Bütün səlahiyyətlər Bakıya keçdi: Naxçıvan artıq mərkəzdən idarə ediləcək

Zəngəzur dəhlizi açılsa, Naxçıvan fiziki və hüquqi olaraq ana torpağa bağlanacaq


“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Naxçıvan Muxtar Respublikasının Ali Məclisində səsə qoyularaq qəbul edilib. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Konstitusiyasına dəyişikliklər və əlavələr Ali Məclisdə iki dəfə səsə qoyulmalı, ikinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilməlidir. Konstitusiyaya dəyişikliklər Ali Məclisdə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməlidir. Artıq layihə Milli Məclisdədir. Milli Məclis konstitusiya qanunu ilə təsdiqləsə, Ali Məclisin Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına etdiyi dəyişikliklər qüvvəyə minəcək. Nəzərdə tutulan dəyişikliklər isə bunlardır: - Ali Məclis sədri Naxçıvan MR-in ali vəzifəli şəxsi sayılmayacaq. Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq. Naxçıvanda icra başçılarını Ali Məclis sədrinin təqdimatı ilə Azərbaycan Prezidenti təyin edəcək. Konstitusiyadan Moskva və Qars müqavilələrinin adları çıxarılır. 

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, Naxçıvanın muxtariyyəti demək olar ki, aradan qalxır və "Ali vəzifəli şəxs" ləğv edilir: 
"Bir sözlə, vaxtilə Vasif Talıbova məxsus olan bütün səlahiyyətlər artıq Azərbaycan Prezidentinə məxsus olacaq. Naxçıvan artıq mərkəzdən idarə ediləcək. Nazirlər Kabinetinin prezidentə tabe edilməsinin qısa izahı odur ki, Muxtar Respublikanın nazirləri də artıq Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək. Təqdimatı da ehtimal ki, səlahiyyətli nümayəndə həyata keçirəcək. Dövlət başçısı İlham Əliyevdən sonra Nikol Paşinyan da Türkiyəyə səfər edib. Zəngəzur dəhlizi məsələsi öz həllini taparsa, Naxçıvan həm hüquqi, həm fiziki ana torpağa bağlanacaq".