“Erməni də, onun arxasındakı güclər də bunu görür”
“Ona görə də bir çaxnaşma yaşamaqdadırlar"
Ermənistan KİV-lərində bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin qondarma “strukturlarının” Xankəndindən Şuşaya köçürüləcəyi haqqında məlumat yayılıb.
Dəfələrlə bu cür təxribatların şahidi olduğumuzu vurğulayan Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Ermənistan rəhbərliyinin bir neçə ay əvvəl Şuşada qondarma “inaqurasiya” şousu təşkil etdiyini xatırladıb. İcma tərəfindən verilən bəyənatda mütəmadi xarakter almış belə addımların münaqişənin tənzimlənməsinə mane olmaqdan başqa heç nəyə xidmət etmədiyini də xüsusi qeyd olunub. Və hesab edilir ki, bu hal beynəlxalq ictimaiyyət tərəfindən kəskin surətdə qınanmalıdır:
"Şuşa Azərbaycan üçün böyuk tarixi və mənəvi əhəmiyyətə malik bir şəhərdir və onun əsasının qoyulmasının 270 illiyi ərəfəsində işğalçı Ermənistanın növbəti təxribat cəhdini pisləyirik.
Ermənistanın bu kimi təxribatçı və azğın əməlləri heç vaxt bizim öz ata-baba yurdlarımıza qayıtmaq əzmimizi qıra bilməyəcək. Dağlıq Qarabağın etnik təmizləməyə məruz qalmış azərbaycanlı icması torpaqlarımıza qayıdaraq Azərbaycan Respublikasının suverenliyinin təcəssümü olan qurumları təşkil edəcəkdir".
Qeyd edək ki, bu məsələ Azərbaycan ictimaiyyətində geniş narazılığa səbəb olub.
Millət vəkili Əziz Ələkbərlinin "Şərq"ə açıqlamasına görə, düşmən hər dəfə çalışır ki, ən müxtəlif yollarla müvazinətimizi pozsun, əsəblərimizi korlasın, bizi özümüzdən çıxarsın və yanlış addımlara təhrik eləsin:
“Özü də bunu heç əziyyət çəkmədən edirlər. Yəni kiçik bir informasiya buraxmaqla gündəmimizi zəbt etməyə müvəffəq olurlar. Ermənilərin Livandan Qarabağa köçürülməsi məsələsi ilə bağlı məsələni şərh edən zaman da dedim:
“Əgər o torpaqlar düşmənin işğalı altındadırsa, bizim nəzarətimizdə deyilsə, beynəlxalq güclər bütün bu separatçı hərəkətlərinə görə Ermənistana heç bir təzyiq göstərmirsə, təbii ki, ermənilər o torpaqlarda ağılları kəsəni edəcək”. O bir başqa məsələ ki, müvafiq dövlət qurumları bu məsələ ilə bağlı lazımi əks addımları həmişə atıb, bu gün də atır və sabah da atacaq.
Amma bütün bunlar ermənini durduracaq gücdədirmi? Erməniləri durduracaq bir güc var: Azərbaycan Prezidentinin, Azərbaycan ordusunun və Azərbaycan xalqının işğal altındakı torpaqlarımızı son qarışına qədər azad etmək üçün birgə iradəsi. Artıq bu iradə var, ortadadır. Erməni də, onun arxasındakı güclər də, dünya da bunu görür, ona görə də bir çaxnaşma yaşamaqdadırlar".
Millət vəkilinin sözlərinə görə, belə bir tarixi məqamda Qarabağdakı qondarma erməni rejiminin paytaxtı Xankəndindən Şuşaya köçürmək məsələsini hallandırması siyasi təlxəklikdən başqa bir şey deyil: " Belə getsə, onlar həmin paytaxtı daha uzaqlarda, onları Azərbaycanla toqquşmaya sürükləyən güclərin qucağında axtarmalı olacaqlar".