“Buna Azərbaycan dövləti, ordusu və xalqının gücü, potensialı yetir”
"Ölkə Prezidenti cənab İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər və tapacaq".
Bu sözləri "Sherg.az"a Azərbaycan Prezidenti İlham Əliyevin Tərtərdə, cəbhə bölgəsində- Olimpiya İdman Kompleksinin açılışında Qarabağ münaqişəsi ilə bağlı çıxışını şərh edən millət vəkili Kamilə Əliyeva deyib.
Dövlət başçısının bu çıxışının Qarabağın azad ediləcəyi günün uzaqda olmamasının anonsu kimi dəyərləndirən millət vəkilinin sözlərinə görə, dövlət başçısının fikirləri uzun illərdir, Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın apardığı, yürütdüyü siyasətin, xüsusilə, Valdayda, Aşqabadda, Qoşulmama Hərəkatının tarixi Bakı Zirvəsində, o cümlədən, Türk Şurasının Bakı Sammitində, Münhen Təhlükəsizlik Konfransında və digər mühüm toplantılarda səsləndirilən, ifadə edilən sərt və birmənalı mövqenin məntiqi davamıdır:
" Məkrli ermənilərin, işğalçı və təcavüzkar Ermənistan bütün fitnəkarlıqlarına, təxribatlarına, onları himayə edən qüvvələrin açıq-gizli şantajlarına baxmayaraq, Azərbaycan dövləti və xalqı Qarabağ məsələsində yekdil və birmənalı mövqeyə malikdir.
Bəli, bu gün də torpaqlarımızın 20 faizi işğal altındadır, düşmən tapdağında inildəyir, amma bunlar müvəqqətidir. Azərbaycan xalqı və dövləti heç zaman işğal faktı ilə barışmayıb, bu gün də barışmır, bundan sonra da barışmayacaq. Aprel hadisələri, Günnüt əməliyyatı, ötən il Qazax istiqamətində yaşananlar bir daha bunu təsdiq etdi və düşmənlərimiz də daxil olmaqla, hər kəs, bütün dünya gördü ki, Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bu məsələdə hansı mövqeyə malikdir".
Sadəcə, Azərbaycan xalqı, Azərbaycan dövləti, dövlət başçısının münaqişənin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayan deputat söyləyib ki, biz yenidən qan axmasını, qan axıdılmasını istəmirik:
"Dövlətimiz münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində gərəkən nələr varsa, onu da edir, bütün lazımi addımları atır.
Hətta, bir müddət öncə qondarma, separatçı “DQR” rejiminin “seçki şousu” və Şuşa şəhərində təxribat xarakterli “andiçmə mərasimi” keçirməsinə, Ermənistan baş naziri Nikol Paşinyanın sərsəm bəyanatlar verməsinə baxmayaraq, ölkəmiz yenə də münaqişənin sülh variantı ilə həllində maraqlı olduğunu bəyan etdi. Bütün dünyaya bir daha sülhpərvər mövqeyni nümayiş etdirdi.
Ancaq bununla belə, dövlət başçımız, Ali Baş Komandanımız hər zaman belə bir mövqeni də səsləndirib ki, əgər münaqişə sülh yolu ilə həllini tapmasa, Ermənistan təcavüzkarlıq siyasətindən əl çəkməsə, başqa variantlardan istifadə hüququnu özündə saxlayır, öz toprpaqlarını istənilən yolla və son qarışınacan azad edəcək. Buna Azərbaycanın, Azərbaycan Ordusunun hər cür gücü, potensialı var.
“Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik. Mənim fikrim budur və bilirəm ki, Azərbaycan xalqı mənim mövqeyimi dəstəkləyir.
Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”-deyərək, dövlət başçımız bir daha özünün və Azərbaycanın mövqeyini ortaya qoydu.
Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanın olub və Azərbaycanın da olacaq. Kimsənin onu Azərbaycandan qoparması mümkün olmayacaq, bunu ancaq yuxularında görə bilərlər".