“Kiçik addımlar-böyük nəticələr” adlı layihə çərçivəsində növbəti tədbir həyata keçirilib

07 iyul 2026-cı ildə Ucar rayonunda Gənclər evində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Pediatrik Kardiologiya və Revmatologiya" ictimai birliyi “Kiçik addımlar-böyük nəticələr” adlı layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

Tədbirdə ictimai birliyin sədri Sveta Rəfiyeva qeyd edib ki, ölkəmizin dörd rayonunda keçiriləcək layihəmizin əsas ideyası insanlarda davamlı sağlam həyat tərzini formalaşdırmaq, bunu onların gündəlik tələbatına çevirmək, insanların öz sağlamlıqlarına məsuliyyətlərini artırmaq və beləliklə sağlam həyat tərzini yaşam tərzinə çevirmək də insanlara yardımçı olmaqdır.

Tədbir zamanı iştirakçılara sağlam həyat tərzi haqqında geniş məlumat verilib və bildirilib ki, gələcəyin tibbi xəstəliklərin müalicəsinə yox, xəstəliklərin inkişaf riskinin azaldılmasına yönəldilib. Buna görə də sağlam həyat tərzinin təbliği məqsədi ilə maarifləndirməyə böyük ehtiyac var. Tədbir iştirakçılarına sağlam həyat tərzi haqqında testlər verilib, bu testlərin cavabları əsasında hər bir iştirakçısına xüsusi yanaşılıb. Tədbir qarşılıqlı dialoq şəkildə keçib. Daha çox insanın maariflənməsi məqsədi ilə tədbirin sonunda tədbir iştirakçılarına sağlam həyat tərzi haqqında yaddaş vərəqələri paylanılıb.

Qeyd edək ki, layihə çərçivəsində növbəti tədbirlər Göyçay və Yevlax rayonlarında keçiriləcək.