Generativ süni intellekt (Aİ) sistemlərinin media sektoruna müsbət və mənfi təsirləri, eləcə də bu sistemlərdən effektiv istifadə ilə bağlı beynəlxalq nəzəri yanaşmaları əks etdirən tezislərdən ibarət məlumat bazası hazırlanaraq Azərbaycan auditoriyasına təqdim olunacaq.
QHT.az xəbər verir ki, bu fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən həyata keçirilən “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” layihəsi çərçivəsində reallaşdırılacaq. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, layihə 4 ay davam edəcək:
“Bu müddət ərzində Aİ sistemlərinin mediada effektiv istifadəsi ilə bağlı akademik mərkəzlər tərəfindən irəli sürülən son elmi yanaşmalar araşdırılacaq, ümumiləşdirilərək Azərbaycan auditoriyasına çatdırılacaq. Növbəti mərhələdə isə süni intellektin media sektorunda yaratdığı risklərin azaldılması istiqamətində tövsiyələr hazırlanacaq.
Tövsiyələr beynəlxalq sənədlərə, o cümlədən UNESCO-nun “Süni intellekt etikası üzrə Tövsiyələri”nə, Avropa İttifaqının “Süni İntellekt Aktı”na, eləcə də beynəlxalq jurnalist təşkilatlarının irəli sürdüyü “Süni intellekt və jurnalistika üzrə Beynəlxalq Xartiya”nın prinsiplərinə əsaslanacaq. Məqsədimiz Azərbaycan mediasında Aİ texnologiyalarından etik və effektiv istifadə vərdişlərinin formalaşmasına töhfə verməkdir”.
Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində jurnalistlərin, sosial media fəallarının və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə konfrans təşkil olunacaq və mövzu geniş formatda müzakirə ediləcək.
Bununla yanaşı, mövzu ilə bağlı maarifləndirici podkastlar hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.
“Bu fəaliyyətlərin media savadlılığının artırılmasına və Aİ texnologiyalarından məsuliyyətli istifadəyə töhfə verəcəyinə inanırıq”, – deyə o qeyd edib.