“Əlilliyi olan şəxslər üçün mədəni turların təşkili” layihəsinin icrası davam edir

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə maliyyə dəstəyi müsabiqəsinin qalibi olduğu “Əlilliyi olan şəxslər üçün mədəni turların təşkili” layihəsinin icrasını uğurla davam etdirir.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi 12–45 yaş arası əlilliyi olan şəxslərin sosial inteqrasiyasını gücləndirmək, onların mədəni maariflənməsinə, psixoloji rifahının yaxşılaşdırılmasına, sosial bacarıqlarının inkişafına və cəmiyyətin ictimai-mədəni həyatında fəal iştirakına dəstək verməkdir.

Layihə çərçivəsində növbəti mədəni tur Şamaxı şəhərində təşkil olunub. Tur iştirakçıları şəhərin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq məqsədilə bir sıra mühüm mədəni-tarixi məkanları ziyarət ediblər.

Səfər çərçivəsində iştirakçılar əvvəlcə Sabir adına Ev Muzeyini ziyarət edərək burada Azərbaycan ədəbiyyatı və mədəni irsi ilə bağlı məlumatlarla tanış olublar.

Muzey ziyarəti iştirakçılara Azərbaycanın zəngin ədəbi-mədəni irsi haqqında biliklərini artırmaq, tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı yaradıb.

Daha sonra iştirakçılar Şamaxı şəhər Tarix və Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Muzeydə Şamaxı şəhərinin və bölgənin tarixi, maddi-mədəni irsi, məişəti və müxtəlif dövrlərə aid tarixi nümunələr barədə məlumat əldə edilib. Muzey eksponatları iştirakçıların böyük marağına səbəb olub.

Mədəni turun növbəti ünvanı Şamaxı Cümə Məscidi olub. İştirakçılar burada Azərbaycanın qədim dini-memarlıq irsi ilə tanış olublar. Cümə məscidinin tarixi və memarlıq xüsusiyyətləri haqqında məlumatlar təqdim edilib.

Mədəni məkanlara təşkil olunan ziyarətlər iştirakçıların tarixi və mədəni irsimiz haqqında biliklərinin artırılmasına, onların asudə vaxtlarının səmərəli təşkilinə və yeni təəssüratlar qazanmalarına şərait yaradıb.

Tur çərçivəsində iştirakçılar arasında səmimi ünsiyyət və fikir mübadiləsi aparılıb, onların sosial əlaqələrinin genişləndirilməsinə və cəmiyyətin mədəni həyatında fəal iştirakına dəstək göstərilib.

Şamaxı şəhərinə təşkil olunan mədəni tur layihənin əsas məqsədlərinə uyğun olaraq əlilliyi olan şəxslərin sosial və mədəni həyata daha fəal cəlb olunmasına, onların ünsiyyət imkanlarının genişlənməsinə və tarixi-mədəni irslə tanışlığının artırılmasına mühüm töhfə verib.

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov layihənin maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, həmçinin Şirvan şəhərində mədəni turun təşkilində və həyata keçirilməsində dəstək göstərən bütün qurum və şəxslərə təşəkkürünü bildirib.