Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammitində bildirib ki, çoxqütblü dünya reallığa çevrilib.
Putin çıxışında Ukrayna böhranından da danışıb. O, Ukraynadakı münaqişənin həlli ilə bağlı təkliflərinə görə təşkilat üzvlərinə təşəkkür edib və Moskvanın onları nəzərə almağa hazır olduğunu bəyan edib: “Rusiya Federasiyasının təklif etdiyi Ukraynada nizamlanma variantı, əgər Kiyev və onun Qərb sponsorları hazır olsalar, hərbi əməliyyatların dayandırılmasına imkan verəcək".
Həmçinin Putin qeyd edib ki, Rusiya Federasiyasının təklif etdiyi Avrasiyada əməkdaşlığın və təhlükəsizliyin yeni arxitekturası köhnəlmiş Avro-Atlantik modelləri əvəz etməsi nəzərdə tutur:
Putinin açıqlaması ilə bağlı "Sherg.az"ın suallarını cavablandıran hərbi-siyasi ekspert Həşim Səhrablı açıqlamasında bildirib ki, artıq Qərb dövlətləri dünya siyasətində əvvəlki qədər söz sahibi deyil.
- Şərq bloku Qərbə alternativ güc ola bilər?
- Artıq hər kəs bilir ki, Rusiya, Çin və şərqdəki bəzi dövlətlər Qərb blokuna qarşı bir güc mərkəzi formalaşdırır. Hazırda bəzi məsələlərdə Qərb Şərqi üstələsə də, getdikcə tərəflər arasındakı güc nisbəti bərabərləşir. Əslində Rusiya və Çin birmənalı şəkildə ittifaq bağlayarlarsa, digər dövlətlərə çoxda ehtiyac qalmaz. Çünki rəsmi Pekin və Moskvanın güc birliyi Qərb blokuna qarşı əhəmiyyətli dərəcədə güc göstərisinə çevrilə bilər. Lakin indi belə bir hal yoxdur. Çünki Şərq blokundakı dövlətlər Qərbdəkilərin əksinə öz maraqlarını hər şeydən üstün tuturlar. Onları Qərbə qarşı ümumi bir maraq birləşdirir.
- Qərb dünyası Şərq blokunun artan gücünün qarşını ala biləcək?
- Bəli. Məncə Qərb dairələri hazırkı formalaşan statusu dəyişə bilər. Lakin bu Üçüncü Dünya müharibəsi ilə mümkündür. Əgər belə bir müharibə olarsa, bu kiçik dövlətlərin vasitəsilə yox birbaşa Rusiya və Çinə qarşı olmalıdır ki, Qərbin hegemonluğunu sarsıtmaqda olan dövlətlər sıradan çıxsın. Əlbəttə dediyim hal baş verərsə, Qərbdə böyük itkilər verər, amma bu Şərqin gücünün qarşısını ala bilər. Təbii ki, burda nüvə silahlarından istifadə edilməsə. Çünki nüvə silahlarından istifadə dünyanın sonu deməkdir.
- Sözügedən qütbləşmədə Azərbaycanın mövqeyi nədir?
- Şükür ki, Azərbaycan kimdənsə asılı siyasət yürütmür. Bakı hazırda tərəfsiz mövqe nümayiş etdirir. Onun həm Qərb dövlətləri həm də Şərq dövlətləri ilə yaxşı münasibətləri var.
- Azərbaycan Prezidentinin Astanada keçirilən ŞƏT sammitində iştirakını necə izah edərdiz?
-Azərbaycanın Astanada keçirilən ŞƏT sammitində iştirakı qütbləşmədə iştirak etdiyimizi göstərmir. ŞƏT müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılmasını məqsədləyən təşkilatdır. Az öncə də qeyd etdiyim kimi Azərbaycan yalnız Şərq bloku ilə yaxınlaşmır. Azərbaycanın həm də Qərb dünyası ilə siyasi, iqtisadi, diplomatik əlaqələri var. Buna İtaliya, Almaniya, Böyük Britaniya kimi ölkələrlə əlaqələrimizi misal göstərmək olar.
-Azərbaycanın mövqeyi necə olmalıdır?
- Hazırda Şərq-Qərb mərkəzli bir dünya var. Hesab edirəm ki, biz Şərq -Qərb bloklaşmasının mərkəzində qalmışıq. Belə olanda halda isə qarşımıza əlverişli fürsətlər çıxır. Çünki Şərq Qərb bloklaşması radikallaşdıqca, qarşıdurmalar artdıqca Üçüncü Dünya dövlətlərinin əhəmiyyət artacaq. Bu səbəbdən Azərbaycan heç bir blokdan yana olmamalıdır.