“Nikol Paşinyan ölkəsindəki daxili siyasətin əsirinə çevrilib”.
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
Partiya sədri bildirib ki, məhz bu səbəbdən baş nazir özünü əl-ayağı bağlanmış vəziyyətdə hiss edir:
“Paşinyan Qarabağ münaqişəsinin sülh yoluyla, müəyyən güzəştlərə gedərək həll olunması istiqamətində real heç bir addım ata bilmir. Odur ki, mən məsələni “erməni hökumətinin münaqişə ilə bağlı müstəqil addım atmaq səlahiyyəti varmı” şəklində yox, “addım atmaq imkanları yoxdur” şəklində qoyardım. Paşinyan hazırda maket siyasətçi və yaxud “portfelsiz baş nazir” durumundadır. O, Ermənistan gerçəkliklərini dəyişə bilmir. Qarabağ məsələsinin həlli də ilk növbədə məhz Ermənistandakı və qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı siyasi proseslərdən asılıdır. Paşinyan İrəvanda və Xankəndində kök salmış "Qarabağ klanı"nı, Koçaryan-Sarkisyan-Bako Saakyan bandasının siyasi gücünü neytrallaşdırmağı və zərərsizləşdirməyi bacararsa, Azərbaycana düşmən ovqatına köklənmiş erməni xalqını sülhə hazırlamaq işinin öhdəsindən gələ bilər. Bunlar bir-birinə bağlı məsələlərdir. Lakin indiki situasiyada Paşinyan bu məsələlərin heç birini həll etmək iqtidarında deyil”.
Ə.Hüseynovun sözlərinə görə, ilk vaxtlar ermənilər Paşinyana az qala “sehirbaz adam” kimi baxırdılar:
“Onlara elə gəlirdi ki, Paşinyan əlinin bircə işarəsi ilə həm Qarabağ problemini çözəcək, həm də Ermənistanın bütün sosial-iqtisadi problemlərini qısa müddətdə həll edəcək. Lakin bu gözləntilər özünü zərrə qədər də doğrultmadı. Bu gün Ermənistanda və ermənilərin gündəlik dolanışığında yaxşılığa doğru heç bir dəyişiklik baş verməyib. Əksinə, Ermənistan dalana dirənib. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqda da ümidverici nəsə söyləmək mümkün deyil. Ermənistanın ucbatından bu proses də əslində dalana dirənib. Status-kvo vəziyyəti dəyişilməz olaraq qalır. "Nə sülh, nə də müharibə" vəziyyəti əvvəlki kimi davam edir. Yaxın perspektivdə də həm həmsədrlər, həm də ki, xarici işlər nazirləri sadəcə olaraq mövqeləri yaxınlaşdırmaqla və humanitar məsələlərin həlli ilə məşğul olacaqlar”.
Təşkilat rəhbəri bildirib ki, Ermənistan baş naziri Paşinyan Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını istəyərdi. Ancaq ölkəsindəki daxili siyasi vəziyyət ona imkan vermir ki, bu istiqamətdə konkret addımlar atsın:
“Erməni baş nazir Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılaşmaqdan, saziş imzalamaqdan qorxur. Ehtiyat edir ki, Qarabağ danışıqlarında Azərbaycan tərəfinə güzəştə getmək Ermənistanda ona qarşı sui-qəsdlərin təşkil olunmasına şərait yaradar və sonda onun devrilməsinə gətirib çıxarar. Məhz buna görədir ki, Paşinyan həm özünü, həm də sülh danışıqlarının taleyini qeyri-müəyyən vəziyyətə salıb və bu qeyri-müəyyənlik hələ bir müddət davam edəcək. Ancaq Paşinyan dərk etməlidir ki, Azərbaycanın da səbri sərhədsiz, limitsiz deyil. Əgər erməni baş nazir konkret siyasi iradə ortaya qoyub, ölkəsindəki daxili siyasi müqaviməti qırmasa və real sülh danışıqlarına başlamaq istəməsə, o zaman son sözü diplomatlar yox, generallar və Azərbaycan ordusu deyəcək”.