Neft ölkəsində turizm: Şaxələnmiş iqtisadiyyatın strateji Lahıc modeli

Neft və qazla zəngin olan bir ölkədə turizmin ön plana çıxması, həmin dövlətin iqtisadi şaxələndirmə siyasəti apardığını və uzun müddətli dayanıqlı inkişafı hədəflədiyini əsas göstəricisidir. Bu təbii resursların tükənən olması faktını nəzərə alaraq, neftdən asılılığı azaltmaq və gəlir mənbələrini şaxələndirmək cəhdidir.

    Təsəvvür edək ki, böyük bir mirasın sahibiyik və bu miras bizə hər ay kifayət qədər gəlir gətirir. Lakin bir gün bu gəlirin bitməsini və ya dəyərini itirəcəyini bilirik. Ağıllı insan bu halda nə etməli? Təbii ki, həmin gəliri elə bir işə yatırar ki, miras bitəndə də həyatı eyni keyfiyyətdə davam etsin. Neft və qaz ölkələrinin bu gün turizmə verdiyi önəm tam olaraq bu məntiqlə bağlıdır.

    İqtisadi şaxələnmə adlandırdığımız bu proses, əslində gəliri bir yerdə yığıb gizlətmək fikrinin yanlış olduğunu bildirməkdir. Neft və qaz yerin altında gizlənən və gec tez tükənən sərvətdir. Üstəlik, onların qiyməti bizdən asılı olmadan uzaq ölkələrdə müəyyənləşdirilir. Turizm isə yerin üstündəki tükənməz xəzinədir: ölkənin təbiəti, tarixi, dadlı mətbəxi, sənətkarlığı və insanpərvərliyidir. Bu sahəni ön plana çəkmək, ölkənin sadəcə xammal ixrac edən bir “yanacaqdoldurma məntəqəsi” olmaqdan çıxarıb, dünyaya öz mədəniyyətini və xidmətini satan müasir bir brendə çevrilməsidir.

     Bu keçidin ən gözəl və canlı nümunəsini görmək üçün uzağa getməyə ehtiyac yoxdur; Qafqaz dağları qoynunda gizlənən İsmayıllı rayonunun Lahıc qəsəbəsinə baxmaq kifayətdir. Lahıc bizə sübut edir ki, bir ölkənin ən böyük sərvəti onun nefti deyil, əsrlərlə qoruyub saxladığı sənətkarlıq irsi və onun ruhudur. Daş döşənmiş dar küçələri, çəkic səslərinin əks olunduğu misgərlik və dəmirçilik emalatxanaları, xalçaçılıq sexləri, dabbağlıq,sərraclıq və digər sənət növləri bizi keçmişin dərinliklərinə aparır. Bura təkcə sənətkarlıq mərkəzi deyil, həm də insanın əməyi ilə təbiətin və tarixin necə harmoniyada ola biləcəyinin canlı sübutudur. Sənətkarlıq nümunələri burda sadəcə bir peşə deyil, nəsildən nəslə ötürülən bir mənəvi mirasdır.

     Neft ölkəsi olaraq biz bu qədim sənət ocaqlarını qoruyub dünyaya təqdim etməklə göstəririk ki, bizim iqtisadiyyatımız sadəcə boru kəmərləri üzərində deyil, həm də ustad sənətkarların əl əməyi, Lahıcın qədim memarlığı və insanların səmimiyyəti üzərində yüksəlir.

     Turizmin ən böyük möcüzəsi onun “zəncirvari” təsirində gizlənir. Neft quyusunda işləmək üçün məhdud sayda mühəndis lazımdır. Lakin Lahıc kimi turizm mərkəzlərində bir turistin gəlməsi yüzlərlə insana iş yeri verir. Yerli sənətkar istehsal etdiyi mallarını satırlar, ev sahibi qonaq qarşılayır, fermer öz təbii məhsullarını təqdim edir. Beləliklə dövlət neftdən qazandığı vəsaiti bu cür tarixi məkanların infrastrukturlarına yatırmaqla, əslində həmin pulları birbaşa vətəndaşların gündəıik rifahına və qədim sənətlərin yaşamasına yönəldilmiş olur. 

      Nəticə etibarı ilə, neft ölkəsində turizmin, xüsusən də Lahıc kimi nadir incilərin parlaması bir qurtuluş və inkişaf strategiyasıdır. Bu dünyaya “ sadəcə neftimiz yox,həmdə köklü bir tariximiz var” mesajını verməkdir. Neft çıxarıldığı yerdə qala bilər, amma Lahıcın küçələrindəki o canlı ruh bütün ölkəni hərəkətə gətirən sönməz bir enerjidir. Çünki yerin altındakı sərvət bizə bu günü bəxş edirsə, yerin üstündə qoruduğumuz dəyərlər bizi gələcəyə daşıyır. Unutmayaq ki, dünya qarşısınasadəcə qazandığımız qızılın miqdarı ilə deyil, qonağımızla paylaşdığımız bir tikə çörəyin və yaşatdığımız bir sənətin ehtiramı ilə ucalırıq. Neft bizi zəngin edə bilər, lakin bizi biz edənvə dünyada tanıdan – tariximizə açılan o pəncərə, qəlbimizdəki o bitməz qonaqpəlvərlik enerjisidir.

Lahıc DTMQ-nin elmi işçisi     Ağaməşədi Əliyev