Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyi “İnklüziv şəhərlər üçün təşəbbüslər” layihəsi çərçivəsində 9–10 iyun 2026-cı il tarixlərində Zaqatala şəhərində inklüzivlik üzrə təlimlər və psixoloji dəstək seminarı keçirilib. İki gün ərzində tədbirlərdə ümumilikdə təxminən 60 nəfər iştirak edib.
“İnklüziv şəhərlər üçün təşəbbüslər” layihəsinin əsas məqsədi gənclər arasında inklüziv dəyərlərin təşviqi, fərqli sosial qrupların qarşılıqlı anlaşmasının gücləndirilməsi və sosial ədalətə əsaslanan fəaliyyətlərin dəstəklənməsidir.
Layihə əlilliyi olan və əlilliyi olmayan gənclərin birgə öyrənməsi və fəaliyyəti vasitəsilə stereotiplərin aradan qaldırılmasına və inklüziv düşüncənin yayılmasına xidmət edir.

Təlimlər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının bazasında təşkil olunub. Tədbirlər əlilliyi olan və əlilliyi olmayan gəncləri, gənc liderləri, müəllimləri, psixoloqları, təhsil mütəxəssislərini, eləcə də valideynləri bir araya gətirib.
UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova 9 iyun tarixində gənc liderlər, əlilliyi olan və əlilliyi olmayan gənclərdən ibarət qrup üçün “Heç kim kənarda qalmasın: Birlikdə dəyişən gənclər” adlı təlim keçirib. 10 iyun tarixində isə o, gənc psixoloqlar, müəllimlər və təhsil mütəxəssisləri üçün “Müasir İnklüziv Təhsil” mövzusunda təlim aparıb.


Gülgün Nitq İnkişaf Mərkəzinin təsisçisi və icraçı direktoru Gülgün Hüseynova əlilliyi olan uşaq və gənclərin valideynləri, eləcə də psixologiya ilə maraqlanan digər iştirakçılar üçün psixoloji dəstək seminarı keçirib.
Hər iki qrupun iştirakçıları inklüzivlik anlayışına böyük maraq göstərib və müasir təhsil prosesində bu yanaşmanın əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Bundan əlavə, iştirakçılar Zaqatalada inklüziv cəmiyyətin təşviqatçısına çevriləcək könüllü şəbəkəsinin yaradılmasına maraqlı olduqlarını bildiriblər.
Təlimlərin uğurlu davamı olaraq, 12 iyun tarixində UNEC Zaqatala filialının bir qrup tələbəsi Gülgün Nitq İnkişaf Mərkəzini ziyarət edib. Tələbələr mərkəzin uşaqları və müəllimləri ilə birlikdə Heydər Əliyev Parkında gəzinti edib və şən birgə tədbir keçiriblər. Bu görüş təlimlərin bilavasitə müsbət nəticələrindən biri olub.
Layihə komandası əmindir ki, həyata keçirilən fəaliyyətlər bölgədə inklüzivlik sahəsində yeni yerli təşəbbüslərə təkan verəcək və inklüziv cəmiyyət quruculuğuna davamlı töhfə bəxş edəcək.