Yazıçı İlahə Səfərzadə: “Amma kişilərin imkanları daha çox olduğundan daha güclü yaza bilərlər”
“Bəzən, deyirik ki, içimdən bir səs mənə bunu deyir. Və o içimizdən gələn səsin təsiri ilə etmək istədiyimiz nəyəsə etiraz edirik. Bu bizim içimizdən gələn səs deyil. Bu bizi böyüdən mühitin səsidir”
Ədəbiyyat həyatımızın bir hissəsidir. Orada keçmiş, bu gün və gələcək var. Ədəbiyyatda əksini tapan mövzular çox vaxt aktuallığını qoruyur. Təbii ki, əgər həmin əsər ustalıqla, məharətlə yazılıbsa. Əsəri yaxşı yazmaq üçün isə yazıçının qələmindən çox şey asılıdır. Necə deyərlər, qələm iti olmalıdır.
Bir çox oxucunun imzasını tanıdığı yazıçı, ədəbiyyatşünas İlahə Səfərzadə ilə müsahibəmiz də bu mövzuları əhatə edir:
- Ədəbiyyatda qadın mövzusunu necə qiymətləndirirsiniz?
- Qadının tarixdəki rolu, cəmiyyətdəki yeri, cəmiyyətin qadına münasibəti ədəbiyyatın əzəli mövzularındandır. Müasir Azərbaycan cəmiyyətinin strukturunda gedən mürəkkəb təkamül prosesi fonunda yaradılan qadın xarakterlərinin təhlili estetik hadisə kimi böyük maraq doğurur və elmi-nəzəri, həm də təcrübi baxımdan ciddi aktuallıq daşıyır.
- Bəzən deyirlər ki, kişi yazıçılar daha yaxşı yazırlar, bu fikirlə razısınız?
- Təbii ki, razı deyiləm. Qadınlarda emosional zəka güclü olur, hər şeyə daha hissi yanaşa bilirlər. Kişilərə nəzərən rasionallıqdan daha uzaqdırlar. Amma kişilərin imkanları daha çox olduğundan daha güclü yaza bilərlər. Onların ailə-məişət qayğıları daha az və düşünəcək zamanları daha çox olur. Yəni bu qabiliyyətdən daha çox tarixi bir prosesin - əmək bölgüsünün planlaşdırılması nəticəsində meydana gəlmiş vəziyyət ola bilər.
- Ədəbiyyatda qadın xarakteri və düşməndən qisas motivləri məqalənizdə Aqşin Xəyalın "Mənim erməni oğlum" və Somerset Moemin "Qisas" əsərlərinin təhlilini aparmısınız. Oradakı qadınlar yaşadıqları hadisələrə görə fərqli hisslər keçirirdilər. Sizcə, onlar bu hisslərlə hərəkət edirdilər, ya ağılları ilə qərar vermişdilər?
- Güman edirəm ki, əsərlərin hər ikisi həyatdan götürülən yazılardır. Onların yaşadığı mühitə, uşaqkən nə yaşadıqlarına, zəifliklərinə, psixoloji zədələrinə bələd olmadan haqlarında düzgün qərar verə bilmərik. Deyə bilmərik ki, onların bu hərəkəti düz idi, ya yox. Çünki məlum məsələdir ki, insanları hissləri idarə edir və hər kəsin beynində düşmən anlayışı, ümumiyyətlə, ləyaqət anlayışı fərqli bir aspektdən müəyyənləşdirilir. Aqşin Xəyalın əsərində qızın uşaqlıq dövrü də oxucuya çatdırılır. Amma Somerset Moemin əsərində isə qadının sadəcə yaşadığı dövr təsvir olunur. Həmçinin Aqşin Xəyalın əsərindəki mühit özümüzün yaşadığı, bələd olduğumuz psixologiyanı əks etdirir. Ona görə də onu ittiham etmək, müqayisə etmək, fikir bildirmək bizim üçün daha asandır. Məqalənin özündə də qeyd etmişəm ki, deyə bilmirəm o qadınlardan hansısa biri düz etdi, ya səhv etdi. Amma məlum məsələdir ki, daha çox hissləri ilə hərəkət edən obrazlardır hər ikisi.
- Bəzi insanlar ədəbiyyatı sevmirlər. Onlar nəyi itirirlər?
- Onlar çox şey itirirlər. Çünki ədəbiyyat həyatın əksidir, təzahürüdür, eyni zamanda da alternatividir. Biz ədəbiyyatla insanları tanıyırıq, empatiya qurmaq qabiliyyətimizi inkişaf etdirir, özümüzü kənardan görmə şansı əldə edirik. Ona görə də hansı sahədə olmağımızdan asılı olmayaraq ədəbiyyata müəyyən qədər yer vermək lazımdır.
- Feysbukda belə bir yazı paylaşmısınız. Hansı daha vacibdir "özün olmaq"mı, ya "özünü tanımaq"mı? Siz bu barədə nə düşünürsünüz, hansı daha vacibdir?
- Məncə, hər ikisi vacibdir. Özün olmaq vacibdir, çünki özün olanda daha səmimi olursan. Belə bir Amerika atalar sözü var ki, “özün kimi olmayıb başqası kimi olanda, onsuz da sevilən sən deyilsən, bir başqasıdır”. Özün olmaq üçün də ilk növbədə özünü tanımaq lazımdır ki, sən kimsən? Yəni sənin istəyin, arzuların, xəyalların nədən ibarətdir? Səni hansı hisslərin idarə edir? Bunları bildikdən sonra içindən gəldiyi kimi davranmaqda sərbəstsən.
