Goranboy təxribatı nə ilkdir, nə də son

"Ermənilərin bu təxribatlarının sayının artması Azərbaycanı aktiv hərbi əməliyyatlara başlamağa məcbur buraxa bilər"

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub.  Düşmən qüvvələri Tovuz rayonu istiqamətində yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutub. Bir neçə gün öncə isə cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Ordumuzun sayıqlığı və professionallığı nəticəsində erməni diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan əsir götürülüb. 

Ötən həftə  “Gəncəni vuracaqları” ilə bağlı sərsəm iddialar səsləndirən düşmənin bu addımı işğalçı ölkənin vəziyyəti yenidən gərginləşdirməyə çalışdığından xəbər verir. Yerli politoloqların da qeyd etdiyi kimi, işğalçı Ermənistanın diversiya qruplarının Azərbaycanla dövlət sərhədində fəallaşması münaqişə ocağını alovlandırmaq və danışıqlar prosesini pozmaq cəhdindən başqa bir şey deyil.


Görünür, Tovuz döyüşlərində KTMT və Rusiyadan kömək istəyən, Minskdə “sülh danışıqlarının bərpasına hazırıq” deyən Ermənistan hakimiyyəti aldığı zərbələrdən dərs almayıb. 

Qeyd edək ki, düşmən ölkənin Müdafiə Nazirliyi Qurgen Alaverdyanın əsir götürülməsi faktını, guya, “dayaq məntəqəsini yoxlayarkən əlverişsiz hava şəraiti ucbatından yolu azaraq itkin düşüb” kimi qələmə verməyə çalışıb. Yayılan məlumatlara görə, avqustun 23-də baş verən diversiya təxribatı nəticəsində də erməni ordusunda yaralananlar və ölənlər var. Lakin Tovuz təxribatında olduğu kimi, bu dəfə də erməni ictimaiyyətindən qorxan Paşinyan-Tonoyan ikilisi ordunun itkilərini gizlətməyə davam edir. Təbii ki, cəbhədəki uğursuz cəhdlər ölkənin siyasi həyatına, cəmiyyətin hakimiyyətə münasibətinə təsirsiz qalmır. Hər bir uğursuzluq Paşinyan hakimiyyətinin sonunu daha da yaxınlaşdırır. Siyasi diletant Paşinyan sələfi Sarkisyanın hakimiyyətinin laxlamasında, daha sonra aşmasında Aprel döyüşlərində alınan məğlubiyyətin nəticəsi olduğunu nə qədər tez anlasa, onun üçün o qədər yaxşı olar.

Paşinyan erməni cəmiyyətini Azərbaycan mövzusunda birləşdirmək, bununla da xalqının gündəlik problemlərini unutdurmağa uğursuz cəhdlər edir

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər namizədi,  Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun "Sherg.az"a açıqlamasına görə, Ermənistan hökuməti uzun müddətdir ki, silahlı qüvvələrində baş verən neqativ halları gizlətməklə, eyni zamanda, hərbçilərinin hər təxribatdan sonra Azərbaycan ordusu tərəfindən darmadağın edilməsini ört-basdır etməklə məşğuldur:

