“Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevi şəxsən tanıyıram”. Bunu Sherg.az-a açıqlamasında İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
Birlik rəhbəri bəyan edib ki, onun bir sıra beynəlxalq təşkilatlarda çıxışlarına şəxsən şahidlik edib:
“Sonuncu dəfə ATƏT-in Varşavada keçirilən forumundakı çıxışı həqiqətən də çox möhtəşəm idi. T.Gəncəliyev bu çıxışı ilə Dağlıq Qrabağ münaqişəsi ilə bağlı həqiqətləri, ölkəmizin prinsipial mövqeyini lakonik tərzdə bütün Avropa ictimaiyyətinin diqqətinə çatdırdı. Bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, Tural Gəncəliyev müxtəlif dillərdə sərbəst danışır. Bununla da mühüm tribunlarda Ermənistanın beynəlxalq hüquq normalarını və insanlıq prinsiplərini kobudcasına pozduğunu Avropanın diqqətinə çatdırır. Hesab edirəm ki, İcma rəhbərinin akademik çıxışları Qərb dünyasından çox ciddi qəbul olunur. Dağlıq Qrabağın Azərbaycanlı İcması münaqişənin həlli prosesinə çox mühüm bir faktordur, önəmli subyektdir”.
Gənc fəalın sözlərinə görə, son zamanlar icmanın aktiv olmasına böyük ehtiyac yaranmışdı. Tural Gəncəliyevin təyinatından sonra icmanın fəaliyyəti xeyli dərəcədə artdı:
“Gənc icma rəhbəri bu vəzifənin öhdəsindən layiqincə gəlir. Sosial şəbəkələrdə Qarabağın milli mədəniyyətini, tarixini təbliğ edən məqalələr, video-materillar paylaşılır və müxtəlif dillərdə yayılır. Bütün bunlar erməni yalanlarının ifşa edilməsində mühüm rol oynayır. Davamlı olaraq dünyanın müxtəlif ölkələrində görüşlərin təşkil olunması və mesajların verilməsi şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir”.
F.Şahbazlı vurğulayıb ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasına belə bir şəraitdə cəmiyyətin hər təbəqəsi dəstək verməlidir:
“Əlbəttə, dövlət tərəfindən verilən dəstək çox yüksəkdir. Paralel olaraq ölkə vətəndaşları, ictimaiyyət nümayəndələri də hər platformada, beynəlxalq tədbirlərdə İcma nümayəndələrinin iştirakını təmin etməlidir. Onların Qarabağın İcması adından mühüm mesajlar verməsinə və sözlərini deməsinə imkan yaradılmalıdır. Hesab edirəm, bu cür fəaliyyət həm münaqişənin həllində, Azərbaycan həqiqətlərinin təbliğində, həm də ermənilərin yalan siyasətinin ifşasında mühüm işlər görür. Sözsüz, bu işləri daha da artırmaq, xarici media və təşkilatlarla əlaqəni sıxlaşdırmaq lazımdır”.