- “Naməlum məktub” romanınızı hələ ki, oxumamışam. Amma kitabın üz qabığına baxanda tənha, mənfi hissləri ilə boğulmuş bir insan gördüm, düşündüm ki, romanda da bundan bəhs olunub. Mən sadəcə buna müşahidə ilə qərar verdim. Bəs, sizcə, digər insanlar da görünüşə baxaraq qərar verirlər? Sadəcə görünüşə baxıb insanın içindəki duyğuları görməyə tələsmirlər?
- Məncə, görünüş də insanlar haqqında bir çox məqamları üzə çıxara bilər. Amma bu, hərdən aldadıcı da olur. Kənardan çox sakit, durğun görünən biri, əslində, çox pozitiv insan ola bilər. Çox vaxt görünüşə görə qərar veririk. Amma ünsiyyət qurmadan anlamaq mümkün deyil. Sokratın belə bir sözü var ki, “danış, səni tanıyım”. “Naməlum məktub” kitabının üz qapağındakı rəsm isə əsərdən götürülmüş epizoddur, onu rəssam işləyib. O, əsəri oxuduqdan sonra oradakı müəyyən epizodları birləşdirib və həmin qapaq şəklini yaradıb.
- Bir dəfə eşitmişdim ki, hər kişinin həyatında bir Təhminə, hər qadının həyatında da bir Bəhram olur. Siz necə düşünürsünüz?
- Mən elə fikirləşmirəm. Yəqin ki, hər kişinin və ya hər qadının deyə bir şey yoxdur.
- Bildiyimə görə, əsərlərinizi nəsrlə yazırsınız. Nəzmi də sınamaq barəsində düşünürsünüz?
- Uşaq vaxtı şeirlər yazmışam. Amma məncə, hər kəs uşaq olanda şeir yazır. Lakin indi şeir yazmağa həvəsim yoxdur.
- Sizcə, gender bərabərliyinin təmin olunması üçün ədəbiyyatdan başlamaq lazımdır, ya həyatdan?
- Birinci həyatdan başlamaq lazımdır. Həyatda baş verən hər şey ədəbiyyatda da öz əksini tapır. Amma biz şüurlu olaraq qərar verməliyik ki, hansı tədbirləri görə bilərik. Hər şeyi ədəbiyyatın öhdəsinə buraxmaqla olmaz. Məsələn, məktəblərdə hansı işləri görməliyik, evdə valideynlər, məktəblərdə müəllimlər uşaqlara hansı məqamları çatdırmalıdırlar və bunlarla bərabər bir çox sahələrdə bunu təbliğ etmək lazımdır. Ədəbiyyat da mühüm rol oynayır, lakin yalnız ədəbiyyatla mümkün ola bilməyəcəyini düşünürəm.
- Əgər qadınlar sizin dediyiniz kimi cəmiyyətin diktəsinə məğlub olan insanlardısa, bununla necə mübarizə aparmaq lazımdır?
- Birinci tərbiyə uşaqlıqdan başlayır. Uşaqlıq dövründə insana hansısa bir məsələlər çatdırılmayıbsa, ya da beyninə yanlış fikirlər yeridilibsə, onlar böyüyəndən sonra da o fikirlərin təsiri ilə yaşayacaqlar. Bəzən, deyirik ki, içimdən bir səs mənə bunu deyir. Və o içimizdən gələn səsin təsiri ilə etmək istədiyimiz nəyəsə etiraz edirik. Bu bizim içimizdən gələn səs deyil. Bu bizi böyüdən mühitin səsidir. Onlar bizə özümüz kimi olmağı yox, onlar kimi olmağı təbliğ edərək başqa seçim şansı buraxmayıblar. Ona görə də valideynlər uşaqlarını tərbiyə edərkən bu nüansı hər zaman göz önündə saxlasa yaxşı olar ki, uşağı cəmiyyətin arzu və istəklərinə görə deyil, ona bir şəxsiyyət kimi fikirlərinə hörmət edib barəsində düşünmək borcumuz var.
- Sizcə, ədəbiyyatda milli mentalitet olmalıdır?
- Bəli, müəyyən qədər olmalıdır. Hər xalqın psixologiyası, həyatdan gözləntiləri fərqlidir və bizim ədəbiyyatımız da məhz bizi əks etdirməlidir.
- Niyə sevgi ədəbiyyatda bütün dövrlərin aktual mövzusu olub?
- Ona görə ki, bu dünya sevgi üzərində qurulub. Sevgi olmasa, dünya gözəlləşə, inkişaf edə bilməz. Biz hamımız Tanrının, kainatın bir zərrəsiyik və zərrə olaraq tam bir vəhdət halında birləşməyimiz də elə sevginin nəticəsində olur.
- II Qarabağ müharibəsindən sonrakı dövr ədəbiyyatımızda hansı dəyişiklikləri müşahidə etmisiniz?
- Əvvəllər ədəbiyyatımız məğlub ölkənin ədəbiyyatı idi. Daha çox kədərli hisslər üstünlük təşkil edirdi. İndi isə qələbə motivləri güclüdür, daha pozitiv ruhlu əsərlər yaranır.
Banuçiçək Kalbalıyeva