“Onların hər birinə dostum və gələcək həmkarım kimi yanaşıram”
“Məzun olduğum yerdə dərs demək ən böyük arzularımdan biri olub”
Oxucular Kənan Novruzovu daha çox siyasi təhlilləri ilə tanıyırlar. Amma o, həm də Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin gənc müəllimlərindəndir.
Müəllimlik həm də dövrlə ayaqlaşmaq, mövcud tendensiyalardan xəbərdar olmaq deməkdir. Bu mənada müəllimlik əslində kifayət qədər çətin sahədir.
Artıq ali məktəblərdə semestrlər sona çatmaq üzrədir. “Sherg.az” olaraq bu münasibətlə Kənan Novruzov ilə həmsöhbət olduq.
- Gənc müəllim olmağın çətinlikləri və perspektivləri nədir?
- Ən böyük çətinlik odur ki, təcrübəm azdır. Bir çox situasiyalar mənim üçün ilkdir. Hansı vəziyyətdə necə davranmaq lazım olduğuna çox zaman intuitiv qərar verməli oluram. Amma tələbələrlə ünsiyyətim daha effektli alınır. Onları başa düşməyə çalışıram. Maraqlarını, zövqlərini bilirəm. Məsələn, nəyə güldüklərini təxmin edirəm. Bu, dərs prosesində işimi asanlaşdırır. Eyni zamanda tələbələr də sözlərini mənə daha rahat deyə bilirlər. Bəzən elə tələbəm olur ki, tamam başqa sahə ilə bağlı kömək istəyir, fikrimi öyrənir. Sevinirəm. Bu, həmin tələbənin bir müəllim kimi mənə inanması ilə yanaşı, həm münasibətin ideal olmasının göstəricisidir. Hərçənd sui-istifadə hallarına da yol verməməyə çalışıram.
- Öz məzun olduğunuz yerdə dərs demək necə bir hissdir?
- Bu, ən böyük arzularımdan biri olub. Birincisi ona görə ki, jurnalist kimi babalarımdan birinin - Əməkdar jurnalist Oqtay Bayramovun yolunu davam etdirirəm. Müəllim kimi də digər babamın - Əməkdar müəllim, mərhum alim Ramiz Novruzovun davamçısı olmaq istəyirdim. İkincisi, çox yaxşı müəllimlərim olub. Bu gün qazandığım bir çox uğura görə müəllimlərimə, o cümlədən Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğluna, elmi rəhbərim Cahangir Məmmədliyə, kafedra müdirim Xatirə Hüseynovaya, Sevinc Əliyeva, Sabir Məmmədliyə və başqalarına minnətdaram. Jurnalistikada təhsil aldığım 6 il müddətində - 4 il bakalavr, 2 il magistratura - çox gözəl xatirələrim olub. Hətta mən bakalavr pilləsindən məzun olanda fakültəm haqqında kitab yazmışdım. Deməyim odur ki, müəllimlərimin mənə öyrətdiklərini yeni nəsil tələbələrlə bölüşməyi həmişə istəmişəm. Üçüncüsü, müəllimlərim mənə həmişə etimad göstəriblər. Hələ bakalavr pilləsində təhsil alanda Vüqar müəllim, Cahangir müəllim deyirdilər ki, səni burada müəllim kimi gözləyirik. Şükür ki, o gün gəldi. Yəni BDU-nun Jurnalistika fakültəsində dərs demək mənim üçün həm də mənəvi əhəmiyyətlidir.
- Bildiyim qədəri ilə həm də praktik jurnalist kimi çalışırsız. Çətin olmur?
- Əslində işlərim daha çoxdur (gülür). Mən həm də Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin ekspertiyəm. Gün ərzində siyasi şərhlər verir, bəzən jurnalist dostların suallarını cavablandırıram. Amma yox, çətin deyil. Çünki məşğul olduğum işləri sevirəm. Bunu tələbələrimə də deyirəm ki, insan istəyəndə hər şeyə vaxt tapar. İnanın, bu qədər işin içində istirahətə də vaxtım olur. Deməli, sadəcə istəmək lazımdır.
- Gənc müəllim olaraq tələbələrinizlə ünsiyyətdə problemlər yaşanır?
