Azərbaycanın bölgələrində dövlət, vətəndaş cəmiyyəti və biznes təşkilatlarının tədbirlərini daha ekoloji, inklüziv və davamlı etmək məqsədilə “Davamlı Tədbirlər Bələdçisi” hazırlanır.
QHT.az xəbər verir ki, 2026-cı il mayın 1-də “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi “Yaşıl Yol Xəritəsi” adlı yeni layihəsinə start verib. Ötən müddət ərzində 3 regionda hökumət, qeyri-hökumət və kommersiya qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, layihənin məqsədi və gözlənilən nəticələri ətraflı izah olunub. Eyni zamanda təlimlərin keçiriləcəyi məkanlar müəyyənləşdirilib, benefisiarların siyahıları, təlim proqramına uyğun slaydlar və Google anketləri vasitəsilə qiymətləndirmə sorğuları hazırlanıb.
“İlk mərhələdə əsas vəzifəmiz bizim ictimai birliyin mövcud bələdçisini təhlil etmək və spesifik nümunələr əlavə edərək regionun dövlət, vətəndaş cəmiyyəti və biznes təşkilatlarının real ehtiyaclarına uyğunlaşdırmaq idi”, – deyə MVA İB-nın sədri və layihə rəhbəri Fərman Nəbiyev bildirib.
O, əlavə edib ki, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin iki üzvü 2025-ci ildə Avropa İttifaqı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə “Events for Future” proqramının iştirakçısı olub. Moldova, Gürcüstan, Rumıniya, Litva və Almaniyada təcrübə keçən üzvlər bu biliklər əsasında “Yaşıl Yol Xəritəsi” layihəsini hazırlayıblar. Layihənin əsas məqsədi Azərbaycanın bölgələrində dövlət, vətəndaş cəmiyyəti və biznes təşkilatlarının tədbirlərini davamlı, ətraf mühitə uyğun, sosial-iqtisadi cəhətdən faydalı və inklüziv etmək, “sıfır” tullantıya nail olmaq üçün “Davamlı Tədbirlər Bələdçisi” hazırlamaq və onun tətbiqini monitorinq etməkdir.
Fərman Nəbiyevin sözlərinə görə, layihə çərçivəsində 25 mövzunu əhatə edən sənəd toplusu üzərində yekun işlər aparılır: “QHT Agentliyinin maliyyə dəstəyi ilə MVA İB-nın “Yaşıl Yol Xəritəsi” və Dortmund Beynəlxalq Təhsil Mərkəzinin (IBB) Avropa İttifaqı və GİZ-in dəstəyi ilə həyata keçirilən “Azərbaycanda vətəndaş iştirakçılığının gücləndirilməsi” layihələrinin materialları əsasında hazırlanan bu vəsait hər bir qurumun stolüstü kitabı statusunda olacaq. Çalışmışıq ki, material oxucular üçün ağır və yorucu olmasın”.
Kitaba daxil edilən əsas mövzulardarın bəziləri bunlardır:
Dayanıqlı İnkişaf Məqsədləri ilə tədbirlərin dayanıqlı təşkili arasında əlaqə;
Tədbirlərin dayanıqlı təşkili ilə dairəvi iqtisadiyyat arasında əlaqə;
Dayanıqlı tədbir ilə ekoloji cəhətdən dost tədbir arasındakı fərqlər;
Dayanıqlı tədbirin təşkili zamanı maraqlı tərəflər;
İqlim dəyişikliyi və onun dayanıqlı tədbir təşkili ilə əlaqəsi və s.
Bununla yanaşı, kitaba “Mingəçevir Valideynlər Assosiasiyası” İB üçün hazırlanmış “Dayanıqlı Tədbirlər Bələdçisi” də daxil edilib.
İyun ayının ikinci yarısı və iyul ayının birinci yarısında Mingəçevir, Gəncə və Bərdə şəhərlərində təlimlərin keçirilməsi nəzərdə tutulur. İyul ayının sonu və avqust ayının əvvəlində isə layihə eksperti bütün iştirakçı təşkilatların nümayəndələrinə onlayn mentor dəstəyi göstərəcək.Qeyd edək ki, layihə rəhbəri, təlimçi və ekspert “Events for Future” proqramının məzunlarıdır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

