Asiya İnkişaf Bankının "Bakı Metropoliteni"nin genişləndirilməsinə dəstək layihəsinə texniki yardımı təsdiqləməsi müsbət xəbərdir
Asiya İnkişaf Bankı bu ilin martın 24-də “Bakı Metropoliteni”nin genişləndirilməsinə dəstək layihəsinə texniki yardımı təsdiqləyib. Texniki Yardım Xüsusi Fondu tərəfindən maliyyələşdirilən layihənin məbləği 225 min ABŞ dolları məbləğində müəyyənləşdirilib. Bildirilib ki, layihənin məqsədi mövcud və qarşıdan gələn təfərrüatlı dizayn və digər sənədlərin nəzərdən keçirilməsi, sektor idarəçiliyini gücləndirmək üçün institusional dəyişikliklərin asanlaşdırılmasında layihənin icra potensialının gücləndirilməsi və AİB-in təminatları, satınalma və digər layihə tələbləri üzrə biliklərin əldə edilməsinə dəstək verməkdir. “Layihə dayanıqlı şəhər nəqliyyatını təkmilləşdirməyi hədəfləyən 2025-2029-cu illər üçün AİB-in Azərbaycan üzrə ölkə tərəfdaşlığı strategiyasında qeyd olunduğu kimi, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi üçün bilik mübadiləsi prioritetinə uyğundur. Bundan əlavə, texniki dəstək Böyük Bakı Yaşıl Nəqliyyat Proqramına yardımın əsas sahəsi ilə uyğunlaşdırılır”. O da qeyd edilir ki, AİB Asiya və Sakit okean regionunda davamlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. Mürəkkəb problemləri birlikdə həll etmək üçün üzvləri və tərəfdaşları ilə işləyərək, AİB həyatı dəyişdirmək, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətləri və strateji tərəfdaşlıqlardan istifadə edir.
Bəs AİB-nin “Bakı Metropoliteni”nin genişləndirilməsinə dəstək layihəsinə texniki yardımı təsdiqləməsi bizə - hər gün tıxaclarda stress, əsəb keçirən, ictimai nəqliyyatda, o cümlədən də metroda basabas və sıxlıqdan bezən vətəndaşlara nə vəd edir?
Mütəxəssis rəyinə keçməzdən əvvəl mühüm bir məqamı qeyd etməliyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il yanvar ayının sonunda nəqliyyat məsələlərinə həsr olunmuş geniş tərkibli müşavirə keçirdi. Müşavirədə həm ölkə miqyaslı, həm də Bakı və Bakıətrafı qəsəbələrin yol-nəqliyyat problemlərinə toxunuldu. Məlum oldu ki, Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat problemi cənab Prezidenti narahat edir. Prezident qeyd etdi ki, nəqliyyat infrastrukturunu inkişafı müzakirə edilməlidir, buna ehtiyac var: “Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülüb, böyük infrastruktur layihələri icra edilib, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır”. Prezident tıxacların təbii səbəblərini qeyd etdi: “Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir. Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq”. Cənab Prezidentin paytaxt və ətraf qəsəbələrin yol-nəqliyyat infrastrukturunun inkişafına önəm verməsi, təbii ki, paytaxt sakinlərinin ürəyincədir. Metronun inkişafı, stansiyaların sayının artırılacağı xəbərlərini isə əhali xüsusi sevinclə qarşılayır. Çünki hazırda sərnişinlərin ən çox istifadə etdiyi ictimai nəqliyyat növü məhz metrodur. Cənab Prezidentin metronun inkişafına diqqət ayırması ictimai nəqliyyatın bu növünün gələcək perspektivindən xəbər verir. Mütəxəssislər də hesab edir ki, ictimai nəqliyyatdakı probemlərin, eləcə də tıxaclardan xilas olmağın yolu relsli nəqliyyatın inkişafına bağlıdır.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Asiya İnkişaf Bankının “Bakı Metropoliteni”nin genişləndirilməsinə dəstək layihəsinə texniki yardımı təsdiqləməsi müsbət xəbərdir:
- Bu o deməkdir ki, "Bakı Metropoliteni"nin yeni inkişaf mərhələsi başlayır. Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il oktyabrın 31-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olarkən dövlət başçısına "Bakı Metropoliteni"nin perspektiv inkişaf planı təqdim olundu. Metropolitenin inkişaf prioritetlərinə “Bənövşəyi xətt”in Babək prospektinə kimi uzadılması, "Sahil" stansiyasında “Bənövşəyi xətt”ə keçidin olacağı, Xətai-Həzi Aslanov xəttinin tikintisi daxildir. Xərclər təxminən 4 milyard manata kimi təşkil edə bilər. Nəticədə metropoliten xidmətindən 120 milyon əlavə sərnişin istifadə edə bilər.
R.Ağamirzəyev qeyd etdi ki, Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Avropa İnvestisiya Bankı arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, tərəflər "Bakı Metropoliteni" şəbəkəsinin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin hazırlanması, tam qiymətləndirilməsi məqsədilə əməkdaşlıq edəcəklər. Anlaşma Memorandumunun icrası paytaxtda mobilliyin inkişafı istiqamətində mühüm addım olacaq, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə və çirklənmənin qarşısının alınması istiqamətində səyləri gücləndirəcək. “Metropolitenin inkişafı “Bakı şəhərinin mobillik proqramı”nın əsas komponentidir. Həmin layihədə metronun əlçatanlığının və xidmət keyfiyyətinin artırılması üçün 9 yeni stansiyanın inşası, eləcə də mövcud infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur. Aparılan işlər şəxsi avtomobil istifadəsindən ictimai nəqliyyata keçidi təşviq etmək məqsədi daşıyır. Bu da insanların yola sərf etdikləri vaxtı azaltmağa kömək edəcək və şəhərin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək:
- Asiya İnkişaf Bankı tərəfindən “Bakı Metropoliteni”nin genişləndirilməsinə dəstək layihəsinə texniki yardımın təsdiqlənməsi ilə əvvəlcə elan olunmuş dövlət proqramının icrasının real, ilkin nəticələri görünür artıq. Texniki dəstək layihəsi məhz layihənin icrasına başlanmazdan əvvəl bir sıra mühüm işlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Bununla da biz 2025-2029-cu illər ərzində "Bakı Metropoliteni"nin yeni stansiyalarının tikintisini, “Qırmızı”, “Yaşıl” xətlərin ayrılmasını, “Dərnəgül” deposunun tikintisini və digər layihələrin icrasını real olaraq görəcəyik. Bu işlərin icrası metroda effektiv daşınmanın təmin olunmasına kömək edəcək.