İctimai birlik ağacəkmə aksiyası keçirib

“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kür çayı ərazilərində biomüxtəlifliyin bərpa olunması və alternativ ekoloji vərdişlərin təşviqi” layihəsinə start verib.

QHT.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbir Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində ağacəkmə aksiyası şəklində həyata keçirilib. Tədbirin vaxtında və aqrotexniki qaydalara uyğun icrası üçün ərazi ictimai birliyin könüllüləri və rayon yaşıllaşdırma idarəsinin kollektivi tərəfindən alaq otlarından təmizlənmiş, ağaclar üçün çalalar qazılmışdır.

Ağacəkmə aksiyasında Salyan Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə inzibati ərazi nümayəndəsi, RİH aparatının sektor müdiri, Salyan Bələdiyyəsinin sədri, YAP Salyan rayon təşkilatının sədr müavini, Şirvan–Salyan Regional Gənclər İdarəsinin müdiri, şəhərin Yaşıllaşdırma İdarəsinin, Mənzil İstismar Təmir-Tikinti İstehsalat Birliyi MMC-nin kollektivləri, Rayon Ziyalılar Birliyinin, Ağsaqqallar Şurasının, Azad İstehlakçılar Birliyinin rayon filialının sədrləri, “Ana Kür” İctimai Birliyinin üzvləri və könüllüləri, media nümayəndələri və ərazidə yaşayan vətəndaşlar iştirak etmişlər.

Layihə rəhbəri Rüstəm Məlikov çıxış edərək layihənin məqsəd və vəzifələri barədə məlumat verib. O bildirib ki, əsas məqsəd Kür çayı sahillərində biomüxtəlifliyin bərpasına vətəndaşların fəal iştirakını təmin etmək, həmçinin alternativ ekoloji davranışların təşviqi ilə ətraf mühitin qorunmasına töhfə verməkdir.

Qeyd olunub ki, əkilən ağaclara yerli əhali tərəfindən mütləq qaydada qulluq göstərilməlidir. Hər birimizin bir ağac əkib ona qulluq etməsi biomüxtəlifliyin bərpasına mühüm töhfə verə bilər. Ekoloji davranışlara əməl etməklə isə ictimai nümunə formalaşdırmaq mümkündür.

Tədbir çərçivəsində əvvəlcədən planlaşdırıldığı kimi 25 ədəd ağac əkilməsi nəzərdə tutulsa da, könüllülərin dəstəyi ilə təxminən 50-yə yaxın fidan əkilmişdir. Əkilən ağaclar suvarılmış, eyni zamanda ərazidə əvvəlki layihələr çərçivəsində əkilmiş ağaclara da qulluq göstərilmişdir.