"Şəhid ailəsi üzvləri və müharibə iştirakçıları ilə iş” layihəsinin tədbiri keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi ilə “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Şəhid ailəsi üzvləri və müharibə iştirakçıları ilə iş” adlı yeni layihənin açılış mərasimi keçirilib. Tədbir 15 İyun – Milli Qurtuluş Gününə həsr olunub.

QHT.az xəbər verir ki, tədbirdə respublikanın müxtəlif bölgələrindən gəlmiş şəhid ailələri və qazilər, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor ƏlibalaMəhərrəmzadə, Yeni Azərbaycan Partiyası Quba Rayon Təşkilatının sədr müavini Elxan Məhərrəmov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Mammadova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika elmlər doktoru professor Yusif Alıyev və filialın əməkdaşı Aysel Sheydayeva, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin məsləhətçisi Sədaqət Şükürova, Quba Rayon Mərkəzi Kitabxanasının direktoru Sammədin Orucov, Azərbaycan Yazıçılar Birliyinin Quba Bölməsinin sədri, tanınmış şair Ramiz Qusarçaylı, 2 nömrəli A. Məmmədov adına tam orta məktəbin direktoru Lala Bedelova , Şahdağ Truskavets Sanatoriyasının həkim və əməkdaşları, “İnnovativ İnkişafa Dəstək” İctimai Birliyinin sədri Hümmət Əliyev, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Heydər Əliyev Lektoriyasının müdiri, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvü Nəhayət Şirinova  aparıcılığı ilə baş tutub

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən təşkilatın sədri Tünzalə Abduləlimova layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. O bildirib ki, şəhid ailələri və müharibə iştirakçılarının sosial-psixoloji dəstəklə əhatə olunması, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi və mövcud problemlərinin həllinə töhfə verilməsi layihənin əsas hədəflərindəndir.

Tünzalə Abduləlimova göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib, layihənin həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.

Daha sonra Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixindəki müstəsna əhəmiyyətindən danışıb, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərini diqqətə çatdırıb. O qeyd edib ki, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Yeni Azərbaycan Partiyası Quba Rayon Təşkilatının sədr müavini Elxan Məhərrəmzadə çıxışında ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından bəhs edib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli və cəmiyyətin diqqət mərkəzində saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Elxan Məhərrəmzadə vurğulayıb ki, qeyri-hökümət təşkilatlarının bu sahədə həyata keçirdiyi layihələr dövlət siyasətinə mühüm dəstək verir, şəhid ailələrinin mənəvi dəstəklənməsi və vətənpərvərlik dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. O, tədbirin təşkilatçılarına uğurlar arzulayaraq belə layihələrin davamlı olmasının vacibliyini qeyd edib.

ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin məsləhətçisi Sədaqət Şükürova, Azərbaycan Yazıçılar Birliyinin Quba Bölməsinin sədri, şair Ramiz Qusarçaylı, şəhid anası Başxanım Aslanlı, QHT-lərin Resurs və Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev və həkim-endokrinoloq Laura Zalova çıxış edərək Milli Qurtuluş Gününün əhəmiyyətindən, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, eləcə də həyata keçirilən layihələrin cəmiyyət üçün mühüm sosial əhəmiyyət daşımasından bəhs ediblər.

Çıxışlarda vurğulanıb ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinin və sağlamlığını qismən itirmiş qazilərimizin yanında olmaq hər bir vətəndaşın mənəvi borcudur. Bu kimi layihələr cəmiyyətimizdə həmrəylik, milli birlik və vətənpərvərlik dəyərlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Səmimi və yüksək mənəvi ab-hava şəraitində keçən tədbirin sonunda xatirə şəkilləri çəkdirilib, iştirakçılar layihənin gələcək fəaliyyətinə uğurlar arzulayıblar.

Qeyd edək ki, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi indiyədək bir sıra uğurlu layihələr həyata keçirib. Hazırkı layihə də təşkilatın şəhid ailələri və müharibə iştirakçılarının rifahının yüksəldilməsinə yönəlmiş növbəti mühüm təşəbbüsü kimi qiymətləndirilir.