“Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi çərçivəsində Bərdədə şəhid ailələri və müharibə iştirakçıları ilə növbəti görüş keçirilib.
QHT.az xəbər verir ki, “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsinin icrasını uğurla davam etdirir.
Layihə çərçivəsində növbəti tədbir 09 iyun 2026-cı il tarixində Bərdə rayon Alı Mustafayev adına 5 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdən əvvəl layihə rəhbəri Naibə Behbudova şəhid ailələri və müharibə iştirakçıları ilə görüşərək onların sosial vəziyyəti və qayğıları ilə yaxından maraqlanıb.
Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, müharibə iştirakçıları və qazilərimizin qəhrəmanlıqlarını gənc nəslə tanıtmaq, onlarda vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq hissini gücləndirməkdən ibarət olub.
Tədbir layihə rəhbəri Naibə Behbudovanın açılış nitqi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Alı Mustafayev adına 5 nömrəli tam orta məktəbin direktoru, şəhid ailəsinin üzvü Teymur Həmidov çıxış edərək şəhidlərin xatirəsinin yaşadılmasının və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən danışıb. O, belə layihələrin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Şəhid anası Ədilova Əzizə çıxışında övladlarının Vətən uğrunda göstərdikləri qəhrəmanlığın heç zaman unudulmamalı olduğunu bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə təşkilatçılara təşəkkürünü ifadə edib.
Müharibə iştirakçısı Rizvan Qasımov döyüş yolundan bəhs edərək gənclərə Vətənə sevgi, birlik və dövlətçilik dəyərlərinin qorunmasının vacibliyini çatdırıb.
Qazi Tahir Sadıqov isə çıxışında müharibə illərində yaşadığı təcrübələrdən danışıb, ölkənin gələcəyi olan gənclərin milli ruhda yetişməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi, gənclər, müharibə iştirakçıları, şəhid ailələri və ictimai birlik nümayəndələri iştirak ediblər.
Sonda şəhidlərimizin əziz xatirəsi bir daha ehtiramla anılıb, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm can sağlığı arzulanıb.