"Paşinyanın hakimiyyətə gəlməsi də Azərbaycan ordusu ilə baş verən toqquşmalarda, eyni zamanda qeyri-döyüş vaxtları orduda baş verən ölüm hallarını, cinayət əməllərini aradan qaldırmadı. İşğalçı ölkənin silahlı qüvvələrində özbaşınalıq və hərc-mərclik  baş alıb gedir. Erməni ictimaiyyəti və ekspertləri orduda neqativ halların ildən-ilə artmasının səbəbini hakimiyyətdə olduğu kimi, orduda da klanlaşma siyasətinin mövcudluğunda, korrupsiyanın adi hala çevrilməsində, illik hərbi büdcədə nəzərdə tutulandan artıq maliyyə vəsaitinin əlavə silah-sursat və döyüş texnikalarının alınmasına sərf edilməsində, eləcə də, zabit-gizirlərin maddi və sosial durumlarının çox aşağı səviyyədə olmasında görürlər. Beləliklə, Ermənistan silahlı qüvvələrinin Tovuz təxribatında olduğu kimi,  “Goranboy əməliyyatı”nı da, peşəkarlıqla dəf edən Azərbaycan ordusu növbəti dəfə ermənilərə yerlərini göstərmiş oldu. Görünür, Azərbaycan və Ermənistan dövlət sərhədlərində təxribatları genişləndirən Paşinyan hakimiyyəti ölkə daxilindəki sosial-iqtisadi problemlərdən cəmiyyəti yayındırmaq üçün xarici düşmən mövzusunu aktuallaşdırmağa və öz səriştəsiz daxili və xarici siyasətini arxa plana keçirməyə çalışmaqdadır. Digər erməni liderləri kimi o da erməni cəmiyyətini Azərbaycan mövzusunda birləşdirmək, bununla da xalqının gündəlik problemlərini unutdurmağa uğursuz cəhdlər edir".

Politoloqun sözlərinə görə, Ermənistan bu kimi təxribatçı əməlləri ilə xarici siyasətdə münaqişəyə digər dövlətləri cəlb etməklə məğlub ordusunun qoruya bilmədiyi ərazisində və işğal altında olan torpaqlarımızda “dayaq” yaratmağa çalışır: "Belə nəticəyə gəlmək olar ki, Ermənistan tarixində Nikol Paşinyan da sələfi Sarkisyanın aqibəti ilə üz-üzə qalacaq. Hazırda düşmən ölkədə gedən siyasi proseslər onu göstərir ki, erməni Baş nazirin siyasi arenadan getməsi onun səlahiyyət müddətindən daha tez baş tutacaq. Hər halda, erməni cəmiyyəti bilməlidir ki, bu ölkə Azərbaycanla normal qonşuluq münasibətləri qurmadan inkişafa nail ola bilməyəcək və hakimiyyətin apardığı təxribat dolu siyasi oyunlar ona çox baha başa gələcək".
Kəşfiyyat qrupları oldu-olmadı,  biz yekun həllə hazırlaşmalıyıq

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Goranboy təxribatı ilk olmadığı kimi, son da olmayacaq:

"Biz müxtəlif istiqamətlərdə belə təxribatlara hazır olmalıyıq. Bu müxtəlif istiqamətə əsasən Dağlıq Qarabağ və ətraf rayonlar daxildir. Ermənilər bilirlər ki, bizim əsas məqsədimiz Dağlıq Qarabağ və ətraf 5 rayonu azad etməkdir. Ona görə də Dağlıq Qarabağ istiqamətində də təxribatların və ya kəşfiyyat qruplarının fəallaşması mümkündür”.

E.Şahinoğlunun sözlərinə görə, ermənilərin bu təxribatlarının sayının artması Azərbaycanı aktiv hərbi əməliyyatlara başlamağa məcbur buraxa bilər:

“Təxribat hallarının sayı çoxalsa, biz müəyyən qərar vermək mərhələsinə gəlib çıxa bilərik. Bundan əvvəl də təxribat törətdilər və o, müharibəyə çevrilmək üzrəydi. Lakin ermənilər Moskvaya yalvarıb atəşkəs elan olunmasına nail oldular. Düşünürəm ki, bu məsələni sona çatdırmağın zamanıdır. Ona görə də məhz Lavrov işə qarışdı, Şoyqu Bakıya gəlir. Amma belə şeylərə fikir vermək zamanı deyil. Bizə böyük Türkiyə dəstək verir. Türkiyə deyir ki, Azərbaycan qərar versin, biz yanındayıq. Yəni Rusiya bizə mane ola bilməyəcək. Kəşfiyyat qrupları oldu-olmadı, dövlət başçısının dediyi kimi, biz yekun həllə hazırlaşmalıyıq. Amma bu yekun həll yarımçıq olmamalıdır. Biz bu dəfə bütün məsələləri həll etməliyik”.

