslədikləri də məlumdur. İnsan Vətənini belə darmadağın edərmi? Qarabağ onların Vətəni deyildi, ona görə də ona vəhşicəsinə yanaşmışdılar. Amma bizim ədəbiyyatda, ədəbi düşüncədə Qarabağ daim vəsf edilib. Mən deyirəm ki, biz ATƏT-ə, BMT-yə elə yazdıqlarımızı göndərsək, bəsdi. Kimin-kim olduğu bilinəcək. 

(Doğum günündə ürəyi dolu idi Qulu Ağsəsin - M.R.)  

- ...Hardasa 10 il əvvəl Tiflisdə Qafqaz xalqlarının yaradıcılığından ibarət almanax nəşr olundu. Layihənin rəhbəri Londonda idi. O almanaxda mənim də şeirlərim çap olunmuşdu, Xankəndidə yaşayan bir erməninin də. Siyasi müstəvidə ikili standartlardan həmişə danışılıb, mən ədəbi nümunələr üzərində ikili standartları gördüm. Almanaxda çap olunacaq müəlliflərə demişdilər ki, tərcümeyi-halınızı yazıb göndərin. Mən də tərcümeyi-halımı doğulduğum yerlə başlamışdım: “Qarabağ mahalının Ağdam rayonu, Abdal-Gülablı kəndi” yazmışdım. O cümləni çıxarmışdılar tərcümeyi-halımdan, yazmışdılar ki, Bakıda yaşayır. Amma Xankəndidə yaşayan erməni üçün  “Stepanakertdə yaşayır”, qeyd etmişdilər. 

- Demək istəyiblər ki, faktiki harada yaşayırsınız, oranı qeyd edin...

- Hə də, guya. Onlar bilməmiş deyildilər, Qarabağın işğalını. Qəsdən çıxarmışdılar Qarabağın adını. 

- Almanaxdakı şeirlər arasında Qarabağa həsr olunanlar vardı?

- Mən göndərmişdim, amma onları çap etməmişdilər. Başqa mövzularda 10-a yaxın şeirim tərcümə edilmişdi. Belə izah verirdilər ki, almanaxda siyasi motivli şeirlər olmayacaq. Qafqazda tək biz ermənilərlə yaşamırıq. Abxazlar, osetinlər, başqa xalqlar da yaşayır. Hamısının da demək olar problemi var. Mənə təsir edən bu idi ki, doğulduğum yeri niyə tərcümeyi-halımdan çıxarırlar... 

- Qulu müəllim, deyirsiz, Azərbaycan ədəbiyyatı heç vaxt işğala məruz qalmayıb. Bir söz var, deyirlər, “əfvinizə sığınaraq”, mən də əfvinizə sığınaraq soruşuram: bəs sovet illərində yaranan ədəbiyyat işğal olunmuş ədəbiyyat deyildi? Sovet hakimiyyətini, kommunist rejimini, partiyanı vəsf edən nə qədər əsərlər yazılıb... 

- Bundan tamamilə, 100 faiz qaçmaq mümkün deyildi. Qaçanların, qaçmağa çalışanların aqibəti “37”də necə oldu, bilirik. Amma ən sovetyanı əsərlərin özündə də Azərbaycan dilini qorumaq, Azərbaycan mənliyini, milli şüurunu, vətənpərvərliyi qorumaq cəhdi vardı və bunu da bacarırdılar. Bəzisi gizli, alt mənalı yazırdı, bəzisi bir qədər açıq. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması necə yaranmışdı? Bütün dövrlərdə Azərbaycan ədəbiyyatı  Azərbaycanı tuta biləcəyi qədər ayaqda tuturdu. 90-cı illərdə də artıq bu ayaqlanmanı gördük.  Azərbaycan ədəbiyyatı heç vaxt işğala təslim olmayıb. 

- Yaxşı, ad gününüzdə ürəyinizdən nələr keçir? 

- İnsanın arzuları bitmir ki...

- Qulu müəllim, Ağdama getməmisiniz, deyəsən. (Bir az duruxdum, dedim, birdən getmiş olar, deyər, “necə getməmişəm? Sənin xəbərin olmayıb. Tələsik, başqa formada da soruşdum - M.R.) 
Yoxsa, getmisiniz? 

- Yox. Getməmişəm... 
- 2 il oldu... 
- ...Ürəyim gəlmir.
- Niyə?..
- ...Birdən mənə elə gəlir ki, ora getsəm öləcəm... 
- Nə danışırsız, niyə ki?..
- Nə bilim, məndə belə hiss var... Kəndimizi gördüm... Kəndi yox e, xarabalıqları, dağıntıları.. Heç nə qalmayıb, heç nə! Meşəlikdi... Orda insan yaşamayıb elə bil... Göndərəcəm sənə videoları... 
- Yenə də, bu gün doğum gününüzdü, əhvalınızı belə korlamayın.  İnşəllah, hər şey düzələr. Hər halda ürəyinizdən nələrsə keçir bu gün, arzular, istəklər... 
- Ürəyimdən keçən budu ki, dünyamızda sülh olsun. İşğal, müharibə olmasın. İnsanlar əzab çəkməsin. Dünyanın harasında, fərqi yoxdu. İnsanlar xoşbəxt yaşasın. Bu, çıxış üçün, pafosla deyilən sözlər deyil. Biz müharibəni, işğalı yaşamışıq, nə olduğunu bilirik. Adamlar bacardıqları qədər öz işləriylə məşğul olsunlar. Başqalarının həyatına müdaxilə etməsinlər. Onda hər şey gözəl olacaq, problem də olmaycaq. 
- Amma ürəyinizdən həm də Ağdama getmək keçir, dilə gətirməsəniz də. 
- Əlbəttə, keçir. İnşəllah, yayda gedəcəyəm. Amma xəlvət getmək istəyirəm. 
- Necə xəlvət? Heç kim bilməsin? 
- Yəni komanda şəklində getmək, şəkil çəkdirmək, paylaşmaq mənlik deyil. İstəyirəm, tək olum – torpaq, bir də mən... 

P.S. Qarabağ şairi, Əməkdar jurnalist, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsi dünyaya gəlməsinin 53-cü ili münasibətiylə təbrik edirik: “İstəkləriniz çin olsun, Qulu müəllim. Təkcə gəzəsiniz Abdal-Gülablıda. Amma Bakıya qayıdın yenə...”.   

Söhbətləşdi: Məlahət Rzayeva