Nərmin Abbaslı: “Kiminsə həyat yoldaşı, kiminsə qızı olduğum üçün yox, özüm millətimə faydalı ola bilmək üçün bu addımı atmışam”
Siyasi mühitin içində olduğumuza görə də çox məhrumiyyətlər yaşamışıq. Bəlkə insanlarımızın bundan xəbəri yoxdur, amma qarayaxma kampaniyasına aldanmadan öncə əgər həqiqəti bilmək istəyirlərsə o zaman məni, İkram İsrafili və Tural Abbaslını araşdırsınlar
AĞ Partiyanın İdarə Heyətinin üzvü Nərmin Abbaslı sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. Namizədin seçki platforması və seçkiyə hazırlıq prosesi ilə bağlı “Sherg.az”a müsahibəsini təqdim edirik.
Qeyd edək ki, Nərmin Abbaslı həm də AĞ Partiyanın sədri Tural Abbaslının həyat yoldaşıdır.
- Nərmin xanım, seçkilərdə iştirak niyyəti Partiyanın qərarıdır, yoxsa şəxsi təşəbbüsünüzdür?
- Mən siyasətçi ailəsində doğulub böyümüşəm. Atam aktiv siyasi fəaliyyətlə məşğul olub. Mən də bu siyasi proseslərin içində milli ruhda, vətənpərvər ruhda böyümüş bir qız olmuşam. Ta uşaqlığımdan indiyə kimi siyasi tədbirlərdə, mitinqlərdə iştirak etmişəm. Hələ 6 yaşımdan atam məni dinc aksiyalara aparırdı. Başqa siyasi tədbirlərə uşaqkən xüsusi hazırlaşırdım, həmin dönəmlər üçün nüfuzlu və önəmli sayılan siyasi, ictimai şəxslər qarşısında şeirlər deyirdim, nitq söyləyirdim və s. Yəni siyasətin içində böyümüş biri olaraq bu sferadan uzaq qalmağım mümkün deyildi. Həmişə haqsızlıq qarşısında mübarizə aparmışam, tələbə olarkən də mitinqlərdə iştirak etmişəm. Hətta ölkədən kənarda olarkən belə ölkədə baş verən proseslərə laqeyd qala bilmirdim. Bolonya universitetində magistr təhsili alarkən orada siyasi məhbuslarımız üçün təkadamlıq akiya keçirmişdim. Bunun üçün şəhərin polis idarəsinə getmək, orada özünü təqdim edərək onları aksiya üçün məlumatlandırmaq lazım idi. Mən azərbaycanlı tələbələrə müraciət etsəm də, nəticədə aksiyanı tək etməli olmuşdum. Sosial şəbəkələrdə də hər zaman sosial problemlərlə bağlı, seçki ərəfələrində seçki ilə bağlı, ümumi ölkə gündəmi ilə bağlı və s. yazılarım olub. Bir ara arqument.az saytı köşə kimi yazılarımı çap edirdi. Yəni bu qədər geniş izahımın səbəbi odur ki, mən siyasətə sonradan daxil olmamışam, kiminsə həyat yoldaşı, kiminsə qızı olduğum üçün yox, özüm millətimə faydalı ola bilmək üçün bu addımı atmışam. Siyasi mühitin içində olduğumuza görə də çox məhrumiyyətlər yaşamışıq. Bəlkə insanlarımızın bundan xəbəri yoxdur, amma qarayaxma kampaniyasına aldanmadan öncə əgər həqiqəti bilmək istəyirlərsə o zaman məni, İkram İsrafili və Tural Abbaslını araşdırsınlar.
- Seçkilərdə iştirak etmək öz təşəbbüsüm idi, mənsub olduğum partiya rəhbərliyi və idarə heyəti də bu qərarımı biləndən sonra təbii ki, dəstəklədilər.
- Namizədliyinizi hansı dairədən irəli sürmüsünüz? Bu seçiminiz nəylə bağlıdır?
- Namizədliyimi 43 saylı Sumqayıt 2-ci seçki dairəsindən irəli sürmüşəm. Bu dairəni seçmək səbəbim odur ki, mən orada doğulmuşam, orada böyüyüb boya başa çatmışam. İlk dəfə məktəbə orada getmişəm, orada məzun olmuşam. Bütün sevinclərimi, kədərimi, həyatımdakı önəmli hadisələri orada yaşamışam. Elə buna görədir ki, Sumqayıt mənim üçün həmişə doğma olub.
- Yəqin ki artıq MSK-ya müraciət etmisiniz? Müraciətiniz təsdiqlənibmi? Hazırlıq prosesi necə gedir?
- Bəli, MSK-ya müraciətimiz həftələr öncəsindən olunub və imza vərəqələrimizi də almışıq. Artıq lazım olan imzaların yarıdan çoxunu da yığmışıq.
- Bəs ölkədə seçki prosesini necə dəyərləndirirsiniz? Yeddinci çağırış parlament seçkilərindən gözləntiləriniz nələrdir?
- Təəssüflə qeyd etməliyəm ki, insanlarımızın çoxu ölkədə seçki olacağından xəbərsizdir. Ümumiyyətlə, proses haqqında bilmirlər. Niyə imza yığılır? İmza yığılmalıdırmı? Namizədliyə namizəd nədir? Və s. Mən özüm şəxsən imzatoplama kampaniyasında iştirak edirəm, sakinlərin qapılarını döyürəm və özümü təqdim edərək imza istəyirəm. Yəni insanlarla birbaşa ünsiyyətdə olduğum üçün reallığın nə olduğunu daha yaxşı bilirəm.
- Namizəd olduğunuz dairədə əsas rəqibləriniz kimdir? Şansınızı necə dəyərləndirirsiniz?
- Əsas rəqib anlayışı həmişə hakim partiyanın namizədi kimi başa düşülür. Mənim də namizəd olmaq istədiyim dairədə hakim partiyanın namizədi Tahir Mirkişilidir. Bu seçki marafonunda həm təcrübəmə, həm də özümə güvənirəm. İnanıram ki, demokratik seçki mühitində mən seçicilərimizin dəstəyinin və səsinin çox böyük hissəsini qazana biləcəyəm.
- Seçki platformanız necədir?
- Mənim namizədliyim AĞ Partiya tərəfindən irəli sürüldüyü üçün bütün namizədlərimiz üçün vahid seçki platformamız olacaq və bu, imzatoplama kampaniyası bitdikdən sonra təbliğat-təşviqat başlayanda partiyamız tərəfindən elan olunacaq.
- Növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası avqust ayına təsadüf edir. İsti yay ayında təbliğat kampaniyasını arzulanan səviyyədə qurmaq mümkün olacaqmı?
- Hazırda da havalar sərin keçir deyə bilmərik, kifayət qədər istidir və bu şəraitdə mən və komandam imzatoplama kampaniyasının öhdəsindən layiqincə gələ bilirik. Düşünmürəm ki, təbliğat-təşviqat kampaniyasında da hansısa bu kimi çətinliklər bizim iradəmizi qıra bilər.