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Ermənistanın yenidən dövlət sərhədinin Tovuz istiqamətində və işğal olunmuş ərazilərimizdə təxribatlara əl atması əsasən Rusiyanın planı olmaqla yanaşı rəsmi İrəvanın növbəti danışıqlar prosesindən yayınmaq planı ilə əlaqəlidir:

"Ermənistanın siyasi rəhbərliyi  Minskdə sülhdən danışsa da, sülh sözü işğal olunmuş ərazilərin qaytarılmaması deməkdir. Hesab edirəm ki, Azərbaycan tərəfi Türkiyə ilə birgə koordinasiyalı çalışmalı və mümkün qədər prosesləri öz lehinə dəyişməlidir. Tovuz təxribatı zamanı  Ermənistanın arxasında Kreml dayanırdı. Bunu açıq etiraf etməsələr də gün kimi aydındır. Ermənistan Rusiyanın forpostudur və onun iradəsindən kənar heç bir hərbi addım ata bilməz. Rusiyanın Ermənistana göndərdiyi tonlarla silah-sursat və hazırda bu prosesin davam etməsi Ermənistanı cəbhə xəttində təxribatlar törətməyə  sövq edir. Ona görə deyirəm ki, Türkiyə ilə birgə hərəkət etməklə Azərbaycan danışıqlarda vəziyyəti öz lehinə dəyişə biləcək".

Ermənistan çirkin əməllərindən əl çəkmək  əvəzinə məqsədli şəkildə cəbhə bölgəsində gərginlik yaratmaq istəyir

"Baş verənlər göstərir ki, Ermənistan rəhbərliyi özünün çirkin niyyətlərindən və əməllərindən əl çəkmir". Bu sözləri isə Ermənistanın növbəti təxribatını şərh edən deputat Ceyhun Məmmədov deyib. 

Ermənistanın Tovuz istiqamətində gedən döyüşlərdəki məğlubiyyətindən nəticə çıxarmadığını vurğulayan deputatın sözlərinə görə,  diversiya-kəşfiyyat qrupunun Azərbaycan ərazilərinə, özü də Qarabağda yox, sərhəddə belə bir təxribat törətməsi anlaşılan deyil: "Görünür, Ermənistan çirkin əməllərindən əl çəkmək  əvəzinə məqsədli şəkildə cəbhə bölgəsində gərginlik yaratmaq istəyir. Düşmənin bütün təxribatlarının qarşısı Azərbaycan ordusu tərəfindən hər dəfə qətiyyətlə alınıb. Erməni diversiya qrupunun komandirinin əsir götürülməsi Azərbaycan ordusunun yüksək səviyyədə hazırlıqlı olduğunu və sərhəd bölgələrimizi peşəkarcasına qoruduqlarını bir daha sübuta yetirir. Azərbaycan ordusu heç bir zaman torpaqlarının itkisi və işğalı ilə barışmayacaq. Hər zaman torpaqlarımızın azad olunması üçün çalışacağıq.

Burada xarici qüvvələrin və beynəlxalq təşkilatların da üzərinə böyük yük düşür. İkili münasibətlərə son qoyulmalıdır. Ermənistan ciddi şəkildə cəzalandırılmalıdır. Çünki bu dövlət heç bir zaman beynəlxalq hüquqa əməl etmir. Davamlı olaraq Azərbaycan sərhədində atəşkəsi pozur, mülki insanlarımızı qətlə yetirir, evlərini dağıdırlar. Biz bunu Tovuz istiqamətində gedən döyüşlərdə və Aprel döyüşlərində bir daha gördük”.

Deputatın sözlərinə görə,  erməni kəşfiyyat qrupunun Azərbaycana yenidən daxil olmaq cəhdi regionda hansısa ciddi oyunların getdiyindən xəbər verir:

"Hansısa qüvvələr Azərbaycanda yenidən gərginlik yaradıb, torpaqların işğalına nail olmaq istəyir. Təbii ki, bu cəhdlər əbəsdir.  Azərbaycan buna icazə verməyəcək.
Ölkəmizdəki  xalq-iqtidar birliyi var. Bu birlik dövlətimizin ərazi bütövlüyünü və müstəqilliyini qorumağa imkan verir ”.