- Düzü, heç vaxt tələbələrin sevgisini qazanmaq üçün çalışmamışam. Məşhur bir fikir var: əgər hamı səni çox istəyirsə, deməli, nəyisə səhv edirsən. Mən daha çox doğru addımlar atmağa, ədalətli davranmağa çalışıram. Tələbələrimlə münasibətim uğurlu alınır. Onların hər birinə dostum və gələcək həmkarım kimi yanaşıram. Tələbələrim arasında gələcəyin deputatlarının, nazirlərinin, media maqnatlarının... olduğundan əminəm. Hətta daha konkret deyim, bir tələbəm gələcəkdə Daxili İşlər Nazirliyinin sözçüsü olmağa real namizəddir (gülür). O, hətta daxili işlər naziri də ola bilər. Amma çalışmaq, əzmkar olmaq lazımdır. Əlbəttə, ola bilsin, mənim dərs metodikamı bəyənməyənlər var. Bu, tamamilə təbiidir. Amma əgər tələbəm mənə sözünü deyirsə, mənə inanırsa, deməli, xoşbəxtəm.
Yeri gəlmişkən, adətən auditoriyada tələbələrimə irad bildirməməyə çalışıram. Onlarla göz kontaktı yaratmağa səy göstərirəm. Çalışıram, elə edim ki, mənim ondan narazılığımı ancaq həmin tələbə özü bilsin. Tələbəyə heç vaxt "Başa düşdün" sualını vermirəm. Onun əvəzinə "izah edə bildim?" ifadəsindən istifadə edirəm. Bunlar xırda görünsə də, mühüm məqamlardır.
- Jurnalist kimi fəaliyyət göstərmək daha çətindir, yoxsa müəllim kimi?
- Asan iş yoxdur. Hər sahənin öz çətinliyi var. Həm jurnalist, həm müəllim olmağım əslində sərfəlidir. Bəzən proseslərə jurnalist, bəzən isə müəllim kimi yanaşıram. Auditoriyada jurnalistikanın verdiyi xüsusiyyətlərdən, media mühitinsə müəllimliyin aşıladığı tələblərdən istifadə edə bilirəm. Məsələn, auditoriyada bütün tələbələrimi müşahidə edirəm. Hər birini diqqətdə saxlamağa çalışıram. Bəzən tələbə deyir ki, müəllim məni necə gördüz? (gülür). Cavab verirəm ki, mən həm də jurnalistəm. Hər iki sahə çətin və məsuliyyətlidir. Amma yaxşı jurnalist olmaq da, yaxşı müəllim olmaq da hər insana qismət olmayan nemətdir. Bunu bacarmağa çalışıram.
- Ali təhsildə hansı dəyişikliklərin olmağını arzu edirsiz?
- Bütün ixtisaslarda, xüsusilə jurnalistikada dərslər nəzəriyyə və təcrübənin vəhdəti formasında təşkil olunmalıdır. Düşünürəm ki, bu məqama diqqət yetirilməlidir. Eyni zamanda dərslərin interaktivliyi artırılmalıdır. Elə şərait yaradılmalıdır ki, hətta ən passiv tələbə belə, dərsdə iştirak etsin və nəsə öyrənsin. Dərslərdə müasir texnologiyanın tətbiqi artırılmalıdır. Bundan başqa, tələbə-müəllim münasibətlərinə də hər iki tərəf adekvat yanaşmalıdır. Məsələn, tələbə bilməlidir ki, müəllim dərsdə iştirak etmədiyinə görə ona "qayıb" yazmalıdır. Bu, müəllimin vəzifə borcudur. Sözügedən məsələ, bəlkə də, adi görünə bilər, amma bir çox hallarda tələbə-müəllim münasibətlərinə təsir edən ciddi faktora çevrilir.
- Sizin dövrünüzlə indiki tələbəlik arasında hansı fərqlər var?
- Əslində tələbələrimlə eyni dövrün nümayəndələri hesab oluna bilərik. Bu mənada ciddi fərq yoxdur. Hərçənd hər dövrün öz tələbləri, tendensiyaları var. Gərək uyğunlaşasan. Bizim qrupda da tələbələr dərsdə telefonla oynayırdı, indi də (gülür). Ola bilsin, indi tələbələr daha coşqundur. İndiki tələbələrin "nəbzini tutmaq" daha çətindir. Məsələn, mən müəllimlərimə heç vaxt cavab qaytarmamışam. İndi bunu fəxrlə edə biləcək tələbələr var. Günah isə istənilən halda müəllimdədir. Gərək buna şərait yaratmayasan, "qızıl orta"nı tutasan. Əsl məharət budur. Çünki söhbət təkcə mütəxəssis yox, həm pedaqoq, psixoloq olmaqdan gedir.
Söhbətləşdi: Nihat Müzəffər