Zəfərdən sonra Həyat başladı: Ağdam öz daşları ilə tikiləcək


Şəhər 100 min əhali üçün nəzərdə tutulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 May – Respublika günü Ağdama səfər etdi. Səfər zamanı cənab Prezident bildirdi ki, belə bir gündə Ağdama səfər etməyin rəmzi mənası var: “Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək”. Mərasim keçirildi, ictimaiyyət nümayəndələri təqdim edilən layihələri bəyəndiklərini söylədilər. Cənab Prezident Ağdamın yenidən qurulması, bərpası layihələri ilə tanış oldu. Həmin gün Bərdə-Ağdam avtomobil yolunun, Ağdamda inşa ediləcək ilk yaşayış binasının, 1 saylı məktəbin təməlqoyma mərasimi keçirildi. Bundan əlavə Təhsil Nazirliyinin təklifi ilə 15 məktəb layihəsi hazırlanıb. Qarabağ Universitetinin yaradılması nəzərdə tutulur.

Universitetdən əlavə, xüsusi orta təhsil müəssisələri və liseylər yaradılacaq. Ağdam bütün Qarabağın təhsil mərkəzi olacaq. Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində də olub və məscidin bərpası ilə bağlı göstəriş verib. Prezident məşhur Şahbulaq qalasında, İmarətdə olub. Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacağı barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məlumat verilib. Yenidənqurma layihələrinə Ağdam Sənaye Parkının yaradılması da daxildir. Prezidentə təqdim olunan layihələrdə şəhər infrastrukturu ilə bağlı bütün vacib məqamların nəzərə alındığı, yolların çəkilməsi, parkların, meşə zolaqlarının salınması, insanların rahatlığı üçün lazım olan şəraitin yaradılacağı görünürdü. 

Prezidentin Ağdama səfəri və işğaldan azad edilmiş “Ruhlar şəhəri”nin dirçəlişinə hesablanan layihələr barədə “Şərq”lə fikirlərini bölüşən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu qeyd etdi ki, Prezident İlham Əliyevin Ağdam şəhərinin bərpasının təməl daşını qoyması mərasimi hər birimizdə qürur yaradan tarixi hadisədir: 

- Bərpa gününun təməlqoyma mərasiminin 28 May Respublika günündə baş tutması da təsadüfi deyildi. Çünki bu tarixi Azərbaycan Prezidenti bir daha milli bayram, Müstəqillik Günü kimi xarakterizə edərək əldə etdiyimiz tarixi qələbəmizi müstəqil olmağımızla əlaqələndirdi. Bu fikirlər isə siyasi-ideoloji müstəvidə dövlətçilik şüurumuzun yeni qatının müstəqil və qalib əsaslarında formalaşması üçün atılan təməl daşı idi. Genetik yaddaşımıza edilən müraciət idi. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli şüurunu ümmətçilikdən dövlətçiliyə, dövlətçilikdən cümhuriyyətçiliyə qədər inkişaf etdirdiyi kimi bu fikirlər də milli şüurumuzu məğlubiyyətdən qalibiyyətə, qalibiyyətdən yeni milli mentalitetə qədər inkişaf etdirəcək. Bu, bir xalqın ictimai-siyasi fikir tarixində tamamilə yeni bir mərhələnin, yeni bir eranın başlanması deməkdir. Bəzən siyasət mümkün olmayanı mümkünetmə sənəti də adlandırılır. Doğrusu, bunu isbat edəcək nümunələr o qədər də çox deyil. Ancaq düşünürəm ki, 44 günlük müharibə və ondan sonra ötən zaman ərzində Azərbaycan Prezidenti öz fəaliyyəti ilə bunun ən yaxşı təcrübi nümunəsini yaratdı. Bu gün Ermənistan dövlətinin iflas etməsi, haqq etdiyi şəkildə küncə sıxışdırılması, öz sərhədlərini qorumaq üçün yeni sahiblər axtarışına çıxması da məhz mümkün olmayanı mümkünetmə sənətinin yaratdığı reallıqdır. Axı cəmisi bir neçə ay bundan öncəyə qədər bu dövlət Azərbaycan torpaqlarını işğal altında saxlayır, millətimizə meydan oxuyur, xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədirdi. İndi isə miskin vəziyyətə düşüb. Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi milli-strateji siyasət və rasional-praqmatik davranışları nəticəsində baş verib. Bundan sonrakı mərhələ cinayətkarın öz cəzasına çatdırılması, Azərbaycanın isə yeni inkişaf tarixinin başlanğıcıdır.

Əslən ağdamlı, Bələdiyyələrin Fəaliyyətinin Təbliği Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında Ağdamın bərpa layihələrindən duyduğu qürur hissindən danışdı: 

- Cənab Prezidentin gəzdiyi, gördüyü, bərpası ilə bağlı xüsusi göstərişlər verdiyi bütün ərazilər hər bir ağdamlı üçün ən əziz, müqəddəs yerlərdir. Ağdam işğaldan azad edildikdən sonra doğma şəhərimə bir neçə dəfə səfər etmişəm. Mənfur ermənilərin şəhəri necə dağıtdığını görmək dəhşətdir. Qarabağ müharibəsində şəhid olmuş doğmalarımızın, həmçinin qohumlarımızın məzarları olan qəbiristanlığı da eşib-dağıdıblar, əclaflar. Amma budəfəki səfərimdə şəhərdəki canlanmanı, hərəkətliliyi gördüm, xoşbəxt oldum. “Uzun dərə” tərəfdə bəlkə 50 “Shagman” maşını işləyirdi, torpaq tökürdülər, yol salınırdı… Ağdamın yenidən qurulmasına aid layihələrə də baxdım. Məni ən çox sevindirən o oldu ki, bu layihələrdə Ağdamın atributları, rəmzləri saxlanılıb. Məsələn, orda cənab Prezidentə məruzə edildi ki, binaların tikintisində, aparılacaq digər abadlıq işlərində, tarixi abidələrin bərpasında Ağdamın öz daşlarından istifadə ediləcək. Bu, çox gözəldi. Bizim üçün müqəddəs olan yerlər – Çörək muzeyi, Çay Evi, Ağdam Dram Teatrının binası, “İmarət” stadionu, Pənahəli Xanın, Xurşidbanu Natəvanın məzarı olan İmarət qəbiristanlığı, türbələr bərpa ediləcək, əvvəlkindən qat-qat yaraşıqlı, gözəl parklar salınacaq. Meşə massivi olacaq. Ağdam şəhəri 100 min əhali üçün nəzərdə tutulur. Bu o deməkdir ki, Ağdam ölkənin 3-cü böyük şəhəri statusunda olacaq. Bütün layihələri yüksək dəyərləndirirəm. Bütün layihələr müəyyənləşmiş strategiyaya uyğun həyata keçirilir. Bir neçə kəndin bir inzibati mərkəzdə birləşdirilməsi də, hesab edirəm ki, doğru qərardır. Bu kəndlərin bəzisinin əhalisi çox olmayıb. Belə kəndlərin bir inzibati mərkəzdə cəmlənməsi, məncə, iqtisadi inkişaf baxımından daha münasibdir. İndi bizim hər birimizin üzərinə düşən əsas vəzifə görüləcək işlərə öz töhfəmizi verməkdir. Kim hansı işi bacarırsa, əlini “daşın altına” qoysun.