12 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsi çərçivəsində yeddinci təlim uğurla baş tutdu.
Təlim “Aşağı ətrafların kineziolentləmə tətbiqi” mövzusuna həsr olunmuşdur. Tədbirin əsas məqsədi əlilliyi olan uşaqların və gənclərin reabilitasiya imkanlarının genişləndirilməsi, valideynlərin və qayğı göstərən şəxslərin bu sahədə bilik və bacarıqlarının artırılması olmuşdur.

QHT.az sspwd.az-a istinadən xəbər verir ki, təlimi giriş sözü ilə “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva açaraq iştirakçıları salamlamış, layihənin əhəmiyyətindən və sağlamlığın qorunmasına yönəlmiş bu kimi təşəbbüslərin vacibliyindən bəhs etmişdir.
Daha sonra təlimçi Aynur xanım təlimə gətirilmiş aşağı ətraflarında problem olan uşaqlar və gənclər üzərində mövzunu praktik şəkildə izah etmiş, kineziolentləmənin tətbiq qaydalarını əyani şəkildə nümayiş etdirmişdir. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, valideynlər övladlarının reabilitasiyası ilə bağlı onları maraqlandıran sualları ünvanlandırmış və ətraflı cavablar almışlar.

Layihə çərçivəsində keçirilən təlimlər əlilliyi olan uşaqların sağlamlığının qorunmasına, reabilitasiya imkanlarının artırılmasına və ailələrin maarifləndirilməsinə mühüm töhfə verməkdə davam edir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən göstərilən dəstək əlilliyi olan uşaqların reabilitasiyası sahəsində maarifləndirmə işlərinin genişləndirilməsində və ailələrin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır.
Layihənin növbəti mərhələlərində də valideynlər üçün praktiki təlimlərin